Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:41

Söyüşü şirin kökə kimi yeməyi öyrən…


Seymur Baycan
Seymur Baycan

-

Qafqazlıyıq. Qanımız qaynardır. Söyüşü, xüsusən ana söyüşünü qəbul etmək bizim üçün çətindir.

Biz şərqlilər söyüşü təsəvvür edirik və gözlərimiz önündə yaranan mənzərədən dəhşətə gəlirik.

Söyüş eşidəndə bizə elə gəlir ki, doğrudan da söyüş söyülən ünvanı yerə yıxıb başına oyun açırlar...

Seymur Baycan

PUL VƏ KARYERA

qazanmaq haqqında fəlsəfi esse

Səbr insana ən çox lazım olan xüsusiyyətlərdən biridir.

Dünyanın ən böyük şəxsiyyətləri məhz səbrli olmaqla böyük uğurlara nail ola biliblər.

İnsan səbr etməklə bir çox mövqeləri əldə edə bilər. Öz qarşısına məqsəd qoymuş adam səbirli olmaq məcburiyyətindədir.

Yalnız məqsədsiz insanlar hər şeyə reaksiya verir və nəticədə uduzurlar. Səbr et, pul qazan, mövqelər əldə et və o zaman sən bir vaxtlar çəkdiyin əzabın əvəzini çıxa bilərsən.

Başqa cür pul və karyera qazanmaq bir az çətindir.

Pul qazanmaq, karyera sahibi olmaq üçün əlini bir çox yaxşı olmayan şeylərə bulaşdırmalısan, sonra bahalı sabunlarla əlini yaxşı-yaxşı yumalısan.

Sən karyera sahibi olduqdan sonra öz tabeçiliyindəki adamları təhqir etdikdə, onların əsəblərini, dözümünü son həddə çatdırıb, şəxsiyyətini alçaldanda böyük həzz alacaqsan və bir vaxtlar səbr nümayiş etdirməklə necə böyük iş gördüyünü anlayacaqsan.

Narahat olma, keçmişin əsla səni narahat etməyəcək. Sən vəzifə və pul sahibi olandan sonra adamlar sənin pis cəhətlərini görməyəcək. Heç kim sənin keçmişinlə maraqlanmayacaq. Hamı sənin üzünə gülümsəyəcək.

Onlar sənin haqqında elə təriflər deyəcək ki, sən özün də bu təriflərə inanacaqsan. Hara getsən, adamlar səni xoş sözlərlə, ağaran dişlərlə qarşılayacaq. Adamların ovqatı sənin ovqatından asılı olacaq.

Sən gülümsəyəndə, onlar da gülümsəyəcəklər. Sən kədərlənəcəksən, onlar da kədərlənəcəklər. Sənin başın ağrıyanda, onların da başı ağrıyacaq. Onlar sənin kimi düşünəcəklər.

Sənin futboldan zəhlən getsə, onların da futboldan zəhləsi gedəcək. Sən xokkeyi sevsən, onlar da xokkeyi sevəcəklər.

Qadın axtarmağa ehtiyac olmayacaq. Qadınlar özləri səni tapacaqlar. Əgər sən keçəl olsan, onlar deyəcəklər: “Ağıllı baş tük saxlamır. Keçəl kişilər temperamentli olurlar.” Əgər sənin penisin balaca olsa, onlar deyəcəklər: “Penisin böyük olması şərt deyil, əsas şərt penisdən necə istifadə etməkdir.”

Əgər sən sifətdən çox eybəcər olsan, onlar deyəcəklər: “Kişi meymundan bir az fərqlənməlidir.” Sənin yekə qarnını sığallayıb qucaqlayacaqlar. Heç kim sənin eyiblərini görməyəcək. Çünki hər bir cəmiyyətdə pullu adamların eyiblərini görmək istəməyən minlərlə, yüz minlərlə varlıqlar var.

Təbiət etibarı ilə qul olanlar üçün ən dəhşətli bədbəxtlik ağasız qalmaqdır. Əgər pulun olsa, sən istənilən qapını, hətta ürəklərin qapısını belə təpiklə vurub aça bilərsən. Ayaqqabını əskiylə yox, ürəklərlə silə bilərsən.

Narahat olma, onlar özlərini təhqir olunmuş hesab etməyəcəklər. Tam tərsinə, hədsiz sevinəcəklər. Hətta öz övladlarına, öz nəvələrinə fəxrlə nəql edəcəklər ki, filankəs müəllim bir dəfə öz ayaqqabısını mənim ürəyimlə sildi. Onlar bunu həyatda nail olduqları böyük bir uğur kimi qiymətləndirəcəklər.

Meymunlar hətta ən böyük bədbəxtliyə də gülürlər. Özün üçün yol qayırarkən adamların ürəklərindən, hisslərindən material kimi istifadə etməlisən.

