- 25-ci Edinburq Beynəlxalq Kitab Festivalı 15 avqustda başlanıb. 31 avqustadək davam edəcək.
Festivalın direktoru Roland Gulliver festivalın rəsmi səhifəsində yerləşdirilmiş məqaləsində builki festivalın mövzusu olan “Trading Stories” (Hekayə alış-verişi) haqda fikirlərini bölüşür. Cüzi ixtisarla məqalənin tərcüməsini təqdim edirik.
Roland Gulliver
Hekayə alış-verişi
Bu bölücü vaxtda, xəbər başlıqlarını qorxu və dezinformasiyanın bürüdüyü bir zamanda bizi birləşdirən şeyləri tapmaq həyat əhəmiyyətli məsələdir.
Mən inanıram ki, bizi birləşdirən, insanlıq qatında bir-birimizə bağlayan şey hekayələr danışmaq və onları paylaşmaqdır.
Hekayələr sərhədləri keçə, hüdudları qıra bilir; ölkələr və yüzillər boyu səyahət etdikcə hekayələr dildən-dilə tərcümə olunur və dəyişilir.
Bir festival proqramçısı kimi, avqust ayında 18 gün boyunca dünyadakı möhtəşəm kitabları və yazıçıları kəşf edən, Edinburq auditoriyası üçün gətirən bir ədəbi səyahətə çıxacağım üçün özümü xoşbəxt hesab edirəm.
Bizim auditoriya artıq ingilisdilli auditoriya deyil. Bunu anlamaq getdikcə daha vacib məsələyə çevrilir: auditoriyamız ikidilli, çoxdillidir – Şotlandiya evlərində indi 140 dildə danışılır.
Nəticədə bizim bütün bu dilləri bərabərləşdirən, birləşdirən hekayələri tapmağa, hər kəsin mədəniyyətini, kimliyini, irsini, adət-ənənəsini xoş qarşılayan bir mühit yaratmağa ehtiyacımız var.
Builki “Trading Stories” (Hekayə alış-verişi) adlanan Tərcümədə Ədəbiyyat proqramını yaradarkən bəzi birləşdirici mövzuları seçdik.
1
“İnsan bədəninin hissələrində və başqa insanların hekayələrində səyahət etmək… həyatın imkanlarını kəşf etmək: bir insanlıq macərasıdır.” Gavin Francis
Miflər və nağıllar zamanda əks-səda verir və rezonans yaradır. Klassik hekayələrin tərcüməsi və yenidən-tərcüməsi bugünkü yazıçılara yaradıcı enerji verir...
Bu il mənim ən sevdiyim kəşflər - tərcümə kitabları bunlardır: Ian Crockatt’ın “Crimsoning the Eagle’s Claw”, Rognvaldr Kali Kolsson"un "The Viking Poems”, Jean-Pierre Filiu and David B'nin "Earl of Orkney və Best of Enemies: A History of US and Middle East Relations" kitabları.
Ian’ın Skandinaviya poeziyasından yeni tərcüməsi o dövrün gözəl işlənmiş portretidir və şairlərin tarixi sənədləşdirməkdəki vacib rolunu göstərir...
Jean-Pierre Filiu’in qrafik romanı Orta Şərqin ayıq bir analizidir...
Siyasətçilər və media gələcəyə baxarkən çağdaş yazıçılar keçmişimizi deşifrə etməyə çalışırlar, təcrübəmizi yenidən anlamağa çalışırlar, dünyamızı daha yaxşı başa düşməyə kömək edirlər.
Təsadüfi deyil ki, Johannes Anyuru’nun “A Storm Blew in from Paradise” ("Cənnətdən əsən tufan") romanı Walter Benjamin’in tarix mələyi metaforundan ilhamlanıb.
2
“İngilisdillilərin xarici dillərə münasibətini qısaca belə ifadə etmək olar: gəlin öyrənməyək, yağmalayaq.” Gaston Dorren
Bu qlobal dünyada biz həmişə ingilis dilini tam təcrid və ən qüdrətli dil saymaqdan əziyyət çəkirik, baxmayaraq ki, dillər bir-birinə təsir göstərir, bir-birinə ilham verir və cilalayırlar.
