-
«Sizin verdiyiniz qərara ancaq gülmək olur».
«Azadlıq» qəzetinin əməkdaşı, «Azərbaycan saatı» verilişinin aparıcısı Seymur Həzi hakimə müraciətdə belə deyib.
Sentyabrın 22-də Sumqayıt Apellyasiya Məhkəməsində Nazim Mövsümovun sədrliyi ilə Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə növbəti proses keçirilib.
Seymur Həzi 2015-ci il yanvarın 29-da Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il, Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.
Rəsmi ittihama görə, jurnalist 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla aralarında yaranmış mübahisə zəminində həbs edilib. Abşeron rayon Polis Şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bundan öncəki prosesdə müdafiə tərəfi Məhərrəm Həsənovun da məhkəmədə iştirakı, prosesin qismən məhkəmə istintaqı ilə aparılması barədə vəsatət qaldırmışdı. Hakim məhkum Məhərrəm Həsənovun da prosesə dəvət olunması barədə qərar qəbul etmiş və vəsatətin digər hissəsinə prosesin gedişində baxılacağını bildirmişdi.
Məhərrəm Həsənov sentyabrın 22-də keçirilən prosesə dəvət olunsa da, məhkəməyə gəlməyib.
Müdafiə tərəfi Məhərrəm Həsənovun iştirakı olmadan prosesin keçirilməməsini, onun məcburi qaydada məhkəməyə gətirilməsini istəsə də, hakim prosesin onun iştirakı olmadan davam etdirilməsinə qərar verdi:
«Məhərrəm Həsənov barəsində apellyasiya şikayəti verilməyib deyə, məhkəmədə iştirak onun hüququdur, vəzifəsi deyil. Ona görə də məhkəmə onun məcburi gətirilməsi barədə qərar çıxara bilməz».
«MƏHKƏMƏYƏ VƏ QƏRARLARINIZA HÖRMƏTLƏ YANAŞIN»
Vəkil Adil İsmayılov vəsatətin ötən prosesdə baxılmamış qalan hissəsinə - prosesin qismən məhkəmə istintaqı ilə aparılması ilə bağlı müraciətə baxılmasını istədi:
«Arada iki ay fasilə vermisiniz. İki aydır biz gözləyirdik ki, Məhərrəm Həsənov prosesə gələcək. Belə qərar çıxaracaqdınızsa, daha niyə arada iki ay vaxt itirirdik ki?! Xahiş edirəm ki, məhkəməyə və qərarlarınıza hörmətlə yanaşın. Əslində məhkəmə istəsə, onu məcburi prosesə gətirdə bilər. Amma əgər gətirtmirsizsə, onda vəsatətin digər hissəsinə baxın, məhkəmənin qismən istintaq aparılmaqla keçirilməsini təmin edin».
Hakim Nazim Mövsümov əvvəlcə müdafiə tərəfinin sözügedən vəsatəti yenidən qaldırmasında problem görməsə də, vəsatətlə bağlı qərarı fərqli oldu. Qərarda bildirdi ki, məhkəmə artıq bu vəsatətin təmin olunmaması ilə bağlı qərarını verib.
«DAHA HÖKMÜ DƏ VERİN, ÇIXAQ GEDƏK DƏ»
Məhkəmənin bu cür yanaşması həm vəkilin, həm də Seymur Həzinin sərt reaksiyasına səbəb oldu:
Seymur Həzi: «Buna ancaq gülmək olar».
Adil İsmayılov: «Əvvəlcə deyirsiniz vəsatət verə bilərik, sonra da deyirsiniz ki, qərar vermişik də. Çox qəribə durum yaranıb indi məhkəmələrdə. Mən artıq məhkəmələrə gəlmək belə istəmirəm. Daha hökmü də verin, çıxaq gedək də. Niyə boşuna danışırıq ki burda?!».
Daha sonra prosesdə dövlət ittihamçısı çıxış etdi və əvvəlki instansiya məhkəməsinin Seymur Həzinin təqsirini sübuta yetirdiyini bildirdi, məhkəmədən Seymur Həzi ilə bağlı qərarı dəyişməyib qüvvədə saxlamasını istədi.
Vəkil Adil İsmayılov prokurorun çıxışına münasibət bildirərkən dedi ki, o, ittihamdan da kənara çıxır, hətta ittihamda olmayan məqamları qeyd edir:
«Dövlət ittihamçısı deyir ki, Seymurun hərəkətləri sübuta yetirilib, amma nəylə sübuta yetirilib? Mən gözləyirdim ki, bu sübutlar sadalanacaq. Məhkəmədə Seymurun təqsirini sübuta yetirən bir dənə də ifadə olmayıb».
Daha sonra vəkil çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses sentyabrın 29-u saat 15:00-a təyin olunub.