-
Sovet dövrünün tanınmış tənqidçisi Qulu Xəlilov müasiri olan bəzi şairləri tənqid edir. Onun "Tənqidçilik çətin peşədir" kitabından...
"...Prozaik, quru və dolaşıq fikirlər, misralar B.Vahabzadənin dilində daha çoxdur.
Şair bəzən lüzumsuz təkrarlara çox yer verir, sözə qənaət etmir, S.Rəhimovun dili ilə desək, bir sözü o qədər təkrar edir ki, axırda həm sözü, həm də oxucunu çərrədir.
"Hamı hər gün sağa-sola yel kimi əsir" kimi qeyri-poetik misralar bəzən heç bir qorxu bilmədən onun şeirlərində özünə yer tutur. Məsələn, görün məlum bir fikri şair "Buğda sünbül deyil" şeirində nə qədər bəsit və prozaik təsvir edir:
İndi zaman dəyişmiş,
Duyğular başqalaşmış,
Arzular başqalaşmış.
O zamandan bu yana
Çox sıldırım dağları,
Qayaları aşmışam.
Arzular başqalaşmış,
Mən də başqalaşmışam.
O şəkildə gördüyüm
Əli çiçəkli oğlan,
Sadə ürəkli oğlan
Mənəmmi?..
O zamandan...
Dəyişmişəm dəmbədəm
Doğrusu, o həm mənəm,
Həm də ki mən deyiləm.
Yox, yox! O mən deyiləm,
Yox! O hara, mən hara?!
İndicə gülmədimmi?
O vaxtkı arzulara.
Bəli, gülab gül deyil,
Buğda da sünbül deyil -
Deməli, bu uzun mətləbdən sonra məlum olur ki, şair sübut etmək istəyirmiş ki, şəkildəki oğlan o deyil, gülab gül, buğda da sünbül deyil! Nə böyük və dərin fikir imiş? Bu uzun-uzadı nəsihətlə şair nə demək istəyir?
Poeziyada heç kəs mənalı poetik təfərrüatın əleyhinə deyildir. Həyat həqiqətini başa düşməkdə oxucuya kömək edən mənalı təfərrüat bütün sənət əsərlərində zəruridir. Lakin misal gətirdiyimiz parça ritorikadır, məsələnin mahiyyətini açmaq üçün mətləbi mənasız yerə mexaniki surətdə çəkib uzatmaqdır.
Yaxud:
Birisi qoxumuş it ölüsünün,
İyli cəmdəyini, leşini gördü.
Başqası o itin elə həmin gün
Sədəfə bənzəyən dişini gördü.
Şeirə, sənətə yad olan bu misralar gözəl estetik zövqə malik olan bir şairə yaraşırmı?"
***
"İslam Səfərli keçən illərə nisbətən indi öz şeirlərinin dilinə daha çox fikir verir. Onun şeirlərindəki şit, kələ-kötür, süni misralar, ifadələr getdikcə azalır. Bu yaxşıdır. Lakin diqqətsizlik üzündən onun da şeirlərində anlaşılmaz, dolaşıq, qeyri-bədii misralara yol verilir. Ümumiyyətlə, səmimi təsir bağışlayan "Qarabağ lövhələri" şeirində belə misralar var:
Təbiət laləyə süzüb göndərir,
Mənə həyat camı, məhəbbət camı.
Əvvəla başa düşmək olmur ki, təbiət nə süzüb göndərir; ikinci də belə çıxır ki, həyat camını, məhəbbət camını təbiət laləyə süzüb şairə verir. Camı laləyə süzmək nə deməkdir? Fikir dəqiq ifadə olunmamışdır. İslam Səfərli bəzən də sadəcə olaraq formalizmə qapılır, məna dolğunluğuna az fikir verir. "Mənə qalan bu olacaq" şeirində oxuyuruq:
Bir bələdçim ol, ay yollar,
Daşlı yollar, qolay yollar,
Dolay yollar, dolay yollar,
Xoş xəbərli "Sağsağan dağ",
Mənə qalan bu olacaq.
Burada "qolay" sözü yerində işlənmişdir. "Qolay yollar" ifadəsi xəlqidir. Lakin "dolay yollar" deməzlər: əvvəla "dolama yollar" deyərlər. Bu da olmayanda heç olmasa "dolayı yollar" işlətmək olardı.
Eyni sözləri həmin şeirdəki bu misralar haqqında da demək olar:
Otlar üstə izim qaldı.
Gah dirsəyim, dizim qaldı".
***
X.Rza da bəzən sözü sağa-sola bol-bol xərcləyir, ifadə gözəlliyinə, dildə yığcamlığa, fikrin lakonik ifadəsinə az fikir verir.
Kəsildi bağlarda bülbülün səsi,
Yad atlar tapdadı bağı-bostanı,
Yazıldı Gülüstan müqaviləsi
Pozuldu yurdumun min gülüstanı -
misralarında şair "yazıldı-pozuldu" sözlərinin yaratdığı təzaddan, həm də "gülüstan" sözünün mənasından bacarıqla istifadə etmişdir. Lakin belə ifadə gözəlliyi onun bir sıra şeirlərində azdır. Məsələn, həddən artıq uzun olan "Yeni pəncərə" şeirində oxuyuruq:
Bina hazır oldu, otaqlar hazır,
O gəldi göz salsın pəncərələrə.
Kəsdi şüşələri iti almazı,
Sonuncu şüşələr bulaşdı tərə.
Həyat həqiqəti olmayan yerdə poeziya yoxdur - fikri bu bəndə də aiddir. Bina hazırdırsa, "otaqlar hazır" ifadəsinə ehtiyac varmı? Söhbət şüşə salmaqdan gedirsə, "göz salsın" ifadəsi nəyə lazımdır? Bu adamın zəhmətinin poeziyasını göstərmədən şeirin ilk bəndinə "Sonuncu şüşələr bulaşdı tərə" yazmaq sünilikdən başqa bir şey deyildir. Xəlil bəzən dəbdəbəli ifadələr (məsələn, əzəmət, bəşər, cahan, zəka, düha və s.) işlədib şeirinə ritorik bir don geyindirir ki, bu da onu düşündürməlidir."
"Lirikamızda müasirlik" (1960-cı il şeirimiz əsasında) məqaləsindən
Qulu Xəlilovun "Tənqidçilik çətin peşədir" kitabından. Bakı, 1986