Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:07

Günel Mövlud. Aynurun arzuları


Günel Mövlud
Günel Mövlud

- "Tutaq ki, oldun lap məşhur, sevilən aktrisa. Sənin uğurunun, şöhrətinin son dayanacağı Həmidə Ömərovalıq, Firəngiz Mütəllimovalıqdır, Afaq Bəşirqızılıqdır. Hələ, bunu bacarsan."

"Aynur başa düşdü ki, bu olduqca ucuz, bəsit şöhrətdi, özülü yoxdu və qumdan saraydır."

Günel Mövlud

Azəbaycan - istedadlar qəbirstanlığı

Video-blogger Aynur Hüseynova
Video-blogger Aynur Hüseynova

Gənc bloqçu Aynur Hüseynovanın müsahibəsindan sonra xeyli düşündüm.

Gəlin bu məsələni kənara qoyaq ki, Aynur nə edib, necə edib, hansı səviyyədə edib, hansı dünyagörüşün, hansı mütaliənin sahibidir.

Bunlar başqa söhbətlərdir. Vacibdir, amma indi söhbət bunlardan getmir.

Söhbət ondan gedir ki, ölkədə az-çox seçilən, fərqlənən, düşünə bilən, nəsə bacaran istedadlar çox tez bir zamanda başa düşürlər ki, burda onları heç nə gözləmir.

Yox, bir yana baxanda, iddia çox az olsa, hədəflərin miqyası böyük olmasa, niyə gözləmir, gözləyir.

Belə bir bozluqda bir qədər rəngli olmaq bəsdir ki, seçiləsən. Nə ciddi savad lazımdır, nə də ciddi zəhmət çəkməyə ehtiyac var.

Bir az rəng, bir az fərqlilik səni başqalarından seçər və bu bir damcı rəngin hesabına ömür boyu başını girləyə bilərsən.

Amma hamı baş girləməklə yetinmək istəmir. İnsanları böyük məqsədlərə aparır onların iddiaları.

Məsələn, aktrisa olmaq istəyən gənc qız bilir ki, onu burda ən yaxşı halda bayağı seriallarda çəkilmək, pafoslu və köhnə tamaşalarda oynamaq, efirdə gic-gic danışmaq, xalqa əxlaq dərsi keçmək gözləyir.

Çünki başqa cür etməyə sadəcə münbit şərait yoxdur.

Tutaq ki, oldun lap məşhur, sevilən aktrisa. Sənin uğurunun, şöhrətinin son dayanacağı Həmidə Ömərovalıq, Firəngiz Mütəllimovalıqdır, Afaq Bəşirqızılıqdır. Hələ, bunu bacarsan.

Sonra da baxırsan bu xanımların həyatına, çapına, taleyinə - və görürsən ki, nə boyda bir ümidsizliyin, nə boyda bir bozluğun, uğursuzluğun içindəsən.

Azəbaycanda doxsanıncı illərdə bir aktrisa, müğənni vardı. Firəngiz Rəhimbəyova. Gözəl, şıq, şux, oynaq, fərqli, istedadlı. “Bəxt üzüyü” filmində yüngül, boş həyat tərzi keçirən “müasir” gənc qadın rolunu oynadı.

Kimi oynamağın fərqi yoxdu. O, aktrisa kimi rolunu çox gözəl oynamışdı. Başıboş, yüngül qadını tamaşaçıya sevdirmişdi. Sonra Firəngiz xanım ölkəni tərk elədi.

Halbuki, qalsaydı, yəqin ki, uğurlu aktrisa olardı. Amma o, gözəl bilirdi ki, burada onu ömürlük yüngülbeyin, əxlaqsız qadın rolları və ən pisi də, elə öz roluna uyğun münasibət gözləyir.

Onu elə həmişə Səda kimi qadınların roluna dəvət edəcəkdilər, tamaşaçı da onu elə həmişə o ampluada qəbul edəcəkdi.

Qayıdaq Aynura. Aynur çox tez başa düşdü ki, burda nə əsaslı təhsil mümkündür, nə ciddi karyera. Nə olsun ki, seriallara, reklamlara dəvət gəlir, televiziyalar qonaq çağırır, insanlar küçədə tanıyır.

O, başa düşdü ki, bu olduqca ucuz, bəsit şöhrətdi, özülü yoxdu və qumdan saraydır.

Başa düşdü ki, level adlamaq lazımdır. Xoşbəxtlikdən o, bunu çox gənc yaşında anladı, özünü tez xilas elədi. Arzularının arxasınca getdi.

Aynura görə sevinirəm, amma kədərli olan budur ki, niyə bir istedad bu yola əl atmalıdır. Niyə ölkə öz uğurlu gənclərinə, istedadlarına sahib çıxmamalıdır ki.

Niyə bütün parlaq, fərqli gənclər ölkəni tərk etməyə məcbur qalmalıdır axı. Ölkənin milyonları niyə təhsilə, elmə, incəsənətə yatırılmır ki, bu rəngli gənclər öz ölkəmizdə qala bilsinlər, özlərini tapsınlar, təhsil ala, ciddi karyera qura bilsinlər.

Axı bu ölkənin əsl xəzinəsi onlardır; gənc beyinlər, gənc istedadlar, gənc bacarıqlardır. Neft deyil, onlardır tükənməyən xəzinə.

Neft bitəcək, qiyməti öləcək, onlar isə qalacaq, öz bacarıqlarını başqalarına ötürəcəklər.

Amma onlar burda qalanda ölkələri onların istedadlarını dəfn edir. Böyük bir istedadlar qəbristanlığıdır ölkə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG