Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:26

DSK-nin gülüş doğuran rəqəmləri...


Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi

-

Azərbaycanda ötən ilin dekabr ayında ərzaq 4.5 faiz, qeyri-ərzaq məhsulları isə 7.1 faiz bahalaşıb. Bunu Dövlət Statistika Komitəsi deyir. Bəs reallıqda necədir?

Yada salaq ki, ötən il dekabrın 21-də Azərbaycanda bir ildə ikinci devalvasiya baş verib. Təkcə ikinci devalvasiyadan dərhal sonra manat dollar qarşısında təqribən 50 faiz dəyər itirib. Bir günün içərisindəcə yağların, unun qiyməti təqribən 25-30 faiz, siqaretin qiyməti isə haradasa 50 faiz bahalaşdı. Belə olan halda Statistika Komitəsinin açıqladığı rəqəmlərə inanmaq olarmı?

«QİYMƏT ARTIMI İKİRƏQƏMLİ OLUB»

İqtisadçı Samir Əliyev deyir ki, Azərbaycanda inflyasiya ilə bağlı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər həmişə ciddi şübhə doğurub:
«Nəzərə almaq lazımdır ki, dekabr ayının 3-cü 10 günlüyündə devalvasiya baş verdi. Devalvasiyanın səhəri ölkəyə idxal olunan bütün ərzaq və qeyri-ərzaq mallarında ciddi bahalaşma oldu. Ərzaq məhsullarının cəmi 4.5 faiz artması ilə bağlı deyilənlər həqiqət deyil. Dəqiq rəqəm demək çətindir. Ancaq bunu demək olar ki, qiymət artımı, ən azı, ikirəqəmli olub».

Samir Əliyev qeyd edir ki, sonradan inzibati yollarla qiymətlər bir qədər aşağı salınıb:

«Ancaq bu, yanvar ayında baş verdi. Yəni dekabr ayında qiymətlər ancaq qalxıb. Odur ki, mən Statistika Komitəsinin açıqladığı rəqəmə, yumşaq desək, şübhə edirəm».

Başqa bir iqtisadçı Nemət Əliyev də Statistika Komitəsinin bu məlumatını yanlış sayır:

«Yanlış məlumatlardan yanlış nəticələr, yanlış nəticələrdən yanlış proqnozlar, yanlış proqnozlardan yanlış addımlar, yanlış addımlardan da iri problemlər doğar. Bu baxımdan, noyabrla müqayisədə dekabr ayında ərzaq mallarının 4.5 faiz, qeyri-ərzaq mallarının isə 7.1 faiz bahalaşmasına dair Dövlət Statistika Komitəsinin açıqladığı məlumat gülüşə səbəb olmaqla acı təəssüf doğurur».

«ƏRZAQ 19, QEYRİ-ƏRZAQ MALLARI 18 FAİZ BAHALAŞIB...»

Nemət Əliyev də deyir ki, dekabrın 21-də baş verən devalvasiyadan sonra bütün malların dərhal 40-50 faiz bahalaşması baş verib:

«Bu 11 günlük qiymət artımının dekabr ayı üzrə ümumi çəkidə təsirini hesablasaq, dekabrda ərzaq mallarının 19 faiz, qeyri-ərzaq mallarının isə 18 faiz bahalaşdığı məlum olar. Müəyyən xəta ilə hesablanmış olsa da, bu, hər bir halda DSK-nın ictimaiyyətə təqdim etdiyi rəqəmlərlə müqayisədə bahalaşma səviyyəsini daha real əks etdirir».

XS
SM
MD
LG