-
Ali dini rəhbər Ayatollah Ali Khamenei ölkənin yeni prezidenti Hassan Rouhani-yə ABŞ-la birbaşa danışıqlar aparmaq icazəsi verib.
Ayatollah Ali Khamenei, həmçinin, əlavə edib ki, mötədil ruhani olan yeni prezident Vaşinqtona güzəştlər də təklif edə bilər.
Khamenei İranın seçmə qoşunları - İnqilab Keşikçiləri qarşısında çıxış edərkən deyib ki, diplomatik güzəştlərə hələ imkan var.
«Diplomatiya təbəssüm və danışıqlar təklifi deməkdir» – deyib Khamenei.
«QALİBİN GÜZƏŞTİ»
O izah edib ki, diplomatiyada düzgün addımların tərəfdarıdır və İranın güzəştləri, onun təbirincə deyilsə, «qalibin güzəştləri» olacaq.
74 yaşlı lider bütün dövlət məsələlərində, ələlxüsus da ABŞ-la danışıqlar məsələsində son söz sahibidir.
O deyib ki, diplomatiyada güləşçi çevikliyi lazımdır. Bəzən taktiki məqsədlərlə geri çəkilmək olar, lakin qarşındakının «rəqib və düşmən» olduğunu unutmamalısan.
«Qalibin güzəşti» ifadəsi, həmçinin, Khamenei-nin ərəb dilindən çevirdiyi kitabın alt sərlövhəsidir. «İmam Həsənin sülhü» adlanan kitabda ikinci şiə imamı Həsən ibn Əlinin müharibəyə yol verməmək üçün öz düşməni ilə 14 əsr bundan əvvəl əldə etdiyi razılaşmadan danışılır.
Khamenei-nin bu çıxışından bir neçə gün əvvəl ABŞ prezidenti Barack Obama İran prezidenti Hassan Rouhani ilə məktub mübadiləsində olduğunu bəyan etmişdi.
Ekspertlərin fikrincə, bu, iki liderin gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının kuluarlarında görüşmək ehtimalını irəli sürmək imkanı verir.
Onlar, həmçinin, bu dinamika ilə birbaşa Vaşinqton-Tehran təmaslarının da uzaqda olmadığı qənaətindədirlər.
Rouhani-nin İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri olduğu vaxtlarda (1997-2005) onun müavini olmuş Seyed Hossein Mousavian öz məqaləsində ali dini rəhbərin İran prezidentinə Barack Obama ilə birbaşa danışıqlar aparmaq icazəsini verməsindən yazmışdı.
İNQİLAB KEŞİKÇİLƏRİNƏ SƏRT XƏBƏRDARLIQ
Ən əhəmiyyətlisi isə budur ki, həmin görüşdə Khamenei Qərbin Suriyanı dəstəkləməkdə ittiham etdiyi İnqilab Keşikçilərinə siyasətdən uzaq durmağı tapşırıb.
Müşahidəçilər qeyd edirlər ki, əslində, keşikçilərə siyasətlə məşğul olmağı hələ Ayatollah Ruhollah Khomeini 1979-cu ildə qadağan etmişdi.
Lakin göründüyü kimi, buna baxmayaraq, keşikçilər İran siyasətinə və hətta maliyyə əməliyyatlarına həmişə qarışıblar və bu, xüsusilə də prezident Mahmoud Ahmadinejad-ın 8 illik hakimiyyəti zamanı daha açıq və daha geniş şəkil alıb.
Bu həftənin əvvəllərində Rouhani-nin özü də İnqilab Keşikçilərini siyasi hadisələrdən kənarda durmağa çağırmış və demişdi ki, seçmə qvardiya İran xalqının iradəsi əleyhinə getməməlidir.
Khamenei-nin və Rouhani-nin xəbərdarlıqlarından az əvvəl Hollandiya televiziyası İran İnqilab Keşikçiləri Korpusunun döyüşçüləri olduqları iddia edilən şəxslərin Suriyada Assad qüvvələrinə yardım etdiyini göstərən videonu yaymışdı.
Müşahidəçilərin fikrincə, ali dini rəhbərin xəbərdarlığı iki səbəblə bağlı ola bilər: Ya Khamenei keşikçilərin nəzarətdən çıxa biləcəklərindən narahatdır, ya da onların amerikalılarla birbaşa danışıqlara girəcək Rouhani-yə mane olmalarını istəmir.
İranın ali dini rəhbəri, həmçinin, bəyan edib ki, Tehran atom bombası yaratmaq istəmir. O əlavə edib ki, «bu, ABŞ-a görə yox, bizim öz inamlarımıza görədir».
SALEHİ QAYITDI
İranın keçmiş xarici işlər naziri Ali Akbar Salehi yeni prezidentin sərəncamı ilə ölkənin nüvə agentliyinin rəhbəri vəzifəsinə bərpa edilib.
Cənab Salehi bu həftə Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində bəyan edib ki, Tehran, onun təbirincə desək, «nüvə dosyesini həmişəlik bağlamağa hazırdır».
İranın indiyədək sərt siyasət tərəfdarlarının nəzarətində olan nüvə dosyesi Hassan Rouhani-nin ricası ilə onlardan alınaraq Xarici İşlər Nazirliyinə verilib.
Nyu-Yorka Hassan Rouhani ilə birlikdə səfər edəcək xarici işlər naziri Mohammad Javad Zarif orada Avropanın xarici işlər komissarı Catherine Ashton və Britaniyanın xarici işlər naziri William Hague-lə görüşməlidir.
Bununla belə, nüvə proqramına dair danışıqların növbəti raundunun harada və nə vaxt keçiriləcəyi barədə hələlik məlumat verilməyib.