-
Arazın o tayından
Zənganlı Huşəng Cəfəri
Şəkil
Bir eli boranda, qarda çəkəcəm,
Bir eli baharda, yazda çəkəcəm.
Bir şəkil çəkəcəm göz giləsinə
Arzular düzülər silsiləsinə.
Bir bahar salacam qış çiləsinə
Bir lalə xonçasın qarda çəkəcəm.
Bir dağı çəkəcəm duman içində
Bir yaxşi bitirəm yaman içində.
Bir haqqı doğruldam güman içində
Şaxtada bir ağac barda çəkəcəm.
Bir seli çəkəcəm Sara qoynunda
Bir dili asılı çara qoynunda.
Bir eli yardımsız yara qoynunda
Bir dili dilçəksiz darda çəkəcəm.
Tikili bir ağız çəkəcəm buma
Bir dərin baxış ki, fikrində Cuma.
Yollayam şəklini Tehrana, Quma
Bir elin yoxluğun varda çəkəcəm.
Neyləyim dilsiz bir baş çəkəmmirəm
Sinəmdə ürək var daş çəkəmmirəm.
Elimin gözündə yaş çəkəmmirəm ,
Bu elin mahnısın tarda çəkəcəm
Elimi baharda varda çəkəcəm .
Haqqımızı
Buza yazmışdı qız-oğlanlı bizim haqqımızı
Əridir bir beyni qanlı bizim haqqımızı.
Paylayır yaz yeli tək kollara yarpaqlarımı
Dili, ağzı, əli Quranlı bizim haqqımızı.
Gördüyün otdu dəmavənd qımıldanmadı heç,
Yenə unutmaz dedi İranlı bizim haqqımızı.
Niyə göylərdə buluddan əl atıb almırsan
Savalan, ey başı tufanlı bizim haqqımızı.
Tutuban nisgil əlindən dedi xırmanlara bax,
Sovurur gör necə sahmanlı bizim haqqımızı
Orada ki dandıla divanlı bizim haqqımızı.
Qoymayın barmağı həsrət qala bal bardağına,
Yaxmayın kollara şan-şanlı bizim haqqımızı.
Gecə bir palçığa batmış küçədən səs gəldi
Korladın ay kədər imanlı bizim haqqımızı.
Kənddə bir hisli dam altda boyu ənbərçə qadın
Elə söylürdü yarım canlı: bizim haqqımızı
Haqqımızı...
Aqqışqa
Açın aqqışqaları
Havalar tək ürəyim solğundur.
Quruyan dağlara yağmaq diləyir
Sel olub zalım evin yıxmağa axmaq diləyir.
İldırım tək gecə bağrın yara şaxmaq diləyir
Günə baxmaq diləyir.
Açın aqqışqaları
Mənə yox!
Qəfəsi qəmdə qəranilərə bir rəhm eləyin.
Bir gülün solmasına solmamışam
Qəlbimin dolmasına dolmamışam.
Qorxuram tüstü vura gülxanamı
Açın aqqışqaları.
Bir görüm ölkəm ara birləşən ellər necə olub?
Küçələrdə yumuruq tüspürü bayraq olan əllər necə olub?
Bizim ellər necə olub…
Açın aqqışqaları
Bu nə evdir ki işıqlıq yolu yoxdur ?!
Bilmirəm qibləm hayandır,
Evimin sağ solu
yoxdur.
Birini boğz tutubdur danışanmır,
Biri bir şirdi düşüb dar qəfəs içəri çalışanmır
Ana istəkli balaylan barışanmır,
İki torpaq qarışanmır
Qol boyunla sarışanmır.
Açın aqqışqaları
Elə bil ki, qulağa vay səsi gəldi,
Analar qalmış oğulsuz.
"Oğul eyvay” səsi gəldi
Qapı taxta dalı salqın.
Paça bağlı səsim arqın
Nə gedir səs, nə çıxır hay.
Oldu kal kəlmələr üstə əməyim zay,
Vay yasaq dilli elim vay,
Vay yasaq dilli elim vay!
(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)