-
"İndi Elnurun çıxışından meqaorqazm keçirən insanlar və bu insanlara oxşayanlar o vaxt Elnur barədə ən iyrənc kəlmələrlə, ən iyrənc ifadələrlə danışır, söyür, təhqir edirdilər".
Günel Mövlud
Və ya Azərbaycanı təmsil etməyən Elnur
Dünən gecə hamı Elnur barədə yazırdı. Dünən hamı Elnur barədə danışırdı.
Dünən axşam hamı Elnura heyran idi, Elnuru sevirdi, ağlayırdı, kövrəlirdi.
Dünən bütün Azərbaycan Elnurdan ibarət idi, dünən bütün Azərbaycanın ürəyi Elnurla döyünürdü.
Çox romantik oldu, eləmi? Babat da pafoslu. Amma doğrudan da belə idi.
Elnuru başqa, böyük, şou sahəsindəki imkanları hüdudsuz bir ölkədə qazandığı uğurları ilə baş-başa, xalqımızı isə Elnur sevgisi ilə çiyin-çiyinə qoyub, qayıdaq bir neçə il əvvələ.
O ilə ki, Azərbaycan ilk dəfə "Eurovizion"da təmsil olunacaqdı.
Və Azərbaycanı təmsil edən iki gəncdən biri də həmin bu Elnur idi. Musiqiçi olmadığımdan, hansısa müğənninin səs, texnika imkanlarını yoxlama bacarığım olmadığından, həmin çıxışda Samirlə Elnur adlı gənclərin necə, hansı səviyyədə oxumalarından, ölkəni hansı səviyyədə təqdim etmələrindən danışa bilmərəm.
Açığı, sözügedən yarışmaya heç vaxt baxmıram da. Nə rəğbətim var, nə ikrahım. Müxtəlif ölkələrdə keçirilən minlərlə musiqi, səs yarışmasına laqeyd olduğum kimi, "Eurovizion"a da laqeydəm. İstəyir, lap o müsabiqədə çıxış edən doğma bacım-qardaşım, nə bilim, baldızım olsun.
Maraqlı deyil. baxmıram. Maraqlanmıram.
O vaxt Azərbaycanı təmsil edən Samirlə Elnur isə ona görə yadımda qalıb ki, həmin il bir dostumuzun toyu idi və həmişə sadə, təvazökar adam kimi tanıdığımız dostumuz öz toyunu izaholunmaz, dəhşətli dərəcədə bir dəbdəbə ilə keçirmişdi.
O vaxt bir yazar dostum bu toyu belə təsvir eləmişdi:
- Toyda bir o qalmışdı ki, Samirlə Elnur qanad taxıb, «dey, after dey» oxusunlar!
Nə isə. Yadımdadı ki, həmin yarışmada bu iki qanadlı gənc elə bir yer-zad tutmamışdılar. Əvəzində bir müddət sonra Elnurun şəxsi həyatı ilə bağlı bir video çıxmışdı ortalığa. Təbii ki, qınanılası, iyrənc bir hərəkət idi kiminsə şəxsi həyatını çəkib yaymaq. Amma o vaxt indi Elnurun çıxışından meqaorqazm keçirən insanlar və bu insanlara oxşayanlar Elnur barədə ən iyrənc kəlmələrlə, ən iyrənc ifadələrlə danışır, söyür, təhqir edirdilər. Bizim toplum çox qəddardı. Uduzanları, yıxılanları, bir balaca büdrəyənləri bağışlamaz. Qətiyyən əfv etməz.
O vaxt bu gənci də heç əfv etmədilər. Ağızlarına gələni ən iyrənc, ən qəddar şəkildə dedilər, yazdılar.
O vaxtdan Elnur bir növ inzivaya çəkildi. Harada idi, nə işlə məşğul idi, heç kimin xəbəri yoxudu. İndi qəfil Türkiyədə alababat bir səs yarışmasında peyda olub. Türkiyəli bir-iki məşhurun diqqətini çəkib. Ebru Gündeş-zad Elnurun barəsində yaxşı sözlər deyib.
