Fransanın futbol ulduzu Antuan Qrizman Huawei şirkətilə sponsorluq sazişinə son verdiyini deyir. Səbəb Çinin bu telekommunikasiya nəhənginin Sintzyan regionunda etnik müsəlman uyğurlar üzərində nəzarətdə rolu haqda deyilənlərdir.
Qrizman dekabrın 10-da Instagram-da yazıb ki, uyğurlarla bağlı üztanıma proqramının hazırlanmasında Huawei şirkətinin iştirakıyla bağlı güclü şübhələrdən dolayı şirkətlə tərəfdaşlığı dərhal dayandırır.
Huawei iddiaları rədd edib, futbolçunun qərarından “kədərləndiyini” bildirib.
Qrizman 2017-ci ildən bu şirkətin brend səfiri idi, onun Fransada reklamlarında əsas rol oynayırdı.
29-yaşlı futbolçu AVRO-2016-nın final mərhələsinə çıxan, daha sonra 2018-ci ildə Rusiyada Dünya Çempionatını qazanan Fransa milisində oynayıb.
O, ötən il "Barselona"ya qoşulub, 2021-ci ildə Avropa çempionatında Fransa yığmasının tərkibində oynayacağı gözlənir.
Yeni hesabatda deyilir ki...
Bu arada Pekin Sintzyandakı siyasəti üzündən beynəlxalq tənqidlə üzləşib. BMT-nin hesablamasına görə, azı bir milyon uyğun və digər etnik müsəlmanlar regionda “ekstremizmə qarşı mərkəzlər”də saxlanır.
BMT milyonlarla insanın islah düşərgələrinə yerləşdirildiyini deyir. Amma Pekin bu obyektlərin “könüllü təlim mərkəzləri” olduğunu bildirir.
Dekabrın 8-də ABŞ-da mənzillənən IPVM kəşfiyyat tədqiqat firması bildirib ki, Huawei Çin hakimiyyətinin uyğurların məyyənləşdirilməsi üçün üztanıma proqramının sınağında iştirak edib.
Şirkətin sözçüsü isə deyib ki, “bizim texnologiyalar etnik qrupları müəyyənləşdirmək üçün hazırlanmır. Ayrıseçkiliyin olmaması şirkətimizin dəyərlərinin mərkəzində dayanır”.
Çinin Xarici İşlər Nazirliyi isə hesabatı “böhtan” adlandırıb.
Qrizman Çinin uyğurlara qarşı siyasətinə qarşı çıxan ilk futbolçu deyil. Arsenalın və Almaniya millisinin keçmiş futbolçusu, türk əsilli Mesut Özil həm Pekini, həm də iddia olunan davranışla bağlı susanları tənqid edib.