-
Gürcü Milli Kitab Mərkəzi Gürcüstan Mədəniyyət Nazirliyinin bir qurumudur. İşi müasir gürcü yazıçılarının kitablarını dünyanın qabaqcıl ölkələrinin dillərinə tərcümə etmək və həmin ölkələrin öncül nəşriyyatlarında çapına nail olmaqdır.
Bu gün Gürcüstanın cavan yazıçısı Lasha Bugadzenin (1977) “Ədəbiyyat ekspresi" (2009) romanı alman dilində işıq üzü görüb.
Gürcüstan Milli Kitab Mərkəzi bu kitabı Almaniyanın "Frankfurter Verlagsanstalt" nəşriyyatında çap etdirib, bu nəşriyyat sözügedən romanı almandilli ölkələrdə təmsil edəcək.
Kitabı gürcü dilindən alman dilinə gürcü yazıçı Nino Kharatishvili tərcümə edib, tərcümənin pulunu Gürcü Milli Kitab Mərkəzi verib.
“Ədəbiyyat ekspresi" Avropanı qatarla coşğun səyahət edən, müxtəlif millətlərdən olan bir qrup yazıçının hekayətidir. Kitabda yazıçıların qatarda gedən söhbətləri ədəbiyyat, Avropa Birliyi, dövlətlərin siyasi iddiaları kimi mövzulardan keçir.
Bundan əvvəl roman ingilis dilində 2014-cü ildə yenə Gürcü Milli Kitab Mərkəzinin maliyyə dəstəyilə tərcümə və nəşr olunmuşdu.
Lasha Bugadzenin kitabının 2016-cı ildə Avropa dillərdə nəşr olunacaq 10 gürcü yazıçının kitablarından birincisi olduğunu deyir Gürcü Milli Kitab Mərkəzi. Dövlət hesabına tərcümə və nəşr ediləcək bu müəlliflərin siyahısına baxanda yaşlarının 40-dan aşağı olduğu görünür.
OxuZalı