«Heç kim vəzifəsini itirmədi»
Cəmil Həsənli mayın 19-da baş verən yanğından da danışıb: «Dövlət adamlarının cinayəti nəticəsində 15 vətəndaşımız həyatını itirdi. Onlardan dörd körpə, biri yeniyetmə idi. Ancaq heç kim vəzifəsini itirmədi. Belə şey olar? İnsanlar yanıb, boğulub. Abid Şərifov deyir ki, Fövqəladə Hallar Nazirliyinin texnikası ora girə bilmirdi. Ölüm üzlüklərini o binalara vuranda bilmirdiniz ki, bunun qarşısını almaq olmayacaq? Azərbaycan vətəndaşlarını bu cür ölümə məhkum edənlərə ar olsun!».
Bundan sonra mitinqçilər «İstefa!», «İlham rədd ol!» şüarları səsləndirib.
Günahkarlar cəzalandırılsın!
Mitinqin qətnaməsində hakimiyyətdən 19 may yanğınında və əsgər ölümlərində günahkar olanların cəzalandırılması tələb edilib.
Mitinq sona çatandan sonra Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna deyib ki, hökumətin təzyiqlərinə baxmayaraq, mitinq alınıb:
«Baxmayaraq ki, adamların iştirakına, bəzi plakatların buraxılmasına mane oldular, ancaq camaatın etirazı baş tutdu».
AXCP sədri Əli Kərimli də deyib ki, «mitinqçilərə yaradılan maneələr hakimiyyəti yüksəltmir, alçaldır».
İki nəfər saxlanıldı
Mitinqin sonunda polis iki nəfər aksiyaçını saxlayaraq polis maşınına basıb.
Polis onların nə səbəbə saxlanması haqqında açıqlama verməyib.
Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna deyib ki, bu, mitinqə gələnlərdə xof yaratmaq üçündür.