Ukraynada Krım həyəcanı
Donbass münaqişəsində Krımın xüsusi rolu var. Əvvəla, burada separatçılar məhz Krımın ilhaqından sonra fəallaşdılar. Onlar ümid edirdilər ki, Krımdakı kimi inzibati binaları zəbt edib, sonra təcili referendum keçirəndən sonra Donetsk və Luqansk da Ukraynadan ayrıla biləcək. Lakin nə Ukrayna hakimiyyəti Krımdakı kimi fəaliyyətsizlik göstərdi, nə də Rusiya Ukraynanın yeni ərazilərini öz tərkibinə qatmağa tələsdi. Krımdan gələn yaraqlılar, Donbass separatçılarının özəyini təşkil edirdi. Tez-tez Krımdakı keçmiş sovet texnikasının Ukraynaya gətirilməsi haqda xəbərlər də yayılır. İndi isə Ukraynada Krım tərəfdən Rusiya qoşunlarının hücumunu da gözləyirlər. Buna əsas kimi, Rusiya qoşunlarının Krımın şimalına cəmləşdiyini bildirirlər.
Ukrayna hökuməti ilə separatçılar atəşkəs razılaşması imzaladı
Minskdə Ukrayna böhranı ilə bağlı aparılan danışıqlarda atəşkəs razılaşması imzalanıb.
«Interfax» agentliyinin məlumatına görə, Ukrayna hökuməti və separatçıların nümayəndələri arasında imzalanan razılaşma sentyabrın 5-i, Bakı vaxtilə 20:00-da qüvvəyə minməlidir.
Məlumatı Ukrayna prezidenti Petro Poroshenko və ATƏT təsdiqləyib.
14 bəndlik sənəddə monitorinq, əsirlərin dəyişdirilməsi və digər məsələlər yer alır.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə deyib ki, bu razılaşmanı Avropa Birliyi ilə ABŞ da dəstəkləməlidir.
Mariupolda ağır döyüşlər gedir
Rusiya ordusu Ukraynanın Mariupol şəhərinə hücumu bərpa edib.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andriy Lysenko xəbər verir.
O, hazırda Şirokino kəndi ətrafında ağır döyülər getdiyini və Ukrayna ordusunun əlavə kömək aldığını deyir.
«Interfax» agentliyi bu arada «Donetsk Xalq Respublikası»nın nümayəndəsinə istinadla xəbər verir ki, artıq separatçıların ilk qrupu şəhərə daxil olub.
Amma bu məlumat hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.
Ukrayna mətbuatı isə şəhərdə 2 uşaq və 1 sakinin öldüyünü yazır.
Andriy Lysenko-nun dediyinə görə, şəhər uğrunda gedən son döyüşlərdə 7 Ukrayna hərbçisi ölüb, 59-u yaralanıb.
#Ukrayna Mariupol beş aylıq münaqişə dövründə ən qaynar nöqtəyə çevrilib http://t.co/7oyO9KE4Qj
— AzadliqRadiosu (@RadioAzadliq) 5.9.2014