Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:41

"Adamı kitab yox, Allah inkişaf etdirir..."


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
-

Həmin qadın dərhal üzünü qızlarımıza çevirərək deyir:

SİZİ GÖRÜM EVDƏ QALASIZ
...


Şahbaz Xuduoğlu


ENDIRIMLI KITAB YARMARKASIndan


Hər şənbə Nizami 91 ünvanında, “Əli və Nino” kitab dükanı qarşısında ENDIRIMLI KITAB YARMARKASI keçiririk. Yadımda qalan bəzi epizodları sizlə paylaşıram.

***

Bir xanım yaxınlaşdı. Yaşı otuzu adlayardı. Hündürboy, iri sümüklü olsa da, hərəkətlərindəki incəlik uzaqdan görünürdü. Bütün kitablara elə diqqətlə baxırdı, sanki qapağını deyil, içindəki mətni cümlə- cümlə oxuyur. Kitabları belə dərindən tanıyan adamların qarşısında adətən uşaqlar susur, özüm danışmalı oluram.

Mən: Ən son kitabımız Folknerindi, baxın yığcamdı, amma Folkneri nə qədər yığsan da, onu kiçiltmək mümkün deyil. Sevmədiyi yazıçı Heminquey olub, ehtiyat etdiyi yazıçı isə Tomas Vulf. Bilirsiz, Tomas Vulf cavan ölüb, doğulduğu qəsəbədə hər kəs ona nifrət edirdi. Çünki əsərlərinin qəhrəmanları onlar idi. Amma Tomasın ölüsünü qəsəbəyə gətirəndə hamı onun nəhəng gövdəsindən, yaraşıqlı və xarizmatik sifətindən utandı. Az qala bütün qadınlar onun nəşinə vuruldular, bütün kişilər hərəkətsiz bədəninə belə həsəd apardılar...

Buna baxın, SİÇANLAR və ADAMLAR. Qapağındakı bu möhkəm, qüvvətli əli görürsüz, o, balaca siçanları, dovşanları, dünyada yumşaq nə varsa onu sığallamağa can atırdı. Yəqin sizində qəlbinizdə çoxlu arzularınız var, amma bu kitabdakı arzular sanki işıq saçır.

Xanım əvvəlki qaydada kitablara baxmaqda davam edir. Amma məni dinlədiyinə əmin deyiləm. Beynimdə dolaşıqlıq yaranır. Hansı kitabı danışım, PEREYRA İDDİA EDİR, yox bunluq deyil. TATAR ÇÖLÜ. Bu da yox. Bəlkə Mişimanın yeni kitabını deyim, yox o da gənc ikən intihar edib.

- Evinizdə bir Sartrın böyüməsini istərdiniz yəqin. Hək kəs bunu arzu edər. Əgər Sartrın hansı kitablarla böyüməsini bilmək istərsizsə, o zaman SÖZLƏR kitabını oxuyun. Əgər bir uşaq orda adları çəkilən kitabları oxuyarsa, Sartr olmasına şübhəniz qalmasın. Hə, unutdum deyəm, bu, möhtəşəm əsərdi, MƏN NECƏ İDİOT OLDUM. Əslində axmaq daha yaxşı sözdü.

Bu an xanıma bir də gözucu baxdım. Dərhal səhv etdiyimi anladım. O, bu əsəri oxumağa gecikmişdi.

- Amma yox, o əsər sizi darıxdırar. Bəlkə də bunu oxumusuz – QİRAƏTÇİ. Burda hər şey var, sevgi, sədaqət, hörmət, insanlıq, lap ağlamaq da...

Bu an, nəhayət xanım başını qaldırdı. Eynəkli olsam da, onun dəlici baxışlarından gözümü yayındırdım.

Xanım iki saat yarmarkadan uzaqlaşmağıma səbəb olan sual verdi:

- Bağışlayın, sizdə QAN LƏKƏSİ kitabı var?

***

Alıcı xanım: Bu vaxta qədər mənə çoxlu kitab hədiyyə ediblər. Amma hələ heç birini oxumamışam.
Mən: Yəqin sevmədiyiniz kitablar olub.
Alıcı xanım: Yox, mən istədiyim kitabları alıblar.
Mən: Onda sevmədiyiniz adam o kitabları sizə hədiyyə edib.

***

Alıcı xanım: BU kitabları niyə satırsız?
Mən: Ona görə ki siz alasız.
Alıcı xanım: Bunları təbliğ edənə kimi öz işinizlə məşğul olsanız yaxşıdır.

***


Alıcı oğlan: Axı bu kitabları oxumaq nəyə lazımdı?
Mən: Məntiqin möhkəm olsun, özünü təsdiq edəsən, özünü inkişaf etdirəsən.
Alıcı oğlan: Adamı kitab yox, Allah inkişaf etdirir.

***

Qarşımızdan keçən bir qadın satıcı oğlanlarımıza üzünü tutub deyir:
GOMBULLAR, GOMBULLAR.

Həmin qadın dərhal üzünü qızlarımıza çevirərək deyir: SİZİ GÖRÜM EVDƏ QALASIZ.
XS
SM
MD
LG