İlahi, o nə "orgiya" idi başlandı ölkədə? Elnurun o səs yarışmasındakı uğuruna bizim məzlum, fağır, əzilmiş, çiləkeş, yazıq, uğura, qələbəyə dəhşətli ehtiyacı olan toplum nə günə düşdü? O nə sevgi etirafları idi, o nə heyranlıq ifadəsi, o nə yaltaqlanma, sahiblənmə göstərisi idi?! Bütün xalq özünü elə apardı ki, elə bil Elnurun böyüməsində, müsiqi məktəbinə getməsində, not öyrənməsində, ifaçılıq sənətinə yiyələnməsində, bu işləri görərkən avtobusda, metroda, taksidə, təyyarədə gedib-gəlməsində bilavasitə əziyyət çəkib, pul, əsəb, vaxt xərcləyib. Özlərini elə apardılar, elə bil, məhəllə-məhəllə pul yığıb, Elnuru ora göndəriblər, indi də sevindiklərindən yerə-göyə sığmırlar. (Ardı aşağıda)
Nə dəxli var ki, beş-altı il əvvəl eyni ifaçını ən iyrənc kəlmələrlə təhqir ediblər? Əsas odu ki, bu gün bir-iki türkiyəli məşhur Elnuru qucaqlayıb öpür, tərifləyir, heyranlıq bildirir.
Ebru Gündeş qucaqlayıb, öpdü deyə bir adamı baş tacı edən toplum ciddi ola bilməz. Bir toplumun ki, öz zövqü olmaya. Bir toplumun ki, rəğbətini, sevgisini qazanmaq üçün Ebru Gündeşin öpüşünə ehtiyac ola, o nə toplumdur axı? Hanı onun öz zövqü, öz rəğbəti, öz münasibəti? Axtarsan, bunların elə yazıçıya, qələm adamına da münasibətləri budur.
Məsələn, bu toplum məni oxusun, qəbul eləsin deyə, mən də gedib, Ebru Gündeşlə öpüşməliyəm.
Əgər Elnurun güclü qürur hissi, özgüvəni, bir az da gözütoxluğu olsaydı, bir vaxtlar onu təhqir edənləri,bu gün isə «Elnur Azərbaycanı təmsil edir!» kimi hiperorqazmik çığırıqlar atanları çox pis utandırardı. Deyərdi ki, mən Azərbaycanı-zadı təmsil eləmirəm, elə təkcə özümü təmsil edirəm. Amma deməyəcək.
Çünki lap bu dəqiqələrdə Azərbaycandan Elnura yüzlərlə təklif başlayıb. Televiziya, şou layihələrindən tutmuş, məşhur adama pul xərcləmək kimi azarları olan nazir balalarına qədər. Toyunda Türkiyəni heyran qoymuş adamı görmək istəyən varlı balalarına qədər. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Yüksək məbləğdə qonorarlar, bahalı hədiyyələr. Meyxanaçılara maşın bağışlayanlar, Elnura nələr bağışlayar?
Hərdən mənə elə gəlir ki, bəzi mədəni, yaradıcı, dünyadan xəbəri olan xalqlar, qurumlar, insanlar üçün bizim cəmiyyət mədəni, şəhərli bir intelligentin kənddən xeyli mal-qara satıb gəlmiş dayısı kimidir. Üstündən mal, təzək iyi gəlir, danışığın bilmir, dost-tanışın yanında qızıl dişini parıldadıb, adamı biabır eləyir. Amma pulu var, restoranda hesab verir, cibinə pul basır. Məcbur qalıb, burnunu tuta-tuta, ürəyi bulana-bulana, hirsindən zəncir gəmirə-gəmirə dözür.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)