-
İki gündür ki, sosial şəbəkələrdə Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovun bəyanatları dolaşır. Müstəntiq dekabrın 20-də səhər saatlarında AzadlıqRadiosuna da zəng vurub. Prokurorluq orqanındakı vəzifəsindən könüllü istefa verdiyini bildirib. O, bu addımını hazırkı rejimə etiraz əlaməti kimi atdığını bildirib.
Rüfət Səfərov hüquq təhsillidir. 2004-cü ilin dekabrından 2011-ci ilin oktyabrına qədər Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas kimi fəaliyyət göstərib. 2011-ci ilin oktyabrından Zərdab rayon Prokurorluğunda müstəntiq işləyir.
Müstəntiq (istefa ərizəsini baş prokurora təqdim etmədiyi üçün Rüfət Səfərovu hələ ki, müstəntiq kimi təqdim edirik) deyir, xəbər saytlarında və öz şəxsi Facebook səhifəsində yer alan bəyanatlarından sonra dekabrın 21-də səhər saatlarında ona bir neçə dəfə Zərdab rayon prokuroru zəng vurub və narazılığını bildirib:
– 3-4 dəfə zəng vurub, məni hərəkətlərimə görə qınayıb, deyib ki, «Baş Prokurorluqdan tələsdirirlər, deyirlər, harada qaldı bunun ərizəsi?». Mən də hazırda xəstəyəm, yüksək hərarətim var...
- Belə çıxır ki, siz hələ də baş prokurora istefa ərizənizi göndərməmisiniz?
- Xəstəyəm, hərarətim çox yüksəkdir, bir azdan özümə gəlib göndərəcəyəm. Uzağı, günortaya qədər göndərəcəyəm...
- Baş Prokurorluqda dünəndən yaydığınız bəyanatları neçə qarşılayıblar?
- Təbii ki, qınayırlar. Zərdabın prokuroru telefonda dedi ki, «sən prokurorluq orqanına ləkəsən». Hesab edirəm ki, düz də deyir.
- Ümumiyyətlə, necə işçi olmuşunuz?
- Pis işçi olsaydım, 1 il əvvəl Qaralov mənə fəxri təşəkkür verməzdi. Fəaliyyətimdə nə icra, nə əmək intizamsızlığı olub. Bunu özləri də təsdiqləyə bilərlər. Sadəcə, fikirlərim, baxışlarım bu rejimlə üst-üstə düşmür. Haqsızlıqlara, özbaşınalıqlara artıq dözə bilmirəm.
- Sizə Zərdabın prokurorundan başqa zəng vuran olub?
- Yox, olmayıb. Heç gözləmirəm də... Zəng vurub nə deyəcəklər ki?.. Gözlədikləri 3-4 cümləlik ərizədir, bir azdan faksla göndərəcəyəm.
- İki gündür sosial şəbəkələr sizin addımınızdan, bəyanatlarınızdan yazır. Ailənizin, atanızın münasibəti necə oldu buna?
- Dünəndən nəinki atamla, ümumiyyətlə, şəcərəmdə olan heç kəslə ünsiyyətim, əlaqəm yoxdur. Atamın öz yolu var, o, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Heydər Əliyevin misilsiz əsgərlərindəndir. Mən onun mövqeyinə qarışmıram. Ancaq ondan tələbim də budur ki, o da mənim mövqeyimə hörmətlə yanaşsın.
- Bundan sonrakı fəaliyyətiniz maraqlıdır...
- Bilmirəm niyə belədir, ya cəmiyyətdə maarifləndirmənin aşağı olmasındandır, ya başqa səbəbdəndir, kim öz sözünü deyirsə, deyirlər, görəsən hansı müxalifət partiyasına üzv olacaq?.. Axı niyə mütləq hansısa partiyaya üzv olmalıyam? Mən öz fikirlərimdə müxalifətdəyəm. Gərək elə kiminsə partiyasına üzv olam? Hələ ki, sərbəst, heç bir partiyanın üzvü olmadan öz fikirlərimlə, düşüncələrimlə bu rejimə qarşıyam. Sonrası necə olacaq, hansısa partiyaya üzv olacağam, ya yox, bunu zaman göstərər.
- İndiyə kimi hansısa partiyanın üzvü olmuşdunuzmu?
- Kənd Təsərrüfatı Nazirliyində işləyəndə, orada YAP-ın bir özəl təşkilatı yaradılmışdı. Mən də həmişə bildirirdim ki, dövlət təşkilatında hər hansı siyasi partiyanın özəyinin yaradılması biabırçılıqdır. O təşkilatın bir sədri vardı, mən oradan işdən çıxınca baş beynimi aparmışdı ki, «gəl keç partiyaya». Sona qədər də imtina etdim. Prokurorluqda işlədiyim 5 ildə də partiya üzvü ola bilməzdim, çünki prokurorluq orqanlarında fəaliyyət göstərən şəxslər siyasi fəaliyyətlə məşğul ola bilməzlər.
Rüfət Səfərov əvvəllər Milli Məclisin üzvü olmuş, son iki ilədək isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Eldar Sabiroğlunun oğludur.
«SƏNƏ BÖYÜK ÜMİDLƏRİM VAR İDİ, QIRDIN»
Eldar Sabiroğlu Rüfət Səfərovun addımına yerli KİV vasitəsilə reaksiya verib. O, oğlunun fikirləri ilə razılaşmayıb.
«… Səndən belə bir zərbə alacağımı heç ağlıma gətirməzdim. Bağışlamaq çətindir, ancaq sən mənim övladımsan, səndən necə keçə bilərəm ki… Ata-bala kimi aramızda çox söhbətlərimiz olub. Sənə böyük ümidlərim var idi, qırdın. Həm özünə, həm də ata-anana problemlər yaratdın. Sən axı bilirdin ki, mən kimlərlə mübarizə aparıram. Özün də duymadan onların məkrli və çirkli niyyətlərinə xidmət etmiş oldun. Hansı «qara qüvvə» səni bu yola çəkdi? Beş il birlikdə olmadıq, səndən uzaq qaldıq, ananla səni qoruya bilmədik» – deyə Eldar Sabiroğlu bildirib.