Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:42

‘Azərbaycan sərhəddinə yaxınlaşanda hansısa generala zəng etdilər...’


Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 31may2017
Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 31may2017

Bu gün, mayın 31-i Səbail Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlı barəsində məhkəməyə qədər 3 aylıq həbs qətimkan tədbiri seçib.

Bu haqda qapalı məhkəmə prosesindən sonra jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, məhkəmə müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib.

Buna da bax: Əfqan Muxtarlıya ittihamlar ağırlaşdırılıb

“Biz ekspertin dəvət olunmasını, məhkəmə zalında Əfqan Muxtarlının ekspertizadan keçirilməsini tələb etdik. Məhkəmə bu tələbimizi əsaslandırmadan rədd etdi. Bundan başqa, Əfqan Muxtarlının keçirildiyi dövlət-sərhəd nəzarət məntəqəsinin videogörüntülərinin istənilməsi barədə də vəsatət verdik. Onu da təmin etmədilər”, deyən vəkil Ə.Muxtarlıya qarşı yeni irəli sürülmüş dövlət təmsilçisinə müqavimət göstərmə ittihamının detalları haqda da danışıb.

Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 31may2017
Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 31may2017

“İddia olunur ki, Ə.Muxtarlı Dövlət Sərhəd Xidmətinin gizirinə zor tətbiq edib. Əfqan Muxtarlı isə məhkəmədə bildirdi ki, ümumiyyətlə həmin giziri heç vaxt görməyib”.

“Mollanı gətiririk, yasa gələ bilərsiniz”

Vəkil jurnalistin məhkəmədəki çıxışı haqda da bilgi verib. Onun bildirməsinə görə, Əfqan Muxtarlını Tbilisidə polis geyimində olan şəxslər zorla tutub:

“Azərbaycan sərhədinə yaxınlaşanda yanındakı şəxslər hansısa generala zəng ediblər. Məruzə olunub ki, “mollanı gətiririk, yasa gələ bilərlər”.

Vəkilin deməsinə görə, Ə.Muxtarli həmçinin, məhkəmədə Azərbaycan sərhəd nəzarət məntəqəsindən avtomobillə keçirildiyini də bildirib.

“Məhkəmə prosesində jurnalist bədənindəki xəsarət izlərini də hakimə göstərib. Onun alnının sol gicgah nahiyəsində zərbə izləri var. Bundan başqa alnının ortasında, burnunun üstündə çapılma, sağ gözündə və gözünün ətrafında qançırlar var”, ­– vəkil bildirib.

Buna da bax:​ 'Hollandiyadan Bakıya poçtla narkotik toxumu gəlirdi'

Vəkil qərarın qanunsuz olduğunu, tezliklə apellyasiya şikayəti verəcəklərini bildirib.

* * *

"Gürcülər özünü elə göstərirlər ki, guya istintaq aparılır"

“Əfqan Muxtarlının işi Savçenkonu Rusiya separatçılarının oğurlanmasına bənzəyir. Bu halda buna görə, məsuliyyəti Gürcüstan xüsusi xidmət orqanları daşıyır. İnanıram ki, Gürcüstanda araşdırma aparılacaq, oğurlanmanın iştirakçıları və bunda əli olanlar tapılacaq”.

Fuad Ağayev
Fuad Ağayev

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Cəmiyyətinin mayın 31-də jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı təşkil etdiyi ictimai dinləmələrdə vəkil Fuad Ağayev belə deyib.

Vəkil vurğulayıb ki, Əfqan Muxtarlıya qarşı dövlət rəsmisinə müqavimət ittihamının irəli sürülməsi onun bədənindəki xəsarət izlərinə bəraət qazandırmaq istəyindən irəli gəlir.

F.Ağayev qeyd edib ki, Muxtarlının işində ciddi pozuntular var. “Sərhəddən keçənlərin üzərindəki valyutanın yoxlanılması Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid deyil, bu, gömrüyün müstəsna hüququdur. Buna görə Azərbaycan hakimiyyəti qanunvericiliyi hər yolla pozub və jurnalistin saxlanması tamamilə qanunsuzdur”.

Buna da bax: Nazir müavini tələbələri ümidləndirdi

Müsavat Partiyasının lideri Arif Hacılı isə işçi qrup və ya Əfqan Muxtarlının hüquqlarını müdafiə komitəsinin yaradılmasını təklif edib.

Mehriban Əliyevanın ölkənin vitse-prezidenti təyin edilməsindən sonra...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyib ki, hakimiyyət müxalifət və hökumət tənqidçilərinə qarşı növbəti təqib dalğasına başlayıb:

“Bunun başlanğıcı Mehriban Əliyevanın ölkənin vitse-prezidenti təyin edilməsindən sonra qoyulub. Bu müddət ərzində 19 fəal və hakimiyyət əleyhdarı həbs edilib. İndi Gürcüstan cəmiyyəti onun suverenliyinin və demokratik imicinin pozulduğunu etiraf etməli və ya Bakının əməllərinə müvafiq qiymət verməlidir", – deyə AXCP sədri bildirib.

Rəsmi Tbilisinin məsuliyyəti məsələsi

Buna da bax:​ 'Hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı'

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, Əfqan Muxtarlının taleyi Bakıda deyil, Gürcüstanda həll olunur.

“Orada baş verənlər ciddi qalmaqala səbəb olub və rəsmi Tbilisinin məsuliyyəti məsələsi qaldırılmalıdır. Gürcüstan ictimaiyyəti baş verənlərə fəal şəkildə etiraz edir və Muxtarlının işini ölkə suverenliyinin pozulması hesab edir”.

Leyla Mustafayeva həyat yoldaşının xarici pasportunu nümayiş etdirir. Tbilisi. 31may2017
Leyla Mustafayeva həyat yoldaşının xarici pasportunu nümayiş etdirir. Tbilisi. 31may2017

“Gürcüstan polisi Əfqanın oğurlanması faktını araşdırmır”

Dinləmələrə internet vasitəsilə qatılan Ə.Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva isə bildirib ki, Gürcüstan polisi ərinin oğurlanması faktını araşdırmır:

“Özünü elə göstərirlər ki, guya istintaq aparılır. Hakimiyyət yalnız yerli mətbuat və hüquq müdafiəçiləri baş verənləri kəskin şəkildə pislədikdən sonra reaksiya verib. Gürcüstan hakimiyyətinin razılığı olmadan bir insanın oğurlanıb pasportsuz sərhəddən keçirilməsi mümkün deyil. Buna görə Əfqan Muxtarlının oğurluğunu araşdırmağa hazır olduqları haqqında bəyanat uydurmadır”.

Buna da bax: Tbilisidə Xədicə İsmayılla bağlı aksiya [FOTOLAR]

* * *

Gürcüstan prezidenti də Əfqan Muxtarlı işindən danışıb

Gürcüstan prezidenti Georgi Marqvelaşvili jurnalist Əfqan Muxtarlının Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilməsini şərh edib.

“Bir insanın yoxa çıxması dövlətçiliyimiz və suverenliyimiz üçün ciddi təhlükədir”, Gürcüstan prezidenti vurğulayıb.

Gürcüstan prezidenti qeyd edib ki, dövlət öz nüfuzunu qorumalıdır.

Giorgi Margvelashvili
Giorgi Margvelashvili

“Bu iş üzrə hüquqşünasların bəyanatı bir neçə səbəbdən çox ağırdır. İlk növbədə, biz jurnalistlərin və insan hüquqlarının müdafiəsi məsələlərində Gürcüstanın regionun lideri olmasından qürur duyuruq. Bu, dövlətçiliyimizin və suverenliyimizin mühüm parçasıdır”.

Prezident söz verib ki, bu məsələ ətraflı araşdırılacaq və təhlil ediləcək. Xəbəri IPN agentliyi yayıb.

Buna da bax: 'Elə Elmarın qatillərini də maşına basıb gətirərdilər'

* * *

“Azərbaycanlı jurnalist və siyasi fəal Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə oğurlanaraq qanunsuz sərhəddən Azərbaycana keçirilib”.

Human Rights Watch təşkilatının mayın 31-də yaydığı bəyanatında belə deyilir.

Bəyanatda sərhəd polisi tərəfindən tutulduqdan sonra jurnalistin 24 saatdan çox orda qaldığı vurğulanır və bildirilir ki, indi sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq kimi saxta və siyasi motivli ittihamlarla üzləşib.

Təşkilat bildirir ki, Gürcüstan hakimiyyəti məsələni təcili araşdırmalı, Azərbaycan tərəfi isə jurnalisti dərhal azad etməli və ona qarşı bütün ittihamları aradan qaldırmalıdır.

Təşkilat bildirir ki, Əfqan Muxtarlıya həbsxanada işgəncə verilə bilər.

Buna da bax:​ Gürcüstan Ombudsmanı Ə.Muxtarlı ilə bağlı bəyanat verdi

“Əfqan Muxtarlı Gürcüstana təhlükəsizlik baxımından sığınmışdı, amma görünür ki, Azərbaycan hökumətinin çaynağından çox da uzaqda deyilmiş” təşkilatın Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia deyir.

Bəyanatda bildirilir ki, onun taleyinə görə Gürcüstan hökuməti də cavabdehlik daşıyır və jurnalistin qanunsuz həbs edilərək Azərbaycana qaytarılmasında roluna aydınlıq gətirməlidir.

* * *

Gürcüstanın Daxili İşlər nazirliyi mayın 31-də azərbaycanlı jurnalist Əfqan Muxtarlının işiylə bağlı “qanunsuz azadlıqdan məhrum edilmə” maddəsi ilə cinayət işi açıb.

Bu barədə mayın 31-də Azadlıq Radiosunun Gürcüstan xidməti məlumat yayıb.

Nazirlik hazırda Azərbaycan tərəfi ilə aktiv əlaqə saxlandığını bildirir.

Buna da bax: Əfqan Muxtarlı məhkəməyə gətirildi

Gürcüstan təhlükəsizlik xidmətinin rəhbəri Vakhtang Gomelauri isə bu arada Azərbaycan tərəfinə istinadla bildirib ki, azərbaycanlı jurnalist Əfqan Muxtarlı pasport lazım olmayan “yaşıl sərhəd zolağı” nda saxlanıb.

Bu barədə mayın 31-də “Qriziya online” portalı məlumat yayıb.

Vakhtang Gomelauri
Vakhtang Gomelauri

“Bəyanatlarla tələsmək lazım deyil. Mən gözləyirəm. Daxili işlər nazirliyi istintaq başlayıb və Azərbaycan tərəfə müraciət edib. Yəqin ki, baş verənlər, onun harda tutulması barədə ordan rəsmi bəyanat veriləcək. Azərbaycan tərəfi deyir ki, o, vuraxılış məntəqəsində yox, pasport lazım olmayan yaşıl sərhəd zolağını keçərkən saxlanıb. Biz bu faktı araşdıracağıq”, Gomelauri deyib.

* * *

Bu gün, mayın 31-i Tbilisidə Gürcüstan vətəndaş cəmiyyətinin nümayəndələri, mühacir azərbaycanlı jurnalist və fəallar Əfqan Muxtarlının saxlanaraq Azərbaycana aparılmasına etiraz ediblər.

Buna da bax:​ Deputat saxlanan jurnalistin tənqidi yazılarına rast gəlməyib

Əllərində gürcü və ingilis dilində «Əfqan Muxtarlıya azadlıq!» yazılmış şüarlar tutan aksiya iştirakçıları baş verənləri pislədiklərini bəyan ediblər.

«Dünənki hadisədən sonra artıq Gürcüstan siyasi mühacirlər üçün etibarlı yer sayıla bilməz. Düşünürəm ki, Gürcüstan hökuməti öncə buna aydınlıq gətirməlidir ki, necə olub ki, öz ərazisindən oturum izini olan jurnalist oğurlanıb», - deyə aksiya iştirakçılarından biri sual edib.

Tbilisidə Ə.Muxtarlıya dəstək aksiyası. 31 may 2017
Tbilisidə Ə.Muxtarlıya dəstək aksiyası. 31 may 2017

Müəyyən müddətdir ki, Tbilisidə yaşayan və Azərbaycana qaytarılması gündəmdə olan siyasi mühacir Daşqın Ağalar da hesab edir ki, bu işdə hər iki tərəfin, həm Azərbaycanın, həm də Gürcüstanın əli var.

«Son bir ilə kimi Gürcüstan demokratik dəyərləri qoruyurdu, amma son bir ildə elə bil ki, geri çəkilmələr var. Əgər jurnalist ölkədən aparılırsa və hökumət də buna hər hansı reaksiya vermirsə, bu, artıq bu məsələdə ortaqlıqdır, şəriklikdir», - deyə D.Ağalar bildirib.

Buna da bax: Amnesty International Əfqan Muxtarlıya görə Bakını və Tbilisini ittiham edir

Aksiyaya qatılan Gürcüstan vətəndaş cəmiyyətinin təmsilçiləri isə bu məsələ ilə bağlı hökumət üzərində nəzarəti artıracaqlarını bildiriblər.

Onlar baş verənləri Gürcüstan demokratiyasına zərbə kimi dəyərləndiriblər.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlının mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlandığı bildirilir. Dünən mayın 30-u onun Azərbaycana gətirildiyi deyilir.

Əfqan Muxtarlı döyüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.

Buna da bax:​ 'Əfqan Muxtarlını oğurlayıb, döyüb, cibinə 10 min avro...' [yenilənib] [video]

«Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq»,-deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.

Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Buna da bax:​ Rəsmi açıqlama: 'Gözəl Bayramlının mənzilindən 1000 avro nağd pul tapılıb'

Xatırlatma

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddə ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Əfqan Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.

XS
SM
MD
LG