Xarici işlər naziri Elmar Məmmədyarov: «Azərbaycan hazırda İslam Konfransı Təşkilatına (İKT) sədrlik edir. Digər tərəfdən Livanda Azərbaycan vətəndaşları yaşayırlar ki, bu da çox mühüm məsələdir. Amma biz gərək dəqiq bilək ki, sülhməramlılar hansı mandatla ora göndəriləcək və harada yerləşdiriləcək. Məhz bundan sonra hansısa bir qərara gəlmək olar».
Prosesi şərh edən müşahidəçilər arasında belə fikirlər də səslənir ki, Azərbaycan hərbçilərinin İsrail-Livan sərhədində də olması sülhün təminatına kömək edə bilər. Çünki Bakının həm Təl-Əviv, həm də Beyrutla münasibətləri yaxşı səviyyədədir.
İstər hərbi, istərsə də siyasi ekspertlər hesab edirlər ki, Azərbaycanın özündə münaqişəli zona olsa da, ölkənin bu cür beynəlxalq sülhməramlı missiyaların yerinə yetirilməsində iştirakının ən azı heç bir zərəri yoxdur. Milli Məclisin Təhlükəsizlik Məsələləri Daimi Komissiyasının sədr müavini, politoloq Aydın Mirzəzadə düşünür ki, əksinə bu cür beynəlxalq tədbirlərdə iştirak etməyin bir çox müsbət cəhətləri var: «Sülhməramlı qüvvələr tərkibində iştirak etmək Azərbaycanın öz əsgərini müəyyən ekstremal şəraitdə yoxlamasına, onun xaricdə tanınmasına, həmçinin dövlətin imicinin artmasına imkan verir. Artıq bu proseslərdən bizim mindən çox əsgərimiz keçib. O əsgərlər artıq vətəni qorumağa və döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə daha yaxındılar».
Azərbaycanın beynəlxalq sülhməramlı missiyalarda iştirak təcrübəsi yeni deyil. Azərbaycan əsgərləri Türkiyə qüvvələrinin tərkibində Kosovada və Əfqanıstanda sülhməramlı missiyanı həyata keçirir. Hazırda Azərbaycan əsgərləri İraqda da ABŞ qüvvələri ilə birgə anti-terror əməliyyatlarında iştirak edir.