Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:41

«Yaxın 2-3 il Azərbaycan üçün böyük əhəmiyyət daşıyır»


««Sorub aparırlar» çox kobud ifadədir»
««Sorub aparırlar» çox kobud ifadədir»
«Azərbaycan variantı»nın bu dəfəki qonağı Azərbaycan Dövlət Neft Şirkətinin sabiq prezidenti, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT koalisiyasının koordinatoru Sabit Bağırovdur. Onunla «Əsrin kontraktı»nın imzalanmasının 12-ci ildönümü ərəfəsində neft və Azərbaycanın gələcəyi mövzusunda söhbətləşdik.

- Bu günlərdə sosioloq həmkarlarımızdan kiçik bir rəy sorğusu keçirtməyi xaiş etmişdik: Neft gəlirlərinin artması ilə bağlı Azərbaycanın varlanmasını özünüzün və yaxınlarınızın həyatında hiss edirsinizmi? Respondentlərə 3 cavab variantı təklif olunmuşdu: 1) hiss edirəm, 2) ümumiyyətlə hiss etmirəm, 3) ancaq ətrafıma baxanda hiss edirəm, özümün və yaxınlarımın həyatında isə yox. Sizcə, hansı variant daha çox seçilib?


- Məncə, ikinci variant – «hiss etmirəm» variantı ilə daha çox rastlaşa bilirik. Çünki elə mən də bir sıra görüşlərdə, dəirmi masalarda təxminən elə eyni sualı verirəm. Çoxları «hiss etmirik» cavabını verirlər. Lakin sonra mən bəzi məlumatları, statistik rəqəmləri səsləndirəndə razı olurlar ki, birbaşa faydalanmasalar da, ötəri faydalanma var. Məsələn, artıq neçə ildir neft gəlirlərinin bir qismi büdcəyə keçirirlir. Bu il də nəzərdə tutulmuş belə köçürmələrin həcmi 585 milyon yeni manat təşkil edir. Büdcədən də investisya hara xərclənir? Deyilənə görə, investisiya layihələrinə. Beləliklə büdcədə imkan yaranır ki, sosial xərclər bir az da artırılsın. Pensiyalar, dövlət qulluqçularının - müəllimlərin, həkimlərin maaşları büdcədən verilir və əgər büdcəyə də neft gəlirləri böyük miqdarda köçürülürsə, deməli, dolayısı ilə bir çox vətəndaşlar artıq bir neçə ildir bəhrələnir.


- 12 il əvvəl kontraktlar imzalanıb. Az vaxt deyil. İndi bizim olduğumuz mərhələ sizdə hansısa bir ümidi yaradırmı ki, biz müsbət sonluğa yaxınlaşırırıq, yoxsa əksinə həyəcanlar və narahatlıqlar getdikcə artır?