Ancaq son illərdə, tanınmış tərcüməçi Daniel Hahn’ın da dediyi kimi, auditoriyalar aşağılamaq, laqeydlik yox, başqa dillərdən tərcüməyə ciddi maraq göstərməkdədirlər.
Hahn’ın tərcümə dueli kimi tədbirlər tərcüməçi yaradıcılığını çox aydın nümayiş etdirir: bir dildə bir şəxsin gecə klubu olan şey başqa dildə başqa bir şəxsin diskotekasıdır.
"The Spectacular Translation Machine" kimi kütləvi tədbirlrər qrafik roman mediumunda ictimaiyyəti də tərcüməyə qoşulmağa, hər birini tərcüməçiliyi sınamağa çağırır, kənardan akademik görünən işi əyləncəli, enerjili bir şəklə salır.
Son illərdə tərcüməçilər çalışırlar ki, gözə görünsünlər, ya yazıçılarla birgə, ya da ayrıca müzakirələrə qatılırlar, tərcümənin incəsənətini, mədəniyyətini, sənaye və mədəni kimliyini müzakirə edirlər.
Rosamund Bartlett və Maureen Freely tərcümə haqda çox yazıblar, tərcüməçi və esseist Michael Hofmann və ədəbiyyat səyyahı Ann Morgan dünya nəsrinin oxucusu olmağın mənası haqda çox yazıblar.
Petina Gappah, Nell Zink, Aleksandar Hemon and David Almond kimi yazıçılar tərcüməçi layihələrinə cəlb ediliblər ki, romançı kimi öz işlərini daha yaxşı anlasınlar.
3
“Əksliklərin görüşdüyü an ən məhsuldar andır: düşüncə üçün, ruh üçün və incəsənət üçün.” Ali Smith
Bu festival kitablar və yazıçılar arasındakı bağları tapmaq, yazıçıların eyni mövzularda müxtəlif perspektivləri təmsil etməsi, bölüşməsi üçün çalışır.
Mary Costello’nun “Academy Street” və Han Kang’ın “The Vegetarian” romanlarında qadınlar İrlandiya və Şimali Koreyanın patriarxal cəmiyyətlərini tərk etməyə yollar axtarırlar.
Kirstin Innes və Melinda Nadj Abonji'nin romanları Şotlandiya və İsveçdəki marginal icmalardan danışırlar, Johannes Anyuru və Dan Gunn’ın romanları müharibə, miqrasiya, milli kimlik, özgələşmədən 1930-cu illərin Şotlandiyası və 1970-ci illərin Uqandası timsalında danışırlar.
Dünya və Britaniya yazıçılarını bir araya gətirmək xüsusilə vacibdir, bu dünya yazıçılarına yerli auditoriyalara girməyə, yerli yazıçıları dünya kontekstinə çıxarmağa kömək edir.
Yazıçıları belə birləşdirmək və yeni perspektivlər tapmaq prosesi təkcə bədii, yox, sənədli ədəbiyyata da aiddir.
Belçikadan Erwin Mortier anasının dementiyası haqda gözəl memuar yazıb, (“The Stammered Songbook”). “Wellcome Book” mükafatını Marion Coutts “The Iceberg” romanıyla udsa da, hər iki roman dilin kimliyimizi necə təyin etməsi haqdadır.
Portuqaliyadan Susana Moreira Marques və Raymond Tallis – hər ikisi həyatın son fəsli haqda yazır, bütün cəmiyyətlərin ən çətin mövzusu olan ölümə məna verməyə çalışırlar.
Dünya yazıçılarına yollar arayışında proqramlar, nəşriyyatlar, mədəni təşkilatlar oxuculara başqa insanların həyat mənzərəsi vasitəsilə səyahətlər etmək imkanı yaradır ki, biz hamımız insanlıqda öz macəralarımızı tapa bilək.