-
«Bank VTB» (Ermənistan) Dağlıq Qarabağda gedən son hərbi əməliyyatlarda həlak olan və itkin düşən şəxslərin borcunu silmək barədə qərar verib. Bankın mətbuat xidmətinə istinadla, «RIA-Novosti»nin diqqətə çatdırdığı xəbərdə bu addımın «onlara dəstək məqsədilə» atıldığı deyilir.
ERMƏNİSTANDA 100 FAİZ, AZƏRBAYCANDA - 51
Rusiyanın VTB bankı (səhmlərin 60 faizi dövlətə məxsusdur) Azərbaycanda da təmsil olunur. Bu bank Ermənistandakı banka tam nəzarət etsə də, «Bank VTB Azərbaycan» ASC-nin səhmlərinin 51 faizinə sahibdir. Maraqlıdır ki, bu bank borcların bağışlanmasına dair eyni qərar barədə hələ heç bir açıqlama verməyib. İctimaiyyət belə davranışı birmənalı qarşılamayıb.
Hüquqşünas Əkrəm Həsənov bu gün – aprelin 9-da ictimaiyyətə üz tutaraq, «Bank VTB»nin Ermənistandakı qərarını kəskin tənqid edib. Onun fikrincə, Azərbaycan Neft Fondunun Rusiyada yarım milyard dollarlıq kapitalla səhmdarı olduğu bu bankın həmin addımı qəbuledilməzdir:
«BİZİ NARAHAT EDƏN...»
«Bizi narahat edən «Bank VTB»nin bizim pulumuzdan da yararlanaraq, erməni hərbçilərinə dəstək olması və Qarabağda qanunsuz fəaliyyətidir».
«Bank VTB Azərbaycan» ASC-nin səhmlərinin 48.99 faizi «AtaHolding» ASC-yə məxsusdur. Holdinq İdarə Heyətinin və «Bank VTB Azərbaycan» ASC Müşahidə Şurasının üzvü Rəşad Rəsullu məsələyə münasibətini bu sözlərlə dilə gətirib: «Səhmdar kimi tərəfimizdən lazımi addımlar atılacaq». O, konkret hansı addımların atılacağını dəqiqləşdirməyib.
Qeyd edək ki, ARDNF «Bank VTB Holding» qrupu səhmlərinin 3 faizinə sahibdir. Qrupun Müşahidə Şurasının üzvlərindən biri də fondun icraçı direktoru Şahmar Mövsümovdur.
Hələlik, nə «Bank VTB Azərbaycan» ASC, nə də ARDNF məsələ ilə bağlı açıqlama verməyib.