- Neft gəlirlərinin istifadəsi ölkə üçün böyük imkanlar yaradır. Biz bu imkanlardan istifadə edə biləcəyikmi? Dünyada təbii ehtiyatlarla zəngin olan 51 ölkə var. Təbii ehtiyatlarla zəngin olan o ölkədir ki, orada daxili məcmu məhsulun 25%-dən çoxu məhz təbii ehtiytların istismarından əldə olunur. Bizdə yan sahələrlə birlikdə bu rəqəm 40%-dir. Azərbaycan da bu ölkələr sırasına daxildir. Bu ölkələrin gəlirlərinə diqqət yetirsək, görərik ki, onlardan səmərəli istifadə edən ölkələr də var, səmərəsiz istifadə edənlər də. Sonuncular daha çoxdur. Azərbaycan da bu təcrübəni nəzərə almalıdır. Çalışmalıdır ki, ölkə qarşısında duran bir sıra problemlərin həlli üçün müəyyən addımlar atılsın. Məsələn, çalışmalıyıq ki, qeyri-neft sektorunu inkişaf etdirək. Çünki hasilatın zirvəsinə haradasa 2009-2010-cu ildə çatacağıq. Ondan sonra, yeni yataqlar aşkar edilməsə, hasilat azalmağa başlayacaq. Ümumi daxili məhsulun və büdcə xərclərinin indiki artım templərini hasilatın zirvə ilindən sonra saxlamaq çətin olacaq. Büdcəni götürsək, iqtisadiyyatımız, əhalimiz müəyyən xərclərə alışırsa, sonra bu xərcləri azaltmaq olmayacaq. Müəyyən templərlə yenə də artmalıdır. Artımı təmin etmək üçün gərək iqtisadiyyatın digər sahələri işləsin, neft gəlirlərini əvəz etsin. Ümumiyyətlə, ölkəmizin qarşısında iqtisadi və sosial sahədə iki böyük məqsəd durur. Birincisi, rəqabətə davamlı və neftdən asılı olmayan iqtisadiyyatı inkişaf etdirmək. İkincisi, rəqabətə davamlı, neftdən asılı olmayan insan yetişdirmək. Bu insan neftə bağlı olmadan qazanc əldə edə bilsin, xarici ölkələrdə qul kimi yox, mütəxəssis kimi işləyə bilsin. Bu gün artıq iqtisadi artım nəzəriyyələrində əsas diqqət insan amilinə verilir.


- Sədd haradadır ki, həmin vaxta qədər biz deyə bilərik ki, hələlik bütün şanslar qabaqdadır, yaxud şanslardan istifadə edirik və ya üçüncüsü, bizim üçün daha arzuolunmazı – bu şansları biz əlimizdən qaçırdıq?


- Yaxın 2-3 il Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu dövrdə çox ciddi addımlar atılmalıdır islahatlar sahəsində. Əgər belə addımlar atılmazsa, Neft Fondunda toplanan gəlirlərin yaxın gələcəkdə böyük miqdarda istifadəsinə məcbur olacağıq. Bu, arzuolunmazdır.


- Neft məsələsi ilə cəmiyyətimizin bütün sahələrini bağlamışıq – neft və demokratiya, neft və Qarabağ... Birincidən başlayaq. Yəqin ki, siz çox eşidirsiz belə ittihamları: demokratiyanı neftə satdılar, neft maraqları, iqtisadi maraqlar Qərbi demokratik maraqlardan çəkindirir. Necə düşünürsüz, belədirmi?


- Azərbaycandakı xarici şirkətlərin sabitlikdə çox böyük maraqları var. Sabitliyin qorunmasında da neft gəlirləri hökumət üçün böyük imkanlar yaradır. Lakin nəzərə almalıyıq ki, 20-30 ildən sonra stiuasiya dəyişəcək və onda Azərbaycanın ciddi problemlərlə qarşı-qarşıya durmaması üçün bu gün müəyyən işlər görülməlidir. Demokratiya mütləq bərqərar edilməli, opponentlik olmalıdır.


- Layihəmizdə bir rubrikadan da istifadə edirik: «Müttəfiq sualı və rəqib sualı». Təbii ki, bu məsələlərdə özümüzə hələlik yaxın ölkələrdən Gürcüstanı müttəfiq kimi görürük, rəqib kimi Ermənistanı görürük. Ona görə də onların jurnalistlərindən ən çox o cəmiyyətdə səslənən fikirlərdən ibarət bir sual göndərilməsini xahiş etmişdik. Gürcü jurnalistlərinin sualı belədir: «vacib və həmişə aktual olacaq suallardan biri də kəmərin təhlükəsizliyi ilə əlaqədardır. Azərbaycanda da Gürcüstanda da BTC üçün ən böyük təhlükə regional müaaqişələrdir – Qarabağ, Şimali Osetiya, Abxaziya. Nəyə görə neft kəmərinin işə salınması münaqişələrin həllinin sürətlənməsini stimullaşdırmadı? Ümumiyyətlə biz bu məsələdə Qərbin, xüsusən də ABŞ-ın ciddi dəstəyinə ümid edə bilərikmi?»