Sən karyera sahibi olanda kim daha çox söyüşə, təhqirə davam gətirsə, kim daha çox yaltaqlansa, onu yaxşı işçi kimi xarakterizə edəcək və başqalarına nümunə göstərəcəksən.

Əziz dost, müasir dünyamızda mövqe sahibi olan adamların bir çoxu bir vaxtlar səbr və dözüm nümayiş etdirən adamlardır.

Onlar vaxtında göstərdikləri dözümün indi meyvələrini yeməkdədirlər. Dözə bilməyənlər acından ölməkdədirlər.

Bilmirəm, gələcəkdə necə olacaq, hal-hazırda vəziyyət belədir. Ola bilsin ki, mənim sözlərim sənə indi gülməli, hətta bir az da iyrənc görünür, amma sən həyatla tanış olduqca haqlı olduğumu anlayacaqsan.

Əgər pul qazanmaq istəyirsənsə, heç nəyi özünə ar bilməməlisən. Əsas puldur. Pullu olduqdan sonra adamlar ağzından çıxan hər bir sözü aforizm kimi qəbul edəcəklər. Kitab oxuyanlar, şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar sənin süfrəndə əyləşmək üçün növbəyə düzüləcəklər.

İstədiyin formada onlarla rəftar edə bilərsən. Sən bir tikə əti göyə atacaqsan və bu şair, yazıçı, rəssam, bəstəkar dəstəsi bir tikə əti göydə qapmaq üçün bir-birilərini didəcəklər. Sən onlara baxıb, həzz alacaqsan.

Onlar sənə şeir, mahnı həsr edəcəklər. Portretini çəkəcəklər. Sənə təriflər söyləyəcəklər. Sənin şərəfinə badə qaldıracaqlar. Səni ölkənin ən ağıllı adamlarından biri kimi qiymətləndirəcəklər.

Onlar deyəcəklər: “Əgər sizin kimi xeyirxah adamlar olmasa, sənət, ədəbiyyat, incəsənət heç vaxt inkişaf edə bilməz.”

Beləliklə, sən kitab oxumadan, incəsənətdən heç bir anlayışın olmadan yaradıcı adamların rəğbətini qazanacaqsan. Adın xeyriyyəçi kimi kitablara düşəcək.

Sənətə, incəsənətə böyük dəstək verən adam kimi adın tarixə yazılacaq. Əgər şair, yazıçı, dramaturq olmaq istəsən, bunu çox asan bacararsan. Yüzlərlə ac-yalavac şair, yazıçı, dramaturq sənin adından şeir, roman, pyes yazmağa hazır dayanacaq.

Bu, onlar üçün sadəcə bir şərəfdir. Sənin pyeslərini teatrlar səhnəyə qoyacaq. Rejissorlar sənin pyeslərin haqda ən xoş sözlər söyləyəcəklər. Onlar deyəcəklər: “Bu pyeslərdə insanın daxili aləmi çox ustalıqla açılıb. Belə pyeslərə bizim teatrın çox böyük ehtiyacı var.”

Qəzetlərdə pyeslərin, romanların haqqında gözəl-gözəl məqalələr dərc olunacaq. Pyesin hansı teatrda tamaşaya qoyulsa, zal dolu olacaq.

Ətrafındakı və tabeliyindəki adamlar bəzənib-düzənib, ətirlənib teatra gələcəklər. Gül alacaqlar. Övladlarını da teatra, sənin əsərinin tamaşasına baxmağa gətirəcəklər. Onlar hələ evdə öz övladlarına sənin şəninə tərif deməyi öyrədəcəklər.

Tamaşanın sonunda səni səhnəyə dəvət edəcəklər. Hər kəs sənə gül hədiyyə etmək üçün növbəyə düzüləcək. Sən gül-çiçək dəstələrinin içində özünü xoşbəxt hiss edəcəksən və bir zamanlar eşitdiyin söyüşlərin, təhqirlərin ağrısı tamam canından çıxacaq. Sən özünü xoşbəxt hiss edəcəksən.

Tabeliyindəki adamlar öz övladlarını əllərində gül dəstəsi tərif söyləmək üçün sənin hüzuruna gətirəcəklər. Bu balaca balalar evdə atalarının, analarının onlara öyrətdiyi tərifləri tutuquşu kimi təkrar edəcəklər. Sən bu balaca balaların başlarını sığallayacaqsan. Onlara konfet verib deyəcəksən: “Nə şirin uşaqdır!”

