“Bu, birbaşa hakimiyyətin məsuliyyətidir”
“Bu ölkədəki siyasi ab-havanın nəticəsidir. Cinayətlər cəzasız qalır. Xüsusilə jurnalistlərə qarşı. Hər kəs elə bir ki, hakimiyyət kimi davrana bilər. Hakimiyyət jurnalistlərə o qədər basqı edir ki, hər kəs onlarla istədiyi kimi dvrana bilir. Xüsusilə müstəqil, tənqidçi jurnalistika ilə bağlı belə bir hiss formalaşıb ki, hər kəs onları döyə bilir”.
Bunu jurnalist Şahvələd Çobanoğlu Rasim Əliyevin ölümünə münasibət bildirərkən deyib:
“İnsanlar görəndə ki, polislər jurnalistləri döyür və cəzasız qalır, fikirləşirlər ki, deməli onlar da döyə bilər. Rasim də bu siyasətin qurbanı olub. İlkin versiya budur ki, bunu edənlər bir idmançının qohumlarıdır. Bunu Rasim də müsahibəsində təsdiq edib. Azərbaycan hakimiyyəti də elan edib ki, bu idman dövlətidir, bütün üstünlükləri idmançılara veriblər. Nəticə budur ki, onlar hər şey edə bilərlər. Rasim də bunun qurbanı olub. Rasim insan haqları və söz azadlığı üçün çalışan bir adam idi”. “Fakt budur ki, bu gün Azərbaycanda media sahəsində yaranmış mühit bu cür cinayətlərin həyata keçirilməsinə çox ciddi zəmin yaradır”. Bunu isə
Turan agentliyinin direktoru Mehman Əliyev deyib:
Təsadüfi deyil ki, bu gün 13 jurnalist və bloqqer həbsxanadadır. Xədicə İsmayılın məhkəməsi gedir, nələr baş verdiyini görürük. Məhkəmə binasının qarşısında Tapdıq Fərhadoğluna və başqa jurnalistlərə qarşı fiziki zor işləndi. Buna hökumət tərəfdən heç bir reaksiya olmadı. Bütün bunlar onu göstəriri ki, bu əhval-ruhiyyə, siyasi durum konkret mediaya, söz azadlığına qarşı olan münasibət bu cür cinayətlərin törənməsinə imkan yaradır. Bu, birbaşa hakimiyyətin məsuliyyətidir”.
Cavid Hüseynov “Qəbələ”dən kənarlaşdırıldı
“Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb”.
“Qəbələ” futbol klubunun avqustun 9-da yaydığı bəyantda belə deyilir. Bəyanat komandanın saytında yayılıb.
Bəyanatd bildirilir ki, jurnalist Rasim Əliyevin vəfat etməsi xəbəri komandada böyük üzüntü ilə qarşılanıb.
“Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlamışdır. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilmiş, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olmuşdur. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilmiş, heç vaxt sərt reaksiya verilməmişdir. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirmişdir. Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq”.
Komandanın meneceri Səbuhi Səfiyarlı AzadlıqRadiosuna bildirib ki, bu hadisənin çox ciddi araşdırılmasına ehtiyac var: “Hüquq-mühafizə orqanları işi araşdırmağa başlayıb. Kim günahkardırsa, cəzasını alacaq. Bizim klubun bu hadisə ilə heç bir əlaqəsi yoxdur”.
Futbolçunun bibisi oğlu saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.
Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.
Jurnalistin ölümünün səbəbləri araşdırılır
Səhiyyə Nazirliyi jurnalist Rasim Əliyevin ölümünün səbəblərini araşdırır.
Bunu Trend-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Onun dediyinə görə, jurnalistin ölümünün baş vermə səbəbləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin mütəxəssislərinin araşdırmasından sonra bəlli olacaq.
Yekun məlumat müayinənin nəticələrindən sonra müəyyənləşəcək.