-
"Gürcüstan 2018-ci ildə Frankfurt Kitab Sərgisinin qonaq ölkəsi olacaq. Bu, Gürcüstanın kiçik kitab bazarı üçün böyük sınaqdır, amma inanırıq ki, öhdəsindən gələcəyik. 2018-ci ilə hazırlaşmaq üçün gürcü kitablarının Avropa dillərinə tərcüməsinə və çapına mümkün qədər çox nail olmalıyıq."
Gvantsa Jobava
(Gürcüstan Naşirlər və Kitab satıcıları Cəmiyyətinin sədri)
Gürcüstanda nəşriyyat sistemi:
Beynəlxalq Naşirlər Assosiasiyası üçün hesabatdan
Gürcüstanın müstəqil nəşriyyat sektoru çox gəncdir, onun həyatı Sovet İttifaqının dağılmasından - 1990-cı illərdən başlanır. Nəşriyyat sənayesi bizdə çox sürətlə inkişaf etdi, bunun da həm pozitiv, həm də neqativ təsirləri oldu...
1998-ci ildə Gürcüstanda Naşirlər və Kitab satıcıları Assosiasiyası yaradıldı. Onun ilk layihələrindən biri Tbilisi Beynəlxalq Kitab Sərgisi idi ki, bu sərgi də son 17 ildə hər il keçirilir. Gürcüstanda 70 min ziyarətçini cəlb edən ən populyar mədəni tədbirdir.
Hər il 23 apreldə Gürcüstanda Dünya Kitab və Müəllif hüquqları günü müxtəlif mədəni tədbirlərlə geniş qeyd olunur: kitablar satılır, təqdimatlar olur, qiraət axşamları, uşaq kitabları tədbirləri və sair.
2012-2013-cü illərdə böyük Kitab Platforması layihəsi (bu, Gürcüstanda, Ermənistanda, Ukraynada kitab mədəniyyətini təbliğ edən bir qurumdur) çərçivəsində Gürcüstanda Nəşriyyat və Kitab satılıcığının öyrənilməsi tədqiqatı aparıldı.
Tədqiqat üzə çıxardı ki, Gürcüstanın nəşriyyat sistemində son on ildə ciddi irəliləyiş və böyümə olub.
Əgər 2007-ci ildə Gürcüstanda nəşriyyat dövriyyəsi 6 milyon ABŞ dolları idisə, indi ildə 30 milyon ABŞ dollarıdır və 8,5 milyon kitab satılır.
Gənclər arasında kitab oxumaq populyarlaşır, amma kitab bazarı hələlik kiçikdir: adi kitabın çapı 1000-2000 tiraj təşkil edir.
Ən məşhur kitab janrı uşaq ədəbiyyatıdır, ardınca tərcümə olunmuş dünya ədəbiyyatı gəlir.
Əvvəlki illərdə dərsliklər bizdə ən çox satılan kitablar idi, 2013-cü ildə bu vəziyyət kəskin dəyişdi. (Bunun səbəbləri haqda aşağıda)
Gürcüstanda 70 fəal nəşriyyat var, onların əksəriyyəti kiçik nəşriyyatlardır. Yetmiş faizinin 10 nəfər və daha az işçisi var, bu 70 nəşriyyatın yarıdan çoxunun illik gəliri 23 min ABŞ dollarıdır.
Nəşriyyatların doxsan faizi öz kitablarını birbaşa kitab dükanlarına və topdan satışa verir, onlayn satış isə 1 faizi aşmır.
Gürcüstanda bir böyük kitab dükanları şəbəkəsi və çoxlu kiçik, özəl şirkətlər var ki, onların da 36 faizinin beş və daha az işçisi var. Qalan 43 faizinin işçi sayı altı nəfərlə on nəfər arasındadır.
Kitab satıcıları kitabları satandan sonra nəşriyyatlara pul ödəyirlər.
Gürcüstan kitab bazarında
• 80% kitabları kitab dükanları satır
• 10% kitabları telefonla satırlar
• Supermarketlərdə 6%
• İnternet üzərindən 4%
Gürcüstanda 2 elektron kitab satıcısı var, onlar 2600 adda kitab təklif edirlər, nəşriyyatlar onların hər ikisilə əməkdaşlıq edir, öz kitablarının PDF formatını göndərirlər, onlarsa həmin materialları elektron kitaba çevirirlər, nəşriyyatlarımız e-kitabı özləri düzəltmirlər.