Uşağın valideyni bu sözləri eşidəndə sevindiyindən gözləri yaşaracaq. Sonra sən tamaşanın rejissorunu, rəssamını, bəstəkarını, aktyorlarını restorana aparıb, qonaqlıq verəcəksən. Onlar bir-bir ayağa qalxıb, sənin şərəfinə badələr qaldıracaqlar. Daha maraqlı, daha gözəl, daha orijinal tərif demək yarışı başlayacaq. Sən onlara baxıb, dəhşətli dərəcədə böyük həzz alacaqsan. Heç bir içki, heç bir istirahət bu həzzi sənə yaşada bilməz. Orijinal tərif söyləyən aktyora başqa aktyorların necə düşməncəsinə baxacağını öz gözlərinlə görəcəksən.

Onlar sənin rəğbətini qazanmaq üçün təriflərin dərəcəsini getdikcə qaldıracaqlar. Axırda səni Şekspirlə, Çexovla, Molyerlə müqayisə edəcəklər və təbii ki, üstünlüyü sənə verəcəklər.

Onlar deyəcəklər: “Çexov, Şekspir, Molyer artıq köhnəlib. Adamlar artıq klassiklərin pyeslərinə baxanda darıxırlar. Siz isə müasirsiniz. Təsadüfi deyil ki, tamaşanın sonuna qədər heç kim zalı tərk etmədi.”

Sən bu sözlərə inanacaqsan, özünü dahi dramaturq hesab edəcəksən. Aktrisalar ədalı-ədalı danışacaqlar. Aktyorlar isə bu dünyaya niyə qadın kimi gəlmədiklərinə görə talelərini lənətləyəcəklər... Səhər işdə işçilərin bir-bir otağına girəcək və dünən tamaşadan çox böyük həzz aldıqların deyəcəklər.

Əziz dost, insanlar bəzən öz hisslərini söyüşlə ifadə edirlər. Əgər sənə söyüşə dözmək çətindirsə, o zaman belə hesab et ki, söyüş söyən adam səni yox, özünü təhqir edir.

Sokrat deyirdi ki, əgər küçədə eşşək anqırırsa, mən eşşəyə anqırmaqla cavab vermək məcburiyyətində deyiləm.

Məsələn, tutaq ki, küçədə bir avara it sənin üstünə hürür. Məgər, sən də mütləq itə hürməlisən? Yox. Hürmək itin, susmaq isə sənin vəzifəndir. Söyüşə dözmək, əlbəttə, hər adamın işi deyil.

Hər bir söyüşə hazır olmaq lazımdır. Tutaq ki, sən hansısa restoranda ofisiant işləyirsən. Adamlar restorana əylənməyə gəlirlər. İçirlər. Kimisi özün mədəni aparır. Kimisi içəndə öz əxlaqını ortaya qoyur.

Bəziləri hətta söyüş söymək, ofisiantı təhqir etmək üçün restorana gəlir. Onlar ofisiantın üzünə sümük, salfet çırpanda, ofisiantın başına araq tökəndə özləri-özlərinə canlı varlıq olduqlarını sübut etmək istəyirlər.

Çünki onların da başına araq tökən, sifətlərinə sümük çırpan, onları da söyən və təhqir edən adamlar var. Sən onları başa düşməlisən.

Sən inciməməlisən, sən ağlamamalısan. Sən gülümsəməlisən. Dörd il, altı ay hərbidə olmuşam. Adamları yaxşı tanıyıram. Elə hadisələrin şahidi olmuşam ki, danışsam, heç kim inanmaz. Bilirsən, mülki həyatda adamlar öz eyiblərini bəzən gizlədə bilirlər. Hərbidə isə hər kəs öz qabındakını ortaya qoyur. Çünki bir yerdə yatırlar. Bir yerdə addımlayırlar. Bir yerdə yemək yeyirlər. Mən ən qorxaq adamların əllərinə bir balaca imkan düşən kimi necə qəddarlaşdığını yüz dəfə görmüşəm.

Bəli, biz şərqliyik. Qafqazlıyıq. Qanımız qaynardır. Söyüşü, xüsusən ana söyüşünü qəbul etmək bizim üçün çətindir. Çünki biz şərqlilər söyüşü söyüş kimi qəbul etmirik. Biz şərqlilər söyüşü təsəvvür edirik və gözlərimiz önündə yaranan mənzərədən dəhşətə gəlirik. Söyüş eşidəndə bizə elə gəlir ki, doğrudan da söyüş söyülən ünvanı yerə yıxıb başına oyun açırlar. Söyüşü sadəcə söz kimi qəbul etmək lazımdır. Vəssalam. Bu, hadisə deyil, bu proses deyil, bu, sadəcə və sadəcə sözdür. Qurtardı getdi.

Hər şeyin təhərini və yolunu biləndə, məqsəd adama yaxın, həm də asan görünür. Bircə dəfə təhqiri, söyüşü şirin kökə kimi yeyəndən sonra hər şey rahatlaşır.

Əziz dost, sən pul qazanmalısan. Pulsuz adam heç kimə lazım deyil. Hətta adamın öz doğma anasına da. Babam deyirdi ki, kasıb kişinin hətta bığları da gülməli görünür.

Bu sözün yaranmasının tarixçəsi var. Əlbəttə, bu sözün ağırlığını, həqiqi mənasını o vaxt anlamırdım. Zaman keçdikcə adamın nə demək istədiyini başa düşdüm.

Babamın baş mühəndisi bir gün oğlunu idarəyə gətiribmiş. Hamı uşağı tərifləyir. Hərə uşağa bir hədiyyə verir. Konfet, peçenye, şokolad, şar... Uşaq aləmi dağıdır. Əl-ayağa dolaşır. Fəhlələri söyür. Amma heç kim uşağın hərəkətlərindən incimir. Tam tərsinə, uşağın ünvanına təriflər yağdırırlar. Deyirlər ki, oğlan uşağı dəcəl olmalıdır. Bu əhvalatdan 10-15 gün sonra bir bədbəxt fəhlə də həvəslənib öz oğlunu işlədiyi idarəyə gətirir. İş yoldaşları oğlunu idarəyə gətirdiyi üçün fəhləni xeyli qınayırlar. Uşağa hədiyyə verən olmur. Uşağa olmazın sözlər deyirlər. Biri deyir, ağzı yekədir. Biri deyir, ayağı əyridir. Biri deyir, qulağı böyükdür. Axırda da, kollektiv şəkildə qərara gəlirlər ki, bu uşağın gələcəyi yoxdur...

Əgər sənin pulun olmasa, ömür boyu anandan tənbeh eşidəcəksən. O zarıyacaq. O, sənə çəkdiyi əzabın hədər yerə getdiyini hamıya deyəcək. O, yararsız adamları sənə nümunə göstərəcək.

Elə isə, niyə o yararsız adam sən özün olmayasan?! Hələ bu vaxta qədər bir ana da öz kasıb oğlu ilə fəxr etməyib. Sən nə vaxt, hansı ananın dilindən “mənim oğlum kasıbdır, mərddir, vicdanlıdır, mən onunla fəxr edirəm” sözlərini eşitmisən?

Bəlkə də, sən eşitmisən. Mən eşitməmişəm.

Bizim küçədə bir ailə yaşayırdı. Böyük qardaşın bir az pulu vardı. Balaca qardaş pul qazana bilməmişdi. Böyük qardaş anasını saymırdı. Anası ilə kobud rəftar edirdi. Yeri gələndə, anasına söyüş söyürdü. Bununla belə, o arvad hər yerdə – küçədə, mağazada, məclislərdə öz balaca oğlundan şikayət edirdi. Halbuki, balaca oğlu onu daha çox sevirdi. Onun qayğısına daha çox qalırdı. Anasını daha çox əzizləyirdi. Hamı vəziyyətin belə olduğunu bilirdi.

Bununla belə, hamı arvadın danışdıqlarına dəstək verirdi. Çünki adamlar da böyük qardaşı pulu olduğuna görə sevirdilər. Hamı balaca qardaşa nifrət edirdi. Hamı onu qınayırdı. Axırda, bədbəxt baş götürüb ölkədən qaçdı.

Sən pul qazanmalısan. Əgər pulun olsa, anan səninlə fəxr edəcək. Hər yerdə haqqında xoş sözlər söyləyəcək. Sənin tərifini göylərə qaldıracaq. Deyəcək ki, o, elə uşaqlıqdan belə dərrakəli, sözə baxan idi. Heç ağlamazdı. Utandığından süd istəmirdi. Yox, əgər pulun olmasa, tamam tərsini danışacaq. Deyəcək ki, səhərə qədər ağlayırdı. Süddən doymurdu. Bir dəqiqə mənə dinclik vermirdi. Əgər pulun olsa, anan sənə ən gözəl qız axtarıb tapacaq. Övladlarını bir nənə kimi əzizləyəcək. Pulun olmasa, nəinki səndən, hətta sənin övladlarından da zəhləsi gedəcək.

Sən yalnız və yalnız pul qazanmalısan. Narahat olma, anan heç vaxt bu pulu haradan, necə qazandığını soruşmayacaq...

Sən nə vaxt görmüsən ki, qadını pulun necə qazanılması narahat etsin? Qadınlar hədiyyə alanda soruşmur bunu necə, haradan əldə etmisən. Onlara bahalı hədiyyə lazımdır, hədiyyənin hansı yolla alınması onlar üçün maraqlı deyil.

Bilirəm, mənim sözlərim sənin ürəyini yaralayır, bununla bərabər, mənim sözlərim sənin ürəyini həm də möhkəmləndirir. Yaralanmış və möhkəmlənmiş ürəklə həyat adlı döyüşə girmək daha yaxşıdır.

XS
SM
MD
LG