Bakı şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli imtahan zamanı xoşagəlməz hallara rast gəlinmədiyini bildirir: «Bakı polisi imtahan verilən 52 binada ictimai asayişi qoruyub. İmtahanlar artıq qurtarıb. Hazırda polis imtahan vərəqələrinin TQDK-ya çatdırılmasına yardım edir».
Dövlət başçısı İlham Əliyevin göstərişi ilə neft və qaz sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə birinci ixtisas qrupu üzrə qəbul imtahanlarını uğurla vermiş 5 nəfər xaricə təhsil almağa göndəriləcək. Bunun üçün 600-dən yuxarı bal toplayan abituriyentlər arasında müsabiqə keçiriləcək. Onlar Dövlət Neft Şirkətinin hesabına təhsil alacaqlar.
Avqustun 3-də üçüncü, avqustun 8-də ikinci və beşinci, avqustun 12-də dördüncü ixtisas qruplarına imtahan keçiriləcək. TQDK-nın məlumatına görə, bu il ümumi plan yeri 25 994 olsa da, 105 min 537 abituriyent qəbul imtahanlarına qatılacaq.