Bir e-kitab satıcısı ötən il gəlirində 50 faiz artım gördüyünü deyir. O biri isə deyir ki, onların səhifəsində qeydiyyata düşənlərin sayı 1 ildə 85% artıb və 2014-cü ildə qazanılmış gəlirin 90%-i 2015-ci ilin ilk iki rübündə artıq əldə olunub.
Rusiyanın “Bookmate” kitab dükanları Gürcüstan bazarına girmək istəyir və hazırda Gürcüstan naşirlərilə danışıqlar aparır.
Dil məhdudiyyəti siyasətinə görə, Gürcüstanın e-kitabları və çap olunmuş kitabları Amazon.com səhifəsinə qoyulmur.
Gürcüstanda İnternetdə kitab piratçılığı və pirat kitabların satıldığı qara bazar geniş yayılıb.
Bizdə anti-pirat qanunu olsa da, kitab məsələsində həmin qanun kömək edə bilmir. Gürcüstanda Kitab haqqında qanun yoxdur, bu sektorun bəzi vacib məsələlərini həll etmək üçün belə bir qanunun qəbul olunması yaxşı olardı. Hazırda parlamentdə müzakirələri gedir.
Gürcüstan kitab bazarı 2013-cü ildə böyük ziyan çəkdi. Çünki Gürcüstan hökuməti həmin il dərsliklərin pulsuz çapı və paylanması haqda qərar qəbul etmişdi.
2013-cü ildən əvvəl necəydi? Təhsil və Elm Nazirliyi dərs kurrikulumunu hazırlayırdı, nəşriyyatlar həmin kurrikuluma görə öz dərsliklərini hazırlayıb məktəb müəllimlərinə təqdim edirdilər, müəllimlər də o dərslikləri qiymətləndirir, onların arasından bəyəndiklərini seçirdilər.
Bu, çox yaxşı idi, çünki Gürcüstanda hər bir dərsliyin çoxlu alternativi olurdu. Məktəblər dərsliyi seçirdi, valideynlər də pulunu verib alırdı.
Lakin 2013-cü ildə Hökumət dərslikləri nəşriyyatların əlindən aldı, çünki biri 4,50 avro qiymətinə olan dərsliklər bütün əhalinin cibinə görə deyildi. Sonra hökumət başladı dərslikləri özü çap etməyə.
Nəticədə böyük nəşriyyatlar 70%-dək gəlirlərindən məhrum oldular. Sırf dərslik çap edən nəşriyyatlarsa bağlandı.
Naşirlər məhkəmələrdə mübarizə aparsalar da, hökumət qərarından dönmədi. Məsələ Avropa Məhkəməsinə qədər gedib çıxdı.
Bu il isə Təhsil və Elm Nazirliyi çox az - 41000 nüsxə dərslik çap edəcək, onlar kasıb uşaqlara paylanacaq. Gürcüstanda 650.000 şagird var. 15 uşaqdan yalnız 1-nə təzə dərslik düşəcək.
Bu o deməkdir ki, yenə valideynlər dərslik alacaqlar. Dərslik nəşriyyatları yenə dirçələcəklərinə ümid edirlər. Lakin onlar dərslik qiymətlərini baha etməyəcəklərinə dair öhdəlik götürməli olacaqlar.
Gürcüstan 2018-ci ildə Frankfurt Kitab Sərgisinin qonaq ölkəsi olacaq. Bu, Gürcüstanın kiçik kitab bazarı üçün böyük sınaqdır, amma inanırıq ki, öhdəsindən gələcəyik.
2018-ci ilə hazırlaşmaq üçün gürcü kitablarının Avropa dillərinə tərcüməsinə və çapına mümkün qədər çox nail olmalıyıq. Gürcü yazıçılar beynəlxalq aləmdə çox fəal olmalıdırlar.
Bizdə xarici nəşriyyatlar üçün xüsusi tərcümə proqramı var, amma bizim naşirlər fəal və məhsuldar olmasalar, heç nə alınmayacaq. İndi onlar Gürcü ədəbiyyatının xaricdə təbliğinə köklənməli, bunun üçünsə özləri ayaqda qalmalı, maliyyə cəhətdən güclü olmalıdırlar.
Hər il gürcü naşirlər bir çox beynəlxalq kitab sərgilərinə qatılırlar. Onlar həmçinin naşirlər üçün olan müxtəlif beynəlxaq peşəkar proqramlarda özlərini inkişaf edtirirlər.