- Müəyyən stimullar yaratmışdı boru kəməri. Ancaq bu stimulların gücü konfliktin gücündən zəif oldu. Amerikanın dəstəyinə gəldikdə, o çox maraqlıdı. ABŞ-dan başqa dövlətlər də var bu məsələlərin həllində maraqlı. Onların da Amerika hökumətinə təsiri var. Konfliktin həllini başqa cür görürlər, öz xeyirlərinə həll etmək istəyirlər. Stiuasiya bundan ibarətdir.


- Sizin koalisiyanın sazişə dair təhlil materiallarında qeyd olunur ki, layihənin icrası ciddi risklərlə bağlıdır. O cümlədən Azərbaycanla Ermənistan arasındakı açıq münaqişənin yenidən meydana çıxma ehtimalı var ki, bu da Bakı-Ceyhan, Bakı-Supsa kəmərlərinə təhlükə yaradar və bütövlükdə regionu investisyaya cəlb etmə imkanlarını azalda bilər. Bu o deməkdirmi ki, layihənin işlədiyi dövrdə Azərbaycanın itirilmiş torpaqlarının müharibə yolu ilə qaytarmaq cəhdlərindən söhbət gedə bilməz və əgər belə cəhdlər olarsa nəhəng şirkətlər və onları himayə edən dövlətlər də bu cəhdlərə qarşı çıxacaq?


- Yəqin ki, xarici dövlətlər öz səfirlikləri, şirkətləri vasitəsi ilə daim təzyiq göstərəcək və göstərir ki, müharibə yolu seçilməsin. Təbii ki, bu yolla Qarabağ problemin müharibə yolu ilə həll olunma ehtimalı kontraktın işlədiyi dövrdə çox çətindir.


- İndi isə erməni jurnalistinin sualı: «Bu müqaviləni bir tərəfdən iri neft şirkətləri, digər tərəfdən Azərbaycan hökuməti imzalayıb. Eyni zamanda bu şirkətlərin riskli şəraitin idarə olunması strategiyalarında qeyd olunub ki, onlar fəaliyyət göstərdikləri ölkədə siyasi sabitliyi təmin etməyə çalışacaqlar. Azərbaycan hökuməti üçün «siyasi sabitlik» sözünün mənası hamıya aydındır – öz hakmiyyətini möhkəmlətmək. Bu o deməkdirmi ki, nə qədər ki, transmilli şirkətlər sizin neftinizi sovurub apardırlar, hakimiyyətdə hər hansı dəyişiklik, demli həm də demokratik inkişaf baş verməyəcək?»


- «Sorub aparırlar» çox kobud ifadədir. İstənilən layihə investitor üçün müəyyən qazanclar vəd etməsə heç bir iş adamı, heç bir biznesmen, bu sərmayə yatırımlarına getməz. Mən bir şeyi də deyim ki, bizim imzladığımız müqavilə beynəlxalq araşdırmalalra görə dünyada olan təcrübə ilə müqayisədə haradasa orta səviyyədədir. O ki qaldı sabitliyə, istənilən hökumət çalışır ki, öz hakimiyyətini qoruyub saxlasın. Düzdür, baxır o demokratik prinsiplərə əməl edir, ya yox. Azərbaycanda vəziyyət belədir ki, hakimiyyət stiuasiyanı saxlamaq istəyir və açığı, neft gəlirləri buna geniş imkan verir. Neft gəlirləri ilə istənilən sosial gərginliyi azltmaq mümkündür. Xarici şirkətlər münaqişələri istəmirlər. Amma hakimiyyətin dəyişməsi sakit bir şəraitdə baş verirsə, buna elə də qarşı çıxmırlar. Xüsusən də hakimiyyətə gələcək qüvvə kontraktlara açıqdırsa. Əlbəttə, onlar siyasi münaqişələrdən qorxurlar. Hazırda Azərbaycanda elə bir ciddi müxalifət qüvvəsi yoxdur ki, müqavilələrə qarşı çıxsın.


XS
SM
MD
LG