-
AXCP sədrinin müşaviri Məmməd İbrahimin barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə dair Nərimanov rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb. Bu barədə AzadlıqRadiosuna Məmməd İbrahimin vəkili Yalçın İmanov məlumat verib.
«BAŞ VERƏNLƏR TƏXRİBATDIR»
Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Məmməd İbrahim özü də iştirak edib. Məhkəmənin ədalətli qərar verəcəyinə inanmadığını deyən AXCP üzvü həmçinin ittihamın əsassız olduğunu, heç kimi vurmadığını bildirib. Qeyd edib ki, baş verənlər təxribatdır.
Vəkil də çıxışında bildirib ki, Məmməd İbrahimin həbsdə saxlanılması üçün nə maddi, nə də prosessual əsaslar var:
«Cinayət-Prosessual Məcəllənin 155.3.2-ci maddəsinə görə, ittiham olunduğu maddənin sanksiyasında iki ildən aşağı həbs cəzası nəzərdə tutulmuş şəxsin barəsində o halda həbs-qətimkan tədbiri seçilir ki, onun istintaqdan yayınmaq, araşdırmanın gedişinə mane olmaq, yenidən cinayət törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq ehtimalı olsun. Bu ehtimallar da sadəcə söz olmamalıdır, əsaslandırılmalıdır. Məmməd İbrahimdə bu əsasların heç biri yoxdur. Bu adam öz ayağı ilə iki dəfə Nərimanov rayonu, 18-ci polis bölməsinə gedib. Deməli, onun istintaqdan yayınmaq fikri olmayıb».
EV DUSTAQLIĞI ÜÇÜN DƏ MÜRACİƏT OLUNACAQ
Vəkil çıxışında onu da qeyd edib ki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanma müddəti oktyabrın 2-də saat 23.30-da başa çatdığı halda, o, oktyabrın 3-ü saat 15.20-yə - Nərimanov rayon Məhkəməsi həbs qərarı verənə qədər qanunsuz olaraq həbsdə saxlanılıb:
«Şəxsin məhkəmə qərarı olmadan təxminən 16 saat həbsdə saxlanılması çox kobud qanun pozuntusudur».
Çıxışlardan sonra müşavirəyə gedən məhkəmə apellyasiya şikayətinin təmin olunmadığını elan edib.
Yalçın İmanov onu da qeyd edib ki, Məmməd İbrahim barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün yaxın günlərdə məhkəməyə müraciət edəcək:
«Əgər ev dustaqlığı ilə bağlı şikayətlərimiz də təmin olunmasa, Məmməd İbrahimə münasibətdə İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edəcəyik».
16 NƏFƏRLİK KAMERADA 21 DUSTAQ SAXLANIR
Müdafiəçinin dediyinə görə, Məmməd İbrahim saxlanma şəraitindən də şikayətlənib. Bildirib ki, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında 16 nəfərlik kamerada 21 dustaq saxlanılır: «Bu səbəbdən dustaqlar növbə ilə yatmaq məcburiyyətində qalırlar».
Məmməd İbrahim «AXCP Etimad Qurultayı» adlandırılan təşkilat komitəsinin rəhbəri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da saxlanılıb.
Mikayıl Quliyev bildirir ki, Məmməd İbrahim ona qəfil hücum edərək vurub, köynəyini cırıb. Oktyabrın 2-də Məmməd İbrahimə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Oktyabrın 3-də isə barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.