Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:30

Vəfa Quluzadə: «Şərqi Ukrayna da müstəmləkə istəmir»


Vəfa Quluzadə
Vəfa Quluzadə
-
Ukrayna hələ kükrəməkdədir. Prezident Yanukovych-in Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaması ölkədə birmənalı qarşılanmayıb. Saziş tərəfdarları dövlət başçısından qərarını dəyişməyi tələb edir, etiraz aksiyalarını səngitmirlər. Ölkənin bütün siyasi qüvvələri vəziyyətdən çıxış yolları arayırlar.

AzadlıqRadiosu Ukraynadakı durumu qiymətləndirmək üçün Azərbaycanın keçmiş dövlət müşaviri və diplomatı Vəfa Quluzadədən müsahibə alıb:

- Vəfa müəllim, Ukraynada baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Ukraynadakı hadisələr tam aydındır: Ukrayna xalqı bir də Rusiyanın müstəmləkəsi olmaq istəmir, onlar Gömrük İttifaqına qoşulmaq istəmirlər. Ukraynanın prezidenti Yanukovych xalqına söz vermişdi ki, biz Avropa Birliyinə doğru gedirik və o gedib Vilnüsdə AB ilə sazişləri imzalayacaq. Ancaq son dəqiqədə xalqını aldatdı. Axır zamanlar Yanukovych-in Putin-lə 50-dən çox görüşü olub. Görünür, Putin onu yola gətirib ki, ölkəsini Gömrük İttifaqına yönəltsin. Xalq da bunu başa düşəndən sonra çox güclü etiraz aksiyalarına başlayıb. Bu aksiyalar Yanukovych-in vəzifəsindən getməsi ilə də bitə bilər. Artıq Ukrayna baş nazirinin müavini Brüsselə gedib və orada bəyan edib ki, Ukrayna bu sazişləri imzalamağa hazırdır, yol xəritəsi müzakirə olunacaq və imzalanacaq. Ancaq meydandakılar buna inanmırlar.

- Yanukovych-in xalqı yenidən aldatması nə dərəcədə mümkündür?

- Mən hesab edirəm ki, aldatsa, ona çox baha başa gələcək. Meydan o sazişləri imzalamayanacan ordan dağılmamalı, onu təzyiq altında saxlamalıdır.

- Bayaq qeyd etdiniz ki, bu etirazlar nəticəsində Yanukovych hakimiyyətdən gedə bilər. Hadisələrin gedişi daha hansı nəticələri qaçılmaz edir?

- Ukraynada Yanukovych artıq öz resurslarını bitirib. Orada yeni qüvvələr hakimiyyətə gəlməlidir. Onların içərisində də ən uğurlusu «Udar» Partiyasının lideri Vitali Klitschko-dur. O, artıq yetkin bir siyasətçidir, öz xalqının iradəsini anlayır və onu ifadə edə biləcək bir şəxsdir. Ukraynada müxalifət güclüdür, müxalifət liderləri ləyaqətlidir. Mən ümidvaram ki, artıq Ukrayna xalqı bu əsarətdən qurtaracaq, Rusiyanın təhdidləri nəticə verməyəcək. Rusiya Ukraynaya qarşı iqtisadi sanksiyalar bəyan edib. Guya qazı, yanacağı kəsə, sərhədləri bağlaya bilər. Rusiyanın bunları etmək imkanları yoxdur. Bunlar hamısı blefdir. Rus imperiyası 1917-ci ildə dağılıb, bolşevik imperiyası da 1991-ci ildə. Rusiya özü indi dəhşətli böhran içindədir. Ukraynanın, Cənubi Qafqazın hesabına böhrandan çıxmaq istəyir. Rusiya özünü qonşu ölkələrə cəzbedici ölkə kimi təqdim edə bilmir. Yalnız qorxudur, hədələyir, gücə əl atacağına eyham vurur. Gücü də artıq yoxdur. Cənubi Qafqaz da, Ukrayna da Rusiyanın təhdidi altından çıxır. Onlara Avropa daha cəzbedicidir. Çünki Avropada təhdid, sanksiya yox, bərabərhüquqlu əlaqələr var.

- Ekspertlər bildirir ki, Ukraynadakı hadisələr kəskinləşərsə, ərəb ölkələrindəki kimi, vətəndaş qarşıdurmaları, böhranlar yarana bilər. Siz necə düşünürsünüz?

- Ukraynada o vaxt hadisələr kəskinləşə bilər ki, vətəndaş müharibəsinin arxasında Rusiya dayansın. Rusiyanın bu imkanları yoxdur. Rusiya Ukraynanın bir hissəsini silahlandırmaq və ya oraya qoşun yeritmək imkanında deyil. Çünki artıq Şərqi Ukrayna da müstəmləkə istəmir. Onlar da öz uşaqlarının gələcəyini müstəqil, azad dövlətdə görürlər. Avropa da bunu üçün imkandır. Mən hesab edirəm ki, ukraynalılar olduqca fərasətli xalqdır.

- Bəzi ekspertlər deyir ki, baş verənlər Azərbaycanda da dəyişikliklər doğuracaq. Sizcə, Ukrayna hadisələrinin Azərbaycana təsiri necə ola bilər?

- Ukrayna hadisələri regionda Rusiyanın mövqelərini sarsıdır. Ukrayna AB ilə sazişləri imzalayandan sonra Rusiyanın imperiyanı bərpa etmək xülyaları yoxa çıxır. Rusiya artıq öz daxili məsələləri ilə məşğul olmağa məcbur olacaq və onun regiona mənfi təsiri aradan qalxacaq. Ukrayna Rusiyaya heç vaxt imperiyanı bərpa etmək imkanı verməyib. Azərbaycanın da qarşısında imkanlar açılır. Azərbaycan da AB ilə sazişləri imzalaya və onların tələblərinə uyğunlaşdıra bilər. Əgər belə olsa, bu, çox gözəl ola bilər və Azərbaycan təkamül yolu ilə demokratikləşər... Azərbaycan hakimiyyəti bu barədə düşünməlidir.

- Fikrinizcə, Rusiya zəifləyərsə və bu ölkənin Azərbaycana mənfi təsirləri azalarsa, hakimiyyətin AB ilə müqavilə bağlamaq imkanları artacaq?

- Sözsüz. Rusiya faktoru ortadan qalxandan sonra hakimiyyətin imkanları artacaq. Ondan başqa Qazaxıstandan tutmuş bütün ölkələrin hamısında sovet məmurları vəzifələrdədir. Bunlar hamısı dəyişməlidir. Onsuz da dəyişəcəklər. Yaxşı olar ki, sülh yolu ilə, xoşluqla dəyişsin. Heç bir yerdə nə inqilab olsun, nə də vətəndaş müharibələri.
XS
SM
MD
LG