Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:57

Təklə kəndinin yaxınlığından çay axır, problem də bundadır...


Arxiv fotosu
Arxiv fotosu

Masallı rayonun Təklə kənd sakinləri deyir ki, sel suları hər il olduğu kimi evləri basıb. Hər dəfə güclü yağış yağanda evlər su altında qalır. Məktəbli uşaqlar dərsə gedə bilmirlər.

“Elə ki, payız yağışları başlayır, su gəlib kəndi basır”

Buna da bax:​ Kəndli: ‘Cənab prezident, bunun bir sonu olacaq, ya yox?..’

Kənd sakini Eldar Qubadovun deməsinə görə, yağış davam etdikcə vəziyyət ağırlaşır:

“Təklə kəndin yaxınlığından çay axır. Yayda o çayda su olmur. Halbuki, yayda susuzluqdan əziyyət çəkirik. Elə ki, payız yağışları başlayır, su gəlib kəndi basır. Çaydan sonra kəndə yaxın bir kanal da var. Biz deyirik ki, heç olmasa həmin kanalı təmizləsinlər, kəndə su girməsin. Yağışlar başlayıb, yenə həmin problemlə üz-üzəyik. Gəlirlər, baxırlar, heç bir iş görmürlər. Gördük ki, kömək yoxdur, özümüz pul topladıq, 2 min manata yaxın pul yığmışıq. İndi traktor istəyirik. Traktor da vermirlər”.

Buna da bax:​ Gəndov - dağın qoynu, problemlərin mərkəzi...

“İcra hakimiyyətindən bizə heç bir köməklik olunmayıb”

Kənd sakinin deməsinə görə, ölkə prezidentinə, vitse-prezidentə müraciət olunub. Hələ ki, tədbir görən yoxdur:

“Biz prezidentə yazdıq. Əvəzində rayon icra hakimiyyətindən cavab gəldi. Cavabda bidirilirdi ki, 2 kilometr yol təmizlənib. Biz də dedik ki, nümayəndə gəlsin, çəkiliş olsun görün harda bu yolu təmizləyiblər? Fakt odur ki, bizə lazım olan yerdə iş görülməyib. Texnikanı çaydan çıxardıb aparıblar. İcra hakimiyyətindən bizə heç bir köməklik olunmayıb”.

Təklə kəndinin 2 mindən çox əhalisi var. Kənd sakinləri heyvandarlıqla, əkin- biçinlə dolanır. Eldar Qubadov deyir ki, ölkədə yeganə cəfəri plantasiyası Təklədə var:

Buna da bax:​ Ələsgər kəndində yol yoxdur, çaydan yol kimi istifadə edirlər

“Əkin yerləri, evlər su altında qalır”

“Sovet dövründə çayda yay aylarında həmişə suyun olmasını təmin edirdilər. Qışda isə suyun axıb getməsi üçün kanallar qazılıb. Həmin qaydalar pozulub. Yayda susuzluqdan, qışda seldən əziyyət çəkirik. Əkin yerləri suyun altında qalır, məhsullar zay olur. Kəndin altmışdan çox yaşayış evi suyun altında qalır. Təsərrüfatlara ziyan dəyir. Bu hər 2-3 ildən bir təkrar olunur. Su axa bilmir, çay məcrasından çıxır. Aşağıda Mollahəsənli kəndi var, onlar da bu problemlə yaşayırlar. Yolumuz yox, dincliyimiz yox. Bir azdan at arabası da burdan keçə bilməz. Kanalın üstündə körpü var, o da əl vermir. Texnika versələr 3-4 günlük işdir”.

İki çayın arasında...

