Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:04

Avropa ‘Putinin yaxın çevrəsinə’ elə bu ay sanksiyalar qoya bilər


Anti-Putin aksiyalarından birində
Anti-Putin aksiyalarından birində

Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə artıq bu ay səfər və mülkiyyət qadağanları qoya bilər.

Reuters üç diplomata istinadən yazır ki, Fransa və Almaniya bu barədə razılığa gəliblər.

Xəbərