-
Yalnız farsca yazdığı üçün türk deməmək mümkündürmü?
Əsla!!!
Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tarixndə müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Ğurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar nə qədər türkdürlərsə, Nizami də onlar qədər türkdür!
Məhəmməd Əmin Rəsulzadə
("Böyük Azərbaycan şairi Nizami" kitabından)
NIZAMIDƏ TÜRKLÜK
Qoca bir qadının Sultan Səncərə xitabından:
Türklərin çün yüksəldi dövlətləri,
Ədalətlə bəzəndi bütün elləri.
Madam ki, sən zülmə qulluq edirsən,
Türk deyil, qarətgar bir hindusan!
N i z a m i
Klassik İran ədəbiyyatında “türk” sözünün gözəl mənasında işləndiyi həqiqətdir. Hafiz Şirazinin bir qəzəlində “tork-e Şirazi”dən bəhs etməsi məşhurdur:
Əgər an tork-e Şirazi be dəst arəd del-e ma-ra,
Be xal-e henduyəş bəxşəm Səmərqənd-o Boxara-ra.
Buradakı “Şiraz türkü”ndən məqsəd Şiraz vilayətində bədənlərinin tənasübü və üzlərinin gözəlliyi ilə məşhur olan Qaşqay türklərindən – sözün həqiqi mənasında bir türkmüdür, yoxsa “türk” sözü burada məcazi olaraq “gözəl” mənasındamı işlənmişdir? Bu barədə müxtəlif mövqelərdə dayanalar vardır.
Hafizin, mənası “insanlar mey qədrini bilsəydilər, gecələr yatmaz, üzüm əkərdilər; tənəkləri ud ağacından edər, arxlardan gülab axıdardılar və hər salxımın altında bir türk qızı oturub milçəkləri qovardılar” olan bir qitəsindəki “türk qızı” deyə tərcümə etdiyimiz “kənizək-e türk” – türk cariyəsi ifadəsinin də həqiqi, yoxsa məcazi mənada işlədilməsi barədə mübahisə etmək olar.
Gözəllik məfhumu olaraq işlədilən “türk” sözünün həqiqi və ya məcazi mənalarda digər şair və yazıçılarda da nümunələrini tapmaq mümkündür.
Amma yəgin ki, heç bir yerdə və farsca yazılmış heç bir əsərdə “türk” məfhumu Nizamidə olduğu qədər sevgi və məntiqi bir silsilə ilə ifadə edilməmişdir. Şairin təhlil etməkdə olduğumuz “Xəmsə”sində bu müddəanın 80-dən artıq müxtəlif dəlil və əsaslarını tapmışıq.
Bizə ele gəlir ki, “tork” sözü Nizamidən əvvəl, həqiqi mənada, nadir hallarda, “ağlıq” və “gözəllik” məfhumunda işlənmişsə də, məcazi olaraq yalnız onun dövründə “yüksəklik”, “paklıq” və “gözəllik” mənalarını kəsb etmişdir. Bu söz Hafizin məşhur beytindəki məcazi mənada sonrakı çağlarda işlədilməsi üçün bizcə, Nizamiyə borclu olmalıdır.
Həqiqi və məcazi mənada şairin müxtəlif anlam və məqamlarda bol-bol işlətdiyi “türk” isim və sifətlərini ümumiləşdirsək, görərik ki: Nizami “türk” deyir – gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, bilici, ər, rəhbər və başçı nəzərdə tutur; “türklük” deyir – gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, sərkərdəlik, başçılıq demək istəyir; “Türküstan” deyir – vəfa, doğruluq və istənilən yerə qovuşmaq (vüsal) nəzərdə tutur.
Türk gözəldir. “Dilbər” deməli olduğu çox yerdə şair sadəcə olaraq “türk” deyir. “Tork-e delsetan”, “tork-e tənnaz”, “tork-e nazənin əndam” kimi ifadələrə Nizamidə tez-tez rast gəlinir.
Gözəl gözdən bəhs etmək istərkən (Nizami) “türk gözü” (“çeşm-e torki”) deyir, onu ahu (“ğəzal”) gözü ilə müqayisə edir. Hər hansı gülüşün şirinliyini ifadə etmək üçün ona “türk gülüşü” deyir; bu gülüş Nizaminin nəzərində o qədər şirindir ki, “şəkər belə ona həsəd aparır” (“Xəstedel əz xənde-ye torkan şəkər”).
“Həft peykər” poemasında yeddi iqlimin yeddi şahzadəsini Bəhram-Gurun yeddi qəsrində yerləşdirib həftənin yeddi gecəsində onlara ayrı-ayrı bir eşq əfsanəsi danışdıran şair, hekayə danışan gözəlləri də, hekayələrdəki dilbərləri də “türk” deyə vəsf edir; Rum şahzadəsi, ona görə “Rum nəslindən olan türk”dür (“tork-e rumi nəsəb”). Bir kürd qızının gözəlliyini ifadə etmək üçün “gözləri bir türk gözü qədər gözəl idi” deyir. Ərəb gözəllərindən bəhs edərkən yenə türklə müqayisə edir. Məcnunun sevgilisi Leylinin ətrafındakı ərəb qızlarına “Ərəbistanda yaşayan türklər” deyir, sonra da “ərəb əndamlı türklər”ə məftun olur.
Çin gözəlimi, hind gözəlimi – hara gözəli olur-olsun – Nizamidə onun türkə bənzədildiyini görürük.
Şair gözəllərin olduğu saraya “Türküstan” deyir; “Xosrov və Şirin”də Şapur Şirinin “şahın Türküstanı”na necə göndərildiyini izah edir. Burada “Türküstan” sözü “hərəm” mənasında işlənmişdir.
Hətta “Həft peykər” mənzuməsinin fantaziya baxımından ən parlağı olan “qara qəsr” şahzadəsinin hekayəsindəki zərif bədənli “türk kraliçası”nın adı belə “Türknaz”dır.
Məcazlarla zəngin olan Nizami üslubunda, türklük – qüvvət və qəhrəmanlıq simvoludur. Məsələn, Xosrov ilə düşməni Bəhram döyüşürlər – ikisi də iranlıdır. Birinin ordusu rumlulardan, o birininki iranlılardan toplanmış olduğu halda, şair, bu iki qüvvə arasındakı çarpışmanı təsvir edərkən “bu türklər arasında qızışan döyüşdə türk neyinin naləsindən türklərin boğazı tutulurdu” deyir. Burada “türk” – “cəngavər”, “əsgər” və “döyüşçü” müqabilində işlənmişdir.
Xosrovun Şirini axtarmağa getdiyindən bəhs edərkən, şair “türklüyü” əzmkarlıq mənasında işlədir. Məsələn, “atını Şirinə tərəf sürüb türkü türklüklə qarət etmək istədi” deyir. Bir döyüşü təsvir edərkən igidlərdən birinin hərb meydanına atılmasını “ordunun mərkəzindən sıçrayan dəmir geyimli birisi türk kimi (“torkvar”) meydana atıldı” – sözləri ilə verir. Dara ilə İskəndərin orduları qarşılaşır – şair yenə də “türk yürüşündən” və “türklərin coşğunluğundan” bəhs edir.
Türklərin qəhrəmanlıq və cəngavərliklərinin bənzəri yoxdur. Dara İskəndərə xitab edərkən qarşısındakını “türkləri” ilə qorxudur: Məgər türklərimin oxunu yemədinmi ki, mənə basqın edirsən?!” – deyə soruşur. Iskəndər də hind xaqanı ilə deyişməsində “türklərim əl qaldırsalar, atdıqları hər bir oxla bir ordunu yıxarlar” deyə öyünür.
Bir sözlə, “türk” bütün maddi-mənəvi ucalıqların simvoludur. O, günəşin də özüdür: səhərin açılıb, günəşin doğmasını bildirmək istərkən, Nizami “Sultan əzəmətli türkün Çin dəryasından ucalaraq, dağlara nur saçmasını” göstərir.
“Türk” Nizaminin lüğətində bir rəhbər, başçı deməkdir. Ən böyük başçını, ən böyük peyğəmbəri, ən böyük imperatoru müəyyən təşbehlə vermək istəyəndə Nizami “türk” sifətini işlədir. O qədər idealizə etdiyi İskəndərin ağlını, tədbirini, işləri iş bilənlərə tapşırmağa əsaslanan idarə sistemini “İskəndərnamə”nin ikinci hissəsində təsvir edərkən “əgər belə olmasaydı, Rum papaqlı bir türk Hind və Çinə necə sahib ola bilərdi?” mənasını verən aşağıdakı beytləri yazır:
Be tədbir-e kar-agəhan dəm qoşad,
Ze karagəhi kar-e aləm qoşad.
Və gər nə yeki tork-e rumikolah
Be hind-o-be çin key zədi barqah?
Türkcəsi:
Bilənlərə daim qulaq asardı,
Işlərini bilib edərdi.
Yoxsa Rum papağı geymiş bir türk
Hindistana, Çinə necə hesab olardı?!
Həzrəti-peyğəmbəri məd edərkən, şair yenə də “türk” sözündən istifadə edir. Nizaminin aşağıdakı beytləri eyni ilə verilməyə layiqdir:
Zehi peyğəmbəri k-əz bim-o-ommid
Qələm ranəd be Əfridun-o-Cəmşid.
Zehi sərxeyl-e sərxeylan-e əsrar
Soxən-ra ta qiyamət noubətidar.
Zehi gərdun-zəni k-əz bim-e tacəş
Keşəd hər gərdəni touq-e xəracəş.
Zehi torki ke mir-e həft xeyl-əst
Ze mahi be mah u-ra tofeyl-əst.
Türkcəsi:
Elə peyğəmbər ki, Əfridun ilə Cəmşid onun
Hökmü altında qorxu və ümid duyarlar.
Bir ərənlər silsiləsinin başçısı ki,
Qiyamətə qədər söz söyləyən yalnız odur.
Elə bir amir ki, onun əmri ilə
Hamı ağıllanır, dünya nizama düşür.
Yeddi iqlimin sahibi olan bir türk ki,
Yerdə, göydə hər şeyə yol göstərən odur!
“Sultan-e Kəbe” sərlövhəsini daşıyan qəsidəsində də şair Məhəmməd peyğəmbərə “Ərəb bədənli türk” deyir.
Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu idealını türk dövləti tipində tapır. Belə ki, didaktik əsəri olan “Məxzən ül-əsrar”da zülmə məruz qalmış bir qarının dililə, böyük Səlcuqlardan Sultan Səncərə xitabla: “Madam ki, ədalətsizliyə imkan verirsən, demək, türk deyilsən!” – deyir.
“Türk” Nizami əsərlərində yalnız iki dəfə mənfi çalarda işlədilmişdir. Bunlardan biri “Leyli və Məcnun”un müqəddiməsində, Şirvan şahı Axsitanın şairə göndərdiyi məktubdadır. Aristokrat nəslinin ta Kəyanilərə gedib çıxması ilə qürrələnən Axsitan, Sultan Mahmud Qəznəvi ilə şair Firdovsi arasında olmuş məşhur əhvalata işarə edərək, “türk vəfası”ndan gizli bir eyhamla bəhs etmişdir.
Ikinci mənfi münasibət İskəndərin Çin xaqanına etdiyi xitabdadır. Yeri gəlmişkən qeyd edək ki, Nizami Çinin bir türk sülaləsi tərəfindən idarə olunduğunu bilir – Çin xaqanına türk padşahı deyir. Çin xaqanı ordusunu səfərbər etmək istəyəndə Fərqanə, Qırqız (Xırxız), Çaç və Kaşqara fərmanlar göndərib “qızıl kəmərli türk pəhləvanlarını” toplayır. Nizami rəğbət bəslədiyi bu “türklərini” sevdiyi İskəndərlə vuruşdurmur, qorxu qarşısında alçaldıb təslim də etdirmir. “Türk saları ilə Caha saları” arasında anlaşmaya əsaslanan bir sülh bağlatdırır. Sülhə təşəbbüs edən “türk padşahıdır”. Xaqan qiyafəsini dəyişib gizlincə İskəndərin yanına gəlir və sülh təklif edir. Qarşılıqlı anlaşma ilə sülh bağlayırlar. Sülhün qüvvədə olduğu zaman Xaqan ordusunun səfərbər edilməsi xəbərini İskəndərə çatdırırlar. Aldandığını zənn edən hökmdar qəzəblənir, cəbhəyə gəlib adı ilə xaqanı çağırır. Türkləri dönüklükdə təqsirləndirir. Xaqan gəlir:
– İskəndər, sənə nə olmuşdur?
– Hanı bəs, sülh etmişdin, razılaşmışdıq!..
– İstədiyimdən dönməmişəm, sözüm sözdür!
– Belə olan surətdə bu səfərbərlik nədir?!
– Sülhü zəiflikdən deyil, ürəkdən istədiyimi göstərmək üçün...
Bununla da, şair İskəndərin türklər haqqındakı tənələrini yalana çıxarır.
Çin türklərindən başqa, şair qıpçaq türklərindən və xarəzmlilərdən də hüsn-rəğbətlə bəhs etmişdir.
Ağbənizli qıpçaq gözəllərinin kişilərdən qalmayan sərbəst həyatını görən İskəndərlə qıpçaq ağsaqqalları arasında baş verən çox maraqlı bir dialoqun təfsilatını, daha münasib olduğu üçün, bu hissənin “Nizaminin qadına münasibəti” fəslinə saxlayırıq. Xarəzmlilərə gəldikdə isə şair onları yüksək gözəllik nümunəsi kimi təqdim edir. Hindistan padşahının məktubuna yazdığı cavabda İskəndər “mənə hind gözəllərindən danışırsan, Xarəzmdə daha gözəlləri var” mənasını verən bu beyti işlədir:
Gərəm həst bər xubriyan şetab!
Be Xarəzm rouşəntər-əst aftab!
“Türk” yalnız insan gözəlliyinin və bəşəri gözəlliklərin simvolu deyildir. Nizami təbiəti təsvir edərkən də, təşbehlərində “türk” ismi və sifətini işlədir. Çiçəklər və yaşıllıqlarla bəzənmiş bir çölün görünüşünü verərkən, şair, məsələn, “yasəmənin türkü çöldə çadır qurmuşdur” – deyir.
Eynilə mücərrəd mənəvi anlayışları da şairin “türk” sözü ilə rəmzləndirməsi faktdır. Sədinin bir şerində yanlış yolda olan bir günahkara müraciətlə: “Ey ərəb, qorxuram Kəbəyə yetişməyəsən, sənin getdiyin bu yol Türküstana aparır” – deyilir. Halbuki Nizamidə Türküstan tərslik və yanlışlığın deyil, doğruluğun və əsl məqsədin hədəfidir; vüsalı istənilən bir şeydir, hətta vüsalın özüdür. Necə ki, bir neçə yerdə şair “Torkestan-e vəsl” (“vüsal Türküstanı” – red.) ifadəsini işlədir.
Bu fəsli sona yetirməzdən əvvəl onu da qeyd edək ki, Nizami gözəllik, ucalıq və saflıq simvolu olaraq, “türk” sözünü yalnız ədəbi bir istilah kimi işlətməklə kifayətlənməmiş, eyni zamanda, İran ədəbiyyatında türk mifologiyasından alınmış müqayisələrlə türkcə sözlər də daxil etmişdir: Ayxan, Qaraxan kimi isimlərdən Nizami, bir sifət kimi şerlərində istifadə edir. “Ayxan-e xuban” (“gözəllər Ayxanı” – red.) deyir; “Toğanşah-e soxən” (“söz Tuğanşahı” – red.) yazır. “Banu” sözü ilə yanaşı “xatun” kəlməsini də işlədir və bunu “kraliça” mənasında götürür.
Bizim “bayraq” dediyimiz şeyi Nizami iki hissəyə ayırır: dirəyinə “sancaq”, parçasına da “bayraq” deyir.
Nizaminin istifadə etdiyi türk sözlərinin toplaya bildiyimiz lüğətini kitabın sonuna əlavə edirik. Burada onun işlətdiyi çox maraqlı bir sözü qeyd edək – “ekdeş”. Bu sözü şair metis (qarışıq) mənasında işlədir. “Nizami yarısı sirkə, yarısı bal, xəlvətdə (oturan) bir ekdeşdir” – deyir. Sözün mənşəcə fars sözü olmaması aşkardır. “Ekləmək” (əlavə etmək, qarışdırmaq, birləşdirmək – red.) felindən “ek” kökü ilə oxşarlıq bildirən “deş” şəkilçisi vasitəsilə düzəldilmiş bir türk sözüdür. Xüsusən, nəzərdə tutduğu “metis” mənasını da (bu söz) çox yaxşı ifadə edir. Həmin mənada eyni sözü şair başqa bir yerdə də işlədərək “anası türk, atası hindu olan bu nəqş nə ekdeş şeydir” – yazır.
Qədim Türküstan şəhərlərinin də hamısı Nizamidə gözəlliyin, sənət və məharətin simvoludur: bəhs etdiyimiz sözlükdə bunlar qeyd olunmuşdur. “Türküstan” sözünün “gözəllik yeri” mənasında işləndiyini isə yuxarıda xatırlatdıq.
Amma bizi daha çox elmi bir ixtisas sahəsinə çəkən bu fəsli daha dərinləşdirmədən, burada saxlayıb üçüncü hissənin bu fəslini bitirək.
Azərbaycan padşahlarından şairin xüsusən yüksəltdiyi Atabəy Məhəmməd Cahan Pəhləvana yazdığı mədhiyyədə Nizami Məhəmməddəki iki “mim” üzərində oynayaraq, “tarac hökmü olmasa”, qələm türklərinə, “mim”inin biri kəmər, digəri də tac bağışlar” mənasını verən beyt yazmışdır.
Bütün dünya tədqiqatçılarının məlum ümumi rəyinə görə, Nizami ən böyük bir qələm türküdür.
Bu böyük türk, müasirlərindən şikayət edən bir yazısında “bu həbəşlikdə türkcəmi anlayan yox!”, – deyə oxucularla dərdini bölüşdürərək, aşağıdakı beytləri yazır:
Əql danəd ke mən çe miquyəm
Z-in eşarət ke rəft çe micuyəm.
Nist z-in bəddelan şekəst məra
Ke ze ankəs ke nist həst məra.
Torkiyəm-ra dər in həbəş nə xərənd,
Lacərəm, duğba-ye xoş nə xorənd!
Türkcəsi:
Ağıl bilir ki, mən nələr söyləyirəm
İşarətimlə nələr istəyirəm.
Zatı qırıqlar məni sındıra bilməz
Çünki arxamda yoxluq kimi varlıq var.
Türkcəmi bu həbəşlikdə alan yox,
Dovğanı bir yemək deyə sayan yox!
“Həbəşlik”dən məqsəd təəssübkeşlərin qara cəhaləti, “türk”cəsindən məqsəd də dühasının məhsulu olan düşüncələridir. Istəsəniz, bu şikayəti şairin yaşadığı dövrdə türkcə yazmağın adət olmaması üzündən duyduğu təəssüf kimi yozun.
Hər halda, türk məfhumuna hisslərində, duyumlarında, fikir və düşüncələrində bu qədər yüksək yer verən bir Azərbaycan övladına, gözəl ilə ucaya – “türk”, gözəllik və ucalığa – “türklük”, gözəllik və ucalıq diyarına “Türküstan” deyən bir şairə, yalnız farsca yazdığı üçün türk deməmək mümkündürmü?
Əsla!!!
Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tarixndə müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Ğurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar nə qədər türkdürlərsə, Nizami də onlar qədər türkdür!
Nizaminin türklüyünü inkar etmək, onun 800 il sonra da təravətini mühafizə edən “türkcə”sini anlamayan faciəvi bir “həbəşlik” olardı...