Prezidentin xeyir- duası ilə istifadəyə verilən binada hələ görülməli xeyli iş var. Bina sənədləşdirilməyib, telefonlaşdırılmayıb. Kommunal vəziyyəti və dam örtüyü bərbad vəziyyətdədir.
“5 ildir binanı istifadəmizə veriblər. Dam örtüyü bərbad vəziyyətdədir, kanalizasiya sistemi də həmçinin... Binanın üzlük daşları qopub tökülür”.
Söhbət Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən, Qarabağ əlilləri və müharibədə həlak olanların ailələrinin yaşadığı binadan gedir.
PREZİDENTİN VƏ NAZİRİN XEYİR DUASI İLƏ...
Dördmərtəbəli yaşayış binası 2010-cu ilin mayında prezident İlham Əliyevin rayona səfəri zamanı istifadəyə verilib. 36 mənzilli binanın açılışında ölkə başçısı və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edib. Həmin vaxt prezidentə binanın yüksək səviyyədə inşa olunduğu, binada əlillərin sərbəst hərəkəti üçün xüsusi qurğuların quraşdırıldığı, fərdi qazanxana, nasosxana, transformator yarımstansiyası, su anbarı olduğu bildirilib. Binanın həyətyanı sahəsində abadlıq işləri görüldüyü, uşaq meydançası söylənilib. Ancaq bina sakinləri deyirlər, indi nə binanın içərisində, nə də çölündə 5 il əvvəlki gözəllikdən əsər-əlamət qalıb. Bir sözlə, prezidentin xeyir-duası ilə istifadəyə verilən binada yaşamaq indi məşəqqətə çevrilib.
Binada yaşayan Vidadi Eyvazov: “Sahəsi təqribən 70 kvadratmetr olan, 2 otaqlı mənzillərdə yaşayırıq. Yuxarı mərtəbədə yaşamaq bir zülmdür, çünki dam örtüyü sıradan çıxıb, yağış suları başımıza axır. Aşağı mərtəbədə yaşamaq da başqa zülmdür, çünki kanalizasiya xətləri sıradan çıxıb, mənzillərdəki vanna otaqlarının çirkab suları aşağı mərtəbədə yaşayanları narahat edir”.
GÜL KOLLARININ DİBİNDƏ KANALİZASİYA ARXLARI
Sakinlər vaxtilə əkilmiş və prezidentə nümayiş etdirilmiş gül kollarının dibində indi kustar yolla kanalizasiya quyusu düzəldiblər.
“Traktor gətirdik, qazdıq ki, heç olmasa, binanın çirkab suları ora axıdılsın. Binanın üzlükləri tökülür. Harda keyfiyyətsiz inşaat materialı varsa, gətirib bu binanın tikintisində istifadə ediblər. Tələsik istifadəyə veriblər. İndi əziyyətini çəkməkdəyik”.
Bina sakinlərinin deməsinə görə, 5 ildir burada yaşamalarına baxmayaraq, onlara mənzillərinə dair order də verilməyib. Vidadi Eyvazov:
“Sənədsiz, sübutsuz yaşayırıq. Rayon icra hakimiyyəti deyir, gedin nazirlikdən tələb edin, nazirlik deyir, gedin icra hakimiyyətindən tələb edin. 5 ildir qalmışıq ortalıqda...”
Binaya telefon xətti də çəkilməyib.
BİNA HAVADADIR?..
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsindən bildirilib ki, bina rayon icra hakimiyyətinin istismarına verilib. Cəlilabad rayon icra hakimiyyəti isə binanı qəbul etmədiyini iddia edir. Belə əsaslandırır ki, bina keyfiyyətsiz inşa olunub, təmir işləri natamamdır.
İndi bina sakinləri binadakı qüsurların həllini və mənzillərdə yaşamalarına dair sənədi haradan tələb etsinlər, bu sualın cavabını tapa bilmirlər.