Kənd sakinlərindən Elnur Nuriyev də deyir ki, biganəlikdən beziblər:

“Altı ilə yaxındır ki, sel sularının altındayıq. İki çayın arasında qalmışıq. Bizim dolanışığımız əsas tərəvəz sahələridir. Quşçuluqdur, heyvandarlıqdır. Hamısı qalıb suyun altında. Keçən il də batdı sahələrimiz. İki il bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də gəlmişdi. Burdan keçə bilmədilər. Evlər suyun altında idi. Çoxunun ailə başçısı burda yoxdur, çörək pulu qazanmaq üçün başqa yerlərə gedirlər. Onların yaşlı adamlarını, uşaqları mən burdan çıxartmışam. 60 ailənin yaşadığı ərazi iki çayın arasına düşür. Həmin o altmış ailə sudan əziyyət çəkir. Təzə evlərdir. Otuz ailə özünə ev tikib, qalanları isə komada yaşayırlar. Yağış başlamamışdan əvvəl məhsulların çoxunu toplaya bilmişik. Axı yaşamaq lazımdır...”

Buna da bax:​ Poylulular: 'Vəzifəli şəxslərin yaxınları çayın yolunu da zəbt edib'

“Kəndin pulu azdır, texnika vermirlər... ”

Elnur Nuriyevin deməsinə görə, gecələr narahat yatırlar:

“Yağış belə yağır, deməli sel gələcək. Sel də birinci bizim ərazini basır. Onda özümüzü xilas etməli olacağıq. Heyvanlara növbə çatmaz. Bələdiyyə də müraciət etdik. Gəlib baxdılar. Ancaq bizim topladığımız pul bəs etmir. Bu böyük işdir. Texnika da vermədilər. Camaatda da daha pul yoxdur. 250 metr bir istiqamətdədir, 600 metr digər istiqamətdə. Əyləşdiyim evə iki dəfə sel girib. Bu qış bizim üçün çətin olacaq. Biz başa sala bilmirik ki, bənd bağlamaqla çayın səmtini dəyişmək lazımdır. Çayı, kanalları təmizləmək başqa işdir, çayın səmtini dəyişmək başqa. Bu böyük vəsait tələb edir. Bütün instansiyalara yazmışıq. Daha nə edək?”

“Yağışda uşaqlar dərsə gedə bilmir”

Digər kənd sakini Ramiz Hüseynov isə deyir ki, yağışda uşaqlar dərsə gedə bilmirlər:

“Uşaqlar dərsdən qalırlar. Keçən il də dərsə gedə bilmədilər. Suyun əlindən mümkün deyil. Kimə dərdimizi deyək? Məktəbdən zəng edirlər ki, uşaqları yolla. Mən uşaqları bu suyun, bu palçığı içində necə göndərim məktəbə? Suyun altında qalmış evlərdən orduya gedənlər var. Bir evdən iki uşaq orduda xidmət edir. Əsgər valideynləri isə suda yaşayırlar...”

Buna da bax:​ Kəndli: 'İnəyi satdım, kartof əkdim, o da susuzluqdan məhv oldu'

İcra Hakimiyyəti: “Yağışlar dayananda iş bərpa olunacaq”

Masallı Rayon İcra Hakimiyyətindən (İH) isə bildiriblər ki, yağış dayanan kimi həmin ərazidə işlər davam etdiriləcək.

İH-dən verilən məlumata görə, həmin ərazilərdə olan kanallarda təmizlənmə işləri gedir. 7 kilometrdə təmizlənmə işləri aparılıb.

“Xırmandalı kənd istiqamətində neçə vaxt idi ki, 3 traktor işləyirdi. Suyun qarşısını almaq üçün tədbirlər görülür və bu gün də davam edir. Nazirlər Kabinetinə də müraciət olunub. Gözləmirik, daxili imkanlar hesabına zəruri işlər görülür. Kimin şikayəti varsa müraciət etsin, araşdıraq, problemi həll edək. Həmin ərazidə işlərin 60 faizi görülüb. Yağışa görə, işlər dayanıb. Yağışdan sonra işlər yenə davam etdiriləcək. Kimsə orda pul toplayıb, heç nəyə ehtiyac yoxdur”, – deyə icra hakimiyyətindən bildiriblər.

XS
SM
MD
LG