►Koreya birjası işi yarımçıq görübmüş...
Bu ilin fevralında Azərbaycan Qiymətli Kağızlar Bazarının (keçmiş QKDK-nin –red.) Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sisteminin (VTTNS) istifadəyə verildiyi bəyan edildi.
Üstündən 2 ay keçməmiş, indi məlum olur ki, heç də hər şey qaydasında deyilmiş...
Sözügedən sistemə qatılan Milli Depozit Mərkəzi (MDM) bugünlərdə özü və üzvləri (investisiya şirkətləri) arasında “Elektron Ticarətsonrası Sistemin qurulmasına” ehtiyac duyulduğunu bildirib. Bu məqsədlə şirkətlərə müraciət də ünvanlanıb.
Ehtiyac nədən doğur?
AzadlıqRadiosu “Bu ehtiyac nədən doğur” sualıyla MDM-in rəhbərliyinə üz tutub. Suala tövsiyə ilə cavab verilib:
“Lütfən, Maliyyə Bazarlarına Nəzarət Palatasından cavab istəyin”.
Palatada bildiriblər ki, MDM satınalmanı fərdi investorların qiymətli kağızlar bazarına daha yaxından qatılması üçün keçirir. Başqa sözlə, investorlara şərait yaradılacaq ki, onlar mobil telefonlar vasitəsilə fond bazarında iştirak edə bilsinlər.
Palatanın bu açıqlaması ticarətə çıxış imkanlarını nəzərdə tutsa da, satınalma tələbində söhbət ticarətsonrası texniki əməliyyatlardan gedir. Beləcə, bu məqam suallı qalır.
___________________________________________________________
Bunlara da bax:
Avropa Oyunlarındakı avtobus qəzası üzrə məhkəmə başlandı
Qaz idarəsinin işçiləri niyə döyülür?
___________________________________________________________
“Tam müasirdir” dedilər...
O da maraqlıdır ki, keçmiş QKDK Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi çərçivəsində VTTNS-nin qurulması üçün Koreya Birjasına nə az, nə çox - 5 milyon 456 min ABŞ dolları ödəyib. Texniki şərtlər Koreya Birjasına (Cənibi Koreya – red.) təqdim edilib və koreyalılar tələb olunan işlərə bir il vaxt sərf ediblər.
Fevralda Dünya Bankı ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) nümayəndələrinin iştirak etdiyi təqdimatda bildirilmişdi ki, sistem “funksionallığı, iş prinsipi, elektron interfeysi, həmçinin yeni ticarət imkanları” baxımından tamamilə müasirdir.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu yeni ticarət sisteminin bazar iştirakçılarına yeni alətlərlə ticarət imkanı yaratmaqla Azərbaycan fond bazarının inkişafına təkan verəcəyini demişdi.
Tədbirdə Koreya Birjasının daimi nəzarət müfəttişi Kvon Yanq Sanq da çıxış etmiş və demişdi ki, yeni ticarət sistemi bazar iştirakçılarına irəli texnologiyalar əsasında yaradılmış təhlükəsiz və yüksəksürətli ticarət imkanları təqdim edir. Koreyalı mütəxəssisin sözlərinə görə, bu sistem bazarın gələcək inkişaf perspektivlərini də nəzərə alır.
İndi bilindi ki...
Amma indi aydın olur ki, çağdaş dünyanın fond birjalarında çoxdan istifadə edilən mobil əlavələrlə ticarətə çıxış imkanı da təmin edilməyibmiş... MDM-in özü də sistemin istifadəyə verilməsinə dair açıqlama vermişdi:
“İstifadə edilmiş qabaqcıl texnologiyalar sayəsində investisiya şirkətləri gələcəkdə müştəriləri üçün bilavasitə ticarətdə iştirak imkanları – investor terminalları yarada biləcək”.
Koreyalılar pullarını alıb gediblər. İndi MDM-də sistemi daha da müasirləşdirmək üçün təkbaşına iş aparıırlar.