700-ə yaxın Ukrayna hərbçisi əsir düşüb
Donetsk vilayətindəki son döyüşlərdən sonra 680 Ukrayna hərbçisi əsir düşüb. Bunu jurnalistlərə əsirlərin dəyişməsi üzrə xüsusi mərkəzin rəhbəri general-polkovnik Vladimir Ruban bildirib. Onun sözlərinə görə, Donetsk şəhərinə gətirilən bu əsirlərin 80 faizi İlovaysk ətrafında mühasirəyə düşən hərbi hissələrin əsgər və zabitləridir. Yaranmış vəziyyəti “fəlakət” adlandıran Ruban əlavə edib: “Hərbi əməliyyatlar sanki elə aparılır ki, məqsədyönlü şəkildə əsgərlərin əsir düşməsi təmin olunsun”.
AzadliqRadiosu xəbər verir ki, sosial media Ukrayna əsirlərinin alçaldılması səhnələri ilə onlarla video yayılıb. Ruban bildirib ki, Luqansk və Donetsk şəhərlərində saxlanılan əsirlərin ərzaq təminatında çətinliklər var.
Danışıqlar sentyabrın 5-də davam edəcək
Minskdə Ukrayna böhranı üzrə kontakt qrupunun iclası 4 saat çəkib. İclasdan sonra jurnalistlərlə «Donetsk Xalq Respublikası»nın baş nazirinin müavini Andrei Purgin danışıb.
O deyib ki, sənədlər mübadiləsi olub:
«Ukrayna tərəfi öz sənədlərini bizə verdi. Biz isə öz sənədlərimizi onlara verdik».
«İndi biz bir də sentyabrın 5-də görüşəcəyik. Yəqin ki, Minskdə».
«Məsləhətləşmələri davam etdirəcəyik. Məncə, konkretliyə keçəcəyik».
A.Purgin deyib ki, «indi taym-aut götürməyin vaxtıdır». Bu fasilədə «təklifləri təhlil etmək lazımdır».
«Ola bilsin ki, bəzi bəndlər bizim üçün məqbuldur, bəziləri Ukrayna tərəfi üçün».
A.Purgin özlərinin təklif etdiyi 9 bəndlik planı isə açıqlamayıb. O deyib ki, bunu ictimaiyyətə təqdim etməyin vaxtı deyil.
O bildirib ki, bugünkü görüşdə atəşin dayandırılması üçün ilk addımlar atıldı.
Danışıqlara yaxın olan mənbə ITAR-TASS agentliyinə deyib ki, müxtəlif işçi qruplar yaradılacaq. Bir qrup atəşin dayandırılması, digər qrup əsirlərin dəyişdirilməsi, başqa bir qrup ağır artilleriyadan və aviasiyadan istifadə və nəzarət üzrə olacaq.
Minskdə sentyabrın 1-dəki danışıqlarda konkret daha nələr olub, bu barədə məlumat verilmir.
UKRAYNA LUQANSK AEROPORTUNU İTİRİR
Ukrayna müdafiə naziri Heletey FB səhifəsində yazır ki, Ukraynadakı antiterror əmliyyatı qələbə ilə başa çatıb, Rusiya ilə müharibə başlayıb. Müdafiə nazirinin fikrincə indiyədək "hibrid" müharibə aparan Rusiya artıq Ukraynanın yeni ərazilərini işğal etmək üçün açıq hərbi müdaxilə yoluna qədəm qoyub.
Ukrayna prezidenti Petro Poroshenko da bu günlərdə Rusiyanı öz ölkəsinə qarşı müharibə aparmaqda ittiham edib. Ukrayna tərəfi dəfələrlə öz qoşunlarına Rusiya ərazsindən hücumların baş verdiyini və bu hücumlarda Rusiya silahlı qüvvələrinin hissələrinin və hrəbi texnikasının iştirak etdiyini bəyan edib.
Separatçıların lideri Donbassda 4000 minə yaxın Rusiya hərbçisinin vuruşduğunu təsdiqləsə də, onların döyüşlərdə könüllü kimi iştirak etdiyini bildirib. NATO-nun bəyanatında bu rəqəmlər 1000-ə yaxındır. Bundan başqa NATO Ukraynaya soxulan Rusiya hərbi karvanlarının kosmosdan çıkilən şəkillərini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin isə Rusiya qoşunlarının Donbassdakı hərbi əməliyyatlarda iştirakını inkar edərək bəyan edir ki, oradakı vətəndaş müharibəsidir.
Sentyabrın 1-də Ukrayna tərəfi növbəti hərbi məğlubiyyətini boynuna alıb. Bu dəfə Ukrayna hərbçiləri strateji əhəmiyyəti olan Luqansk aeroportundan geri çəkilməyə məcbur olub. Rusiyameylli qüvvələr bu uğurlarını möhkəmlədə biləsələr, artıq ancaq quru yolu ilə deyil, hava yolu ilə də Rusiyadan hərbi yardım almaq imkanı qazanacaqlar.
Separatçılar Ukraynada qalmağa «xüsusi status» istəyir
Minskdə kontakt qrupunun iclası başlanmazdan əvvəl iclasa gələn Şərqi Ukraynadan olan rusiyapərəst separatçılar bəyanatla çıxış ediblər.
Onlar bildiriblər ki, Ukraynanın tərkibində qalmağa hazır ola bilərlər, bir şərtlə ki, Donetsk və Luqansk regionları ərazisinə «xüsusi status» verilsin.
Bunu «Reuters» Rusiyanın xəbər agentliklərinə istinadla bildirir.
Separatçıların irəli sürdüyü əsas şərtlərdən biri də hərbi əməliyyatın dərhal dayandırılmasıdır.
«Reuters»in fikrincə, ilk baxışdan separatçıların şərtləri Kiyev üçün məqbul görünmür.