Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:43

Baş Prokurorluq mediaya xəbərdarlıq eləyir


Arxiv fotosu
Arxiv fotosu

-

KİV rəhbərlərindən reallıqla uzlaşmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilib. Gələcəkdə də belə məlumatlar yayarlarsa, barələrində daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub...

Baş Prokurorluq bir sıra media orqanlarına rəsmi xəbərdarlıq edib. Noyabrın 23-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Müstəqil İnformasiya Agentliyi (Mia.az), «Cumhuriyyət», «Qaynarinfo», «Gündəminfo», «Criminal.az», «Strateq.az», «İstiqlal.az», Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər KİV rəhbərləri prokurorluğa dəvət edilib.

KİV rəhbərlərindən «Prokurorluq haqqında» qanunun 22-ci maddəsinə uyğun olaraq, reallıqla uzlaşmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilib. Gələcəkdə də belə məlumatlar yayarlarsa, barələrində daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub.

Rüstəm Usubov dedi ki, KİV-də gedən bəzi məlumatlar istintaqın gedişinə mane olur...

Mətbuat xidməti bildirir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son dövrlərdə bir sıra KİV-lərdə «Kütləvi informasiya vasitələri haqqında» qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozulub. Müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətəuyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb.

«Guya biz yoxlanılmamış məlumat yaymışıq»

Prokurorluğa çağırılıb xəbərdarlıq edilmiş saytlardan biri – Strateq.az-ın baş redaktoru Elxan Şükürlü AzadlıqRadiosuna deyib ki, quruma xeyli sayda KİV rəhbəri dəvət olunsa da, məlumatda yalnız bir neçəsinin adı çəkilib:

Baş prokurorun müavini, Rüstəm Usubov
Baş prokurorun müavini, Rüstəm Usubov

«Yayılan rəsmi məlumatdan elə təəssürat yaranır ki, guya biz yoxlanılmamış məlumat yaymışıq. Bizi Rüstəm Usubov qəbul elədi. O, MTN-də aparılan həbslərlə bağlı yaradılmış əməliyyat istintaq qrupunun rəhbəridir. Dedi ki, KİV-də gedən bəzi məlumatlar istintaqın gedişinə mane olur. Biz onu başa düşürük. Ancaq prokurorluğun bu gün bu səpkidə məlumat yaymağı doğru deyil. Çünki elə təəssürat yaranır ki, ancaq biz məlumat yaymışıq. Şəxsən bizim saytımızdakı 3 material haqda söhbət aparıldı. O materaillar da digər media orqanlarında getmiş məlumatların təhlilindən hazırlanmış yazılar olub. İndi adımızı belə hallandırmaq doğru deyil. Hesab edirəm ki, bu, məqsədli şəkildə edilir. Yaxşı olardı ki, prokurorluq ora kim çağrılmışdısa, onların hamısının adını çəkərdi».

Əli Həsənov nə demişdi

Bu il noyabrın 20-də prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı AzərTAC dövlət agentliyinə müsahibə vermişdi. Həmin müsahibədə demişdi ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb:

Əli Həsənov
Əli Həsənov

«Xüsusilə, İnternet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətəuyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən «kənarlaşdırılması», rəhbərlik etdikləri qurumlarda «yoxlamalar», evlərində «axtarışlar»ın aparılması, məmurların «həbsi», vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə «əməkdaşlığı» və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur».

XS
SM
MD
LG