Koronavirus pandemiyasına görə payızda bütün dərslərin onlayn keçiriləcəyi halda, Birləşmiş Ştatlar beynəlxalq tələbələrə viza verməyəcək.
ABŞ İmmiqrasiya və Gömrük İdarəsinin iyulun 6-da yaydığı bu qaydalar Birləşmiş Ştatlarda yüzminlərlə əcnəbi tələbəyə təsir göstərə bilər.
“ABŞ Dövlət Departamenti payız semestri tamamilə onlayn keçiriləcək məktəb və proqramlar üzrə təhsil alan tələbələrə viza verməyəcək. ABŞ Gömrük və Sərhəd Mühafizəsi də bu tələbələri Birləşmiş Ştatlara buraxmayacaq”, – bəyanatda deyilir.
“Hazırda bu proqramların iştirakçıları olan tələbələr Birləşmiş Ştatları tərk etməli, yaxud başqa addımlar atmalıdırlar, məsələn, hüquqi statusda qalmaq üçün birbaşa dərs keçilən məktəbə transfer olunmalıdırlar. Əks halda, onlar immiqrasiya prosesi ilə üzləşə bilərlər, çıxarılma proseduru başladıla bilər”, – məlumatda vurğulanır.
Təhsil ocaqları çətin durumda
Bu qaydalar qeyri-mühacir F-1 və M-1 tələbə vizalarına aiddir. Bu vizalar uyğun olaraq akademik kurslar və təmayül məktəblərini əhatələyir. 2018-19 tədris ilində Dövlət Departamenti 388 min 839 F-1 və 9 min 518 M-1 vizası verib. Birləşmiş Ştatlarda 1,1 milyona yaxın əcnəbi tələbənin təhsil aldığı bildirilir.
Bu açıqlama kollec və universitetləri qəfil yaxalayıb, çünki onlar ilin əvvəlindən pandemiyaya görə qapılarını bağlayaraq onlayn dərslərə keçiblər, payızda tədrisin necə davam etdiriləcəyini hələ müəyyənləşdirməyiblər.
COVID-19 böhranı səbəbindən immiqrasiya orqanları yaz və yay semestrlərində onlayn kurslarla əlaqədar əcnəbi tələbələrə müvəqqəti möhlət vermişdi.
1700-dən artıq ali təhsil ocağı liderinin təmsil olunduğu Amerika Təhsil Şurası yeni qaydaları “qorxulu” adlandırıb.
“Bu qaydalar cavabdan çox suallar doğurur və təəssüf ki, xeyirdən çox ziyanı var”, – bəyanatda deyilir.
Bir çox kollec və universitetlər hələlik, payıza planlarını açıqlamayıblar. Bəziləri yalnız onlayn tədris verir, digərləri onlayn və birbaşa dərslərin hibrid modelini planlaşdırır.
Harvard iyulun 6-da planlarını açıqlayıb. Birinci kurs da daxil olmaqla tələbələrin 40 faizə qədəri universitet şəhərciyində qalacaq, ancaq dərslərin hamısı onlayn keçiləcək.