-
Bu xəbər cəmi bir neçə kitab dükanı olan Bakının pullu-pulsuz sakinlərinə qəribə gəlməyə bilər.
New-York şəhərinin 1,5 milyon nəfər əhalisi olan Bronx rayonu kitabsız qalmaq astanasındadır.
Rayonun sonuncu kitab dükanı “Bay Plaza” ticarət mərkəzində kirələdiyi məkandan çıxarılır.
Amerikanın ən böyük kitab satışı şəbəkəsi “Barnes & Noble” ticarət mərkəzinin kirayə haqqını qaldırmaq istəyi qarşısında acizdir.
“Barnes & Noble” indiki elektron kitab bumu dövründə xərclərini azaltmağa çalışır, hətta bu ilin qışında New-York-un mərkəzində - 5-ci xiyabandakı ən məşhur kitab dükanını da bağlayıb.
Ticarət mərkəzindən bildiriblər ki, icarə müddəti bitməkdədir və həmin məkana daha çox pul vermək istəyənlər var.
24 yaşlı Amelia Zaino İnternetdə Bronx-un sonuncu kitab dükanının qorunub saxlanması üçün kampaniyaya başlayıb.
O bildirir ki, baş verənlər Bronx sakinlərinə təhqirdir. Çünki bu, adi bir dükan deyil, rayon sakinləri üçün mühüm olan bir xidmətdir. Həm də yerli sakinlər üçün bir mədəni mərkəzdir.