Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:12

Vəkil: 'Hakim mikrofonu bağladı…' [yenilənib]


Nardaranda əməliyyat. Foto illüstrasiya
Nardaranda əməliyyat. Foto illüstrasiya

Mayın 8-i Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə Sahil Rzayev və daha 5 şəxsin apellyasiya şikayətinə baxılıb. S.Rzayev və digərləri 2015-ci ildə, Nardaran olaylarından öncə, noyabrın 5-də «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun saxlandığı Sabunçu rayon Polis İdarəsinin qarşısında həbs ediliblər.

Vəkil Elçin Sadıqovun deməsinə görə, apellyasiya şikayəti Sahil Rzayev və digər 5 nəfərlə bağlı ötən ilin avqustun 3-ü Sabunçu rayon Məhkəməsinin çıxartdığı hökmdən verilib.

«Hakim Sahil Rzayevin çıxışını qanunsuz olaraq kəsdi (şüşə qəfəsin mikrofonunu bağladı). Digər təqsirləndirilən şəxslər buna etiraz olaraq məhkəməyə arxasını çevirdi. Hakim sözü dövlət ittihamçısına verdi və daha sonra «müşavirə»dən qayıdaraq apellyasiya şikayətlərinin təmin olunmadığı, hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan etdi».

***Buna da bax-Nardaran işi-3: 'Gedin Kürdəxanıda nə qədər istəyirsiz görüşün'

Vəkil deyir ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Vəkilləri S.Rzayev və digərləri barədə Sabunçu rayon Məhkəməsinin hökmünün ləğv edilməsini istəyirdilər.

Dövlət qeydiyyatı olmayan «Müsəlman Birliyi» Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran olaylarından öncə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.

***Buna da bax-Elçin Qasımov şahid polisə: 'Kişi ol...'

* * *

Nardaran məhbuslarının “karsa” salındığı bildirilir

Nardaran məhbusu Sahil RzayevAbbas Hüseynovun cərimə kamerasına (kars) salındığı bildirilir. Abbas Hüseynov da Nardaran məhbusudur. Ancaq Sahil Rzayevdən 21 gün sonra həbs edilib.

Bu haqda AzadlıqRadiosu-na onların vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, Nardaran məhbuslarının bir-birləri ilə söhbət etməsi onların cəzalandırılmasına "əsas" olub.

Buna da bax:​ Polis Nardaranda yenə silah tapdığını deyir

"Sahil Rzayev dünən, mayın 8-i məhkəməsində mənə bildirdi ki, Abbas Hüseynovla onu Bakı İstintaq Təcridxanasında “kars”a salıblar. “Kars”a salınmalarına səbəb kimi təcridxanada "proqulka" zamanı bir-birləri ilə söhbət etmələri göstərilib", deyən vəkil bunun qanunsuz olduğunu, əlaqəli qurumlara müraciət göndərəcəyini bildirib.

Ancaq, vəkilin deməsinə görə, məhbuslara neçə gün cəza verdiyi açıqlanmayıb.

Vəkilin açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Sabunçu rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün azadlıqdan məhrum edib.

Abbas Hüseynov isə ayrı bir qrupla mühakimə olunub və 20 il həbs cəzası alıb.

Buna da bax: “Nardaran işi-3”də qalmaqal: İki nəfər zaldan çıxarıldı

XATIRLATMA

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax:​ Nardaranlı yataq xəstəsinin yanına ancaq sənədlə getmək olur

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırova 20 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il, digərlərinə də 10 ildən 20 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.

XS
SM
MD
LG