Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Özləri dəhşətə gəliblər ki, ölkəni nə hala salıblar


Günel Mövlud
Günel Mövlud

- "Kimsə doğrudan da düşünürsə ki, verilişlərin zövq korlamağı, ifrat və bayağı şəkildə insanları əyləndirməyi kiminsə vecinədir, sadəlövhlük edir."

"​Bu verilişlər göstərdi ki, əldə bayraq edilən ailə dəyərləri nə qədər boş imiş, açılan iş yerləri barədə xəbərlər mif imiş, ağsaqqal-ağbirçək kultu nə qədər yalanmış."

"Elə bilirmişlər ki, ölkənin siyasi abrını şouyla örtmək mümkündür. Daha bilməyiblər ki..."

Günel Mövlud

Şoudan basmaq

Üç-dörd il əvvəl müsahibə aldığım bir televiziya rəhbəri müsahibədənkənar belə bir etiraf eləmişdi:

“Əvvəl siyasi müzakirələr vardı. Pis-yaxşı ciddi mübahisələr, debatlar eləyirdik. Bir vaxt gəldi, bizi lazım olan yerdən çağırıb dedilər ki, bizə siyasət lazım deyil. Xalqa elə şey göstərməyin. Şou basın getsin... Axırıncını elə də dedilər: “Şoudan basın getsin”...

Mən o televiziya rəhbərinin ümumiyyətlə səmimiyyətinə inanmasam da, həmin məsələdə səmimiyyətinə inandım.

Çünki doğrudan da, o adamın rəhbərlərindən biri olduğu kanalda illərlər davam edən siyasi şoular, müzakirələr sanki heç olmamış kimi, qəfil yığışdırılmış, sanballılığa, siyasi-ictimai auditoriyaya iddiali olan kanal birdən-birə bayağılıqda, çal-çağırda, tamadalıq ovqatında sırf şou-kanalı kimi formalaşan kanalları belə, geridə qoymuşdu.

Rəhbərin bunu məzlumanə şəkildə yuxarıdan sifarişlə izah etməyi olduqca ağlabatan idi. Inandım.

İndi MTRŞ bir neçə şoulu, çal-çağırlı, sazlı-sözlü verilişi bağlayıb ki, mentalitetimiz, dəyərlərimiz, zövqümüz (?) korlanır, təhrif olunur, bada gedir-zad.

Sən demə, dəvəquşu başını kola soxubmuş, dalından xəbəri yoxmuş. Elə bilirmişlər ki, ölkənin siyasi abrını şouyla örtmək mümkündür.

Daha bilməyiblər ki, siyasi, ictimai müzakirələr olmayanda, insanlar ciddi mövzulardan uzaqlaşanda, serialların, şitliyin, toy müğənnilərininin ümidinə qalanda da vəziyyət kontroldan çıxır.

Dəyərləri, zövqü bayağılaşan, əxlaqı, mənəviyyatı efirdən xalqa dərs keçən savadsız, tərbiyəsiz adamların ümidinə qalan toplum elə vəziyyətə gəlir ki, bir gün o real mənzərəni elə həmin şoularda görürsən.

Heç bir ciddi jurnalistin, sosioloqun, psixoloqun tam çılpaqlığı ilə izah edə bilməyəcəyi bir gerçəyi göstərə bilirdi bu şoular.

Ölkənin orta statistik insanının hansı səviyyədə olmasını, insanlar arasında münasibətlərin necə qurulduğunu, bu münasibətlərdə dövlət qurumlarının, məmurların, qanunların rolunu bu şoular tam və rəngli bir mənzərə ilə göstərirdi bu verilişlər. Baxıb, özləri dəhşətə gəliblər ki, ölkəni nə hala salıblar?

İşsizlik, qanunsuzluq, əxlaqsızlıq, mənəvi böhran, dəyərlərin süqutu, adı dəyər olan şeylərin əslində sabun köpüyündən ibarət olması.

Bu verilişlər göstərdi ki, əldə bayraq edilən ailə dəyərləri nə qədər boş imiş, açılan iş yerləri barədə xəbərlər mif imiş, ağsaqqal-ağbirçək kultu nə qədər yalanmış.

Azadlıq olmayan yerdə siyasi verilişlərin deyə bilmədiklərini şoular deyir.

Xalqın başını qatmalı olan verilişlər, az-çox ağlı başında olanların gözünü açmağa başlayırdı. Odur ki, “Şou basmağın” xeyrindən çox zərəri olmağa başlayırdı.

Yoxsa kimsə doğrudan da düşünürsə ki, verilişlərin zövq korlamağı, ifrat və bayağı şəkildə insanları əyləndirməyi kiminsə vecinədir, sadəlövhlük edir.

Bizim zövqümüz heç kimə maraqlı deyil. Sadəcə azadlıq olmayan yerdə həqiqəti vəzir yox, təlxək deyir.

Azadlıq olmayan yerdə siyasi verilişlərin deyə bilmədiklərini şoular deyir. Özü də siyasi verilişləri, aparıcıları, qonaqları kontrol etmək mümkündürsə, şounu, çal-çağırı kontrol etmək mümkün deyil.

Axmaq dostun eləyə biləcəyi pisliyi heç bir ağıllı düşmən edə bilməz – bu, klassikadır.

İndi də xilası şoulara qadağa qoymaqda görürlər. Soruşan lazımdır ki, veriliş bağlamaq olur, bəs o iyrəncliklərin qaynadığı toplumla nə edəcəksiz?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG