Etiraz aksiyalarında olduğu kimi...
Jurnalistlər məhkəməyə ilk dəfə olaraq etiraz aksiyalarında istifadə olunan fərqləndirici geyimdə gəliblər.
AzadlıqRadiosuna deyiblər ki, onlar bununla Xədicə İsmayılın jurnalistlik fəaliyyətinə görə həbs edildiyini göstərmək istəyirlər.
«Bu, hökumətin Xədicə İsmayıla qərəzli münasibətinin göstəricisidir»
Xədicə İsmayılın məhkəməsini izləməyə gələn, amma qapı dalında qalanlardan biri olan AXCP sədri Əli Kərimli hesab edir ki, zala prosesə dəxili olmayan adamlar buraxılıb. Onun fikrincə, bununla da ictimai fəalları, jurnalistləri məhkəmədən uzaq tutmaq niyyəti güdülüb: «Əslində Xədicə xanımın məhkəməsinə münasibət dövlətin Xədicə İsmayıla qərəzli münasibətini göstərir. Proseslə heç maraqlanmayan, xüsusi hazırlıqlı adamları gətirib içəri doldurublar ki, zalda boş yer olmasın. Bunu əsas gətirib jurnalistləri, Xədicə xanıma mənəvi dəstək olmaq istəyənləri içəri buraxmasınlar. Bu, hökumətin Xədicə İsmayıla xüsusi münasibətini göstərir. Bu, Xədicə İsmayılın İlham Əliyev və ailəsinin biznesi ilə bağlı apardığı jurnalist araşdırmaları ilə bağlıdır».
Əli Kərimli deyir ki, heç kəsə Xədicə İsmayılın həbsinin jurnalist fəaliyyəti ilə bağlılığı sirr deyil: «Ancaq hökumət ağılsızlıq edir. Çünki Xədicənin həbsi o araşdırmalarla tanış olmayan adamları da maraqlandırdı, onlar da İlham Əliyevin və ailəsinin biznes şəbəkəsi haqqında oxumağa başladı. Xədicə İsmayıl bu gün söz azadlığının keşiyində durduğuna, cəsarətinə görə həbsdədir və o, bu gün azad sözün simvoludur. Biz hamımız ona dəstəyik».
Xədicə İsmayılın məhkəməsində jurnalist həmrəyliyi
Tural Mustafayev də məhkəmədədir
İstintaqda Xədicə İsmayılın özünü öldürmə həddinə çatdırdığı iddia olunan Tural Mustafayev də məhkəməyə gəlib. O, prosesdə Xədicəyə qarşı ifadələri hansı təzyiqlərlə verdiyini etiraf etməyə gəldiyini deyir:
«Gəlmişəm məhkəmədə etiraf edim ki, nələr baş verib, nəyə məcbur olmuşam, kimlər tərəfindən məcbur edilmişəm».
Tural Mustafayev deyir ki, məhkəmədə şantaj edilən hər kəsin adını açıqlayacaq: «Onlar hamısı bilirdilər ki, məsələ nə yerdədir. Mən susduğum halda onlar da susmuşdular. Mən hər şeyi açıqlayacağam».