Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:58

SOCAR rəsmisi enerji ixracına risklərdən danışır


Türkiyə Prezidenti Recep Tayyip Erdogan TANAP-ın açılış mərasimində, 12 iyun, 2018-ci il
Türkiyə Prezidenti Recep Tayyip Erdogan TANAP-ın açılış mərasimində, 12 iyun, 2018-ci il

Elşad Nəsirov deyib ki, Xəzər neft-qazını dünya bazarlarına çatdıran enerji infrastrukturunun bir hissəsi hərbi əməliyyatlar zonasının yaxınlığından keçir

Azərbaycan Ermənistanla sərhədində ötən həftə baş vermiş toqquşmaların Avropa bazarlarına neft və qaz ixracına təhlükəsizlik riskləri haqda xəbərdarlıq edib. “Reuters” agentliyi yazır ki, bu xəbərdarlıqla SOCAR-ın Vitse-prezidenti Elşad Nəsirov çıxış edib.

TAP kəməri

Nəsirov deyib ki, Xəzər neft-qazını dünya bazarlarına çatdıran enerji infrastrukturunun bir hissəsi hərbi əməliyyatlar zonasının yaxınlığından keçir.

İyulun 12-dən Tovuz rayonu istiqamətində başlanan toqquşmalarda iki tərəfdən ümumilikdə 15 hərbçi öldürülüb.

Nəsirovun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft, Baku-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və bir sıra digər obyektlər toqquşmaların baş verdiyi ərazidən uzaqda deyil.

SOCAR rəsmisi Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik Kəmərinə (TAP) də toxunub. Bu dəhlizə Gürcüstan və Türkiyədən keçən iki başqa kəmər də daxildir. TAP-ın tamamlanması dəhlizin bütövlükdə işə salınması, Avropanın Rusiya qaz təchizatından asılılığının azalması deməkdir.

“Kəmər bu ilin oktyabr-noyabr aylarında hazır olacaq və işə salınacaq”, – o vurğulayıb.

Ermənistan isə bu arada Azərbaycanın Metsamor nüvə enerjisi zavodunu vurmaqla hədələməsindən bəhs edir. Ötən həftə Azərbaycan rəsmisi Ermənistanın Mingəçevir Su Anbarını vurmaqla bağlı daha öncəki təhdidlərinə cavab olaraq Metsamoru vurmağın mümkünlüyünü deyib.

“Bu bəyanat birmənalı olaraq bəşəriyyətə qarşı cinayət hesab olunmalıdır… buna adekvat şəkildə beynəlxalq reaksiya verilməli, istintaq aparılmalıdır”, – Ermənistanın Baş naziri Nikol Pashinian vurğulayıb.

Qərbə çağırış

Nəsirov ABŞ-da mənzillənən Xəzər Siyasət Mərkəzinin təşkilat etdiyi telekonfransda çıxış edib. O, Qərbi enerji ixracını qorumağa çağırıb.

“Vaşinqtonda və digər yerlərdəki həmkarlarımızı regiondakı durumun necə kövrək olması, Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi və fiziki təhlükəsizliyini necə təmin etmək barədə düşünməyə dəvət edirəm”, – Nəsirov deyib.

Azərbaycan və Ermənistan ötən həftəki toqquşmalara görə bir-birini ittiham edir, qarşı tərəfin provokasiyaya birinci başladığını deyir.

Bəzi təhlilçilər də bu toqquşmalarda Rusiya amilinə diqqət çəkiblər. Onlar əməliyyatların Dağlıq Qarabağda deyil, Azərbaycan üçün əhəmiyyətli Cənubi Qafqaz kəmərinə yaxın Tovuz rayonunda başlamasına diqqət çəkirlər. Məsələ ondadır ki, bu kəmərlə Türkiyənin TANAP kəmərinə qaz vurulur və hazırda Azərbaycan Türkiyənin qaz bazarında 35 faizlik, Rusiya isə təxminən 18 faizlik paya malikdir. Təhlilçilər Rusiya və Türkiyə münasibətlərinin son vaxtlar soyuduğunu, Moskvanın Ankaraya qaz mənbələrini şaxələndirməmək üçün təzyiq göstərdiyini deyirlər.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

XS
SM
MD
LG