Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:36

İsa Muğannanın qızı: «Mənə Kamal Abdullanın kitablarını oxutdururdu»


Sevinc Hüseynova
Sevinc Hüseynova
-
«Deyirlər, güzəştə getmək müdriklik əlamətidir. Mən bu fikirlə razılaşa bilmirəm...».

Bu sözlər ünlü yazıçı İsa Muğannanın yarımçıq əlyazmasının son səhifəsindən götürülüb. Yazı masasında qalaq-qalaq vərəqlər, qatlanmış gözlük, «Ədəbiyyat» qəzeti və stolüstü lampa diqqət çəkir. Bütün bunlar burada bir yazıçının varlığından soraq verir. Daha doğrusu, verirdi. Martın 31-də qəfil ölüm İsa Muğannanı – İsa Hüseynovu yaxalayıb... Qızı Sevinc xanım belə deyir.

«...BİRDƏN BOĞULMAĞA BAŞLADI»


Onu sözlərinə görə, hər şey birdən-birə – gözlənilmədən baş verib:
- O, xəstə yatmırdı. Səhhətindən elə bir şikayəti yox idi. Düzdür, 9 ildir ürək çatışmazlığı vardı, 3 dəfə klinik ölüm keçirmişdi. Ara-sıra problemlər olurdu, bəzən heç həkim də çağırmırdıq, özüm vəziyyətdən çıxarırdım. Amma həmin gün birdən boğulmağa başladı. Həkim çağırdıq. Amma kömək edə bilmədilər. Gecə 1-ə işləmiş vəfat etdi».

- Sizə bir söz deyə bildi? Son sözü nə oldu?

- Yox, heç nə demədi. Ondan bir gün qabaq yuxuda möhkəm ağlamışdı, amma səbəbini bizə söyləmədi. Ümumiyyətlə dərd verən adam deyildi, dərdini heç kəsə deməzdi. Nadir hallarda bölüşərdi sirrini.

Sevinc Hüseynova deyir ki, atasının əlində bir əsəri vardı, elə nigarançılığı da bundanmış ki, əsəri bitirə biləcək, ya yox:

- Bilmirəm nə barədə idi. Yazı masasında oxudum. Deyəsən, məhəbbət haqqındadır».

- Son günlərinədək işləyirdi?

İsa Hüseynov
İsa Hüseynov
- Yayda ağır xəstələndi... Ondan sonra, ara-sıra, işləyirdi. Gözü çətin görürdü, oxuya bilmədiyini mən oxuyurdum ona. Kitab oxutdururdu mənə. Kamal Abdullanın kitabını oxudurdu. İki kitabı haqqında məlumat vermişdim ona. «Yarımçıq əlyazma» ilə «Sehrbazlar dərəsi»ni oxumuşdum ona, amma «Unutmağa kimsə yox»u çatdıra bilmədim. Çox istəyirdi ki, ona oxuyum bu kitabı.

«RUS ƏDƏBİYYATINI ÇOX SEVİRDİ»

Bakı Dövlət Universitetində ədəbiyyatdan dərs deyən Sevinc Hüseynova atasına tələbələrinin mütaliəsi barədə də danışırmış:

- Soruşurdu ki, uşaqlar oxuyurmu? Yaxşı kitabları apar, ver – oxusunlar, özündə də qeyd elə ki, sonra qaytarsınlar. Rus ədəbiyyatını çox sevirdi. Dostoyevsky-ni, Tolstoy-u, Turgenev-i çox sevirdi.

- Öz əsərlərindən hansını özü ilə aparmaq istərdi? Bu barədə söhbətiniz olurdumu?
Əkrəm Əylisli
Əkrəm Əylisli
- «İdeal»ı. Həmişə deyərdi ki, məni tanımaq istəyən birinci «İdeal»ı oxusun, sonra povestlərimi, hekayələrimi. «İdeal» onun şah əsəri idi.

Azərbaycan tamaşaçısına İsa Muğanna «Nəsimi», «Tütək səsi» filmlərindən tanışdır. «Azərbaycan oxucusuna isə «İdeal»la yanaşı, «Yanar ürək», «Məhşər», «Doğma və yad adamlar», «Kollu koxa» və «Saz» əsərlərindən.

«HEYRƏT İNDİ DƏ İÇİMDƏ QALIR»


İsa Muğannanın ölümü yazıçı Əkrəm Əylislini sarsıdıb:
«Elə bildim ki, çox yaxın, doğma adamımı itirdim. Yazıçıların bir-biriylə birbaşa ünsiyyəti oldu-olmadı, onların arasında ruhi bağlılıq və ünsiyyət var. İsa Hüseynov elə yazıçı idi ki, onunla ruhi ünsiyyətdə olmamaq mümkün deyildi.
Afaq Məsud
Afaq Məsud
Cavanlıqda ilk oxuduğum və həddindən çox bəyəndiyim «Yanar ürək» əsəri, məndə ədəbiyyata olan vurğunluğu bir yana qoysaq, təəccüb və heyrəti də artırdı. Həmin heyrət indi də içimdə qalır».
«ÇALIŞAQ... BU SƏHVİ ARADAN QALDIRAQ»

Yazıçı Afaq Məsud hesab edir ki, İsa Muğanna Azərbaycan ədəbiyyatının ən böyük simalarından biri idi:
«Bu itki ədəbiyyatımıza ağır bir zərbədir. Təəssüf edirəm ki, onun son illərində müsahibələri yoxdur. Nə düşündüyünü, nə yazdığını bilmədik. Ona da təəssüflənirəm ki, dünya səviyyəli bir yazıçını dünyaya tanıda bilməmişik. Çalışaq, gələcəkdə bu səhvi aradan qaldıraq».
Cavanşir Yusifli
Cavanşir Yusifli
«İSA MUĞANNA BİR ÜSLUB HADİSƏSİDİR»

Ədəbi-tənqidçi Cavanşir Yusifli deyir ki, İsa Muğanna Azərbaycan ədəbiyyatına böyük təsiri olan bir yazıçıdır:

««Kollu koğa», «Teleqram», «İdeal» əsərləri ilə Azərbaycan romançılığının dünya standartına yaxınlaşmasına, bərabərləşməsinə xidmət edib. İsa Muğanna bir üslub hadisəsidir. Onun üslubu Azərbaycan yazıçıları üçün də bir məktəb oldu».

İsa Hüseynovla (Muğanna) vida mərasimi aprelin 2-də saat 12:00-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Xalq yazıçısı I Fəxri Xiyabanda torpağa tapşırılacaq.
XS
SM
MD
LG