«Xədicə İsmayıla qarşı ittiham absurddur»
Vəkil Elton Quliyev deyir ki, Xədicə İsmayıla qarşı ittiham absurd ehtimallar əsasında irəli sürülüb.
«Məhkəmənin qərarı əsassızdır və Xədicə İsmayılın jurnalist fəaliyyəti ilə bağlıdır» - vəkil məhkəmə iclasından sonra bildirib.
#khadija ATƏT: «Xədicə İsmayılın həbsi Azərbaycanda azad mediaya təzyiqlərin son nümunəsidir» http://t.co/6PC9DuWb9x http://t.co/y1I6B9HrUK
— AzadliqRadiosu (@RadioAzadliq) 5.12.2014
«Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır»
Azad Avropa/Azadlıq radioları korporasiyasının baş redaktoru Nenad Pejic Xədicə İsmayılın həbsi barədə açıqlama yayıb. Açıqlamada deyilir:
«Xədicə İsmayılın saxlanması və həbsi Azərbaycanda hökumət aparatında korrupsiya və insan haqları pozuntularını araşdıran jurnalisti susdurmaq üçün iki ildir davam edən kampaniyanın nəticəsidir. Bu gün ona biabırçı ittihamlar irəli sürülüb. Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır».
Müsavat: Xədicə İsmayılın həbsi hakim ailə biznesini araşdırması ilə bağlıdır»
Müsavat Partiyası jurnalist Xədicə İsmayılın həbsini pisləyən bəyanat yayıb. Bəyanatda jurnalistin bundan öncə də təqib və təzyiqlərə məruz qaldığı xatırladılır, ona qarşı qaldırılan cinayət «uydurma» adlandırılır:
«Məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son yazısından sonra hüquq-mühafizə orqanlarının yeni bir cinayət uydurması bəzi mətləblərdən xəbər verir. Uydurma maddə ilə jurnalist X.İsmayılı həbs etməsi Azərbaycanın qanunlarla deyil, tapşırıqlarla idarə olunduğunu bir daha təsdiqləyir».
Bəyanatda hakimiyyətdən Xədicə İsmayılın dərhal azadlığa buraxılması tələb olunur:
«Müsavat Partiyası Xədicə İsmayılın həbs edilməsinin əslində onun hakim ailənin biznes əlaqələrinin tədqiqi ilə əlaqədar olduğunu bildirir. Partiya, həmçinin, hakimiyyətin azad sözə qarşı dözümsüzlüyünü bəyan edərək bu qanunsuzluğu pisləyir və jurnalistin dərhal həbsdən azad olunmasını tələb edir».