-
Arazın o tayından
Rəsul Yunan
Səni düşünmək
Səni düşünmək,
Həyatı düşünməkdir.
Torpaq altında
Dar-düdük bir qəbirdə
Günəşi düşünməkdir.
Qarlı gecədə,
Qıfıllanmamış qapıları,
Qaçmağı düşünməkdir həbsxanada.
Səni düşünmək dəyərlidir,
Ən azı
Adamın qəlbindən
Bir bulaq coşar,
Bir at gələr orada su içər,
Bir quş gələr orada oxuyar...
Həsrət
Duman boruları,
Antenlər,
Qarqalar,
Sadəcə
Keçmişimdən bunlar yadıma gəlir.
Pəncərədən
Eşiyə baxdığım günlərdən...
Sizin apartmanız
Uzaqda idi,
Yerlə göy üzü qovuşan yerdə...
Rəsmdə görünməyən paslı piano
Yalqız adamın rəsmi,
Uzun bir küçədir.
Və onun dibində olan
Bağlı qapı.
Yalqız adamın rəsmi,
Rəsmdə görünməyən
Paslı pianodur.
Yalqız adamın rəsmi,
Əsən yeldir,
Solğun ay.
Yalqız adamın rəsmi,
Bütün kədərlərin rəsmidir...
(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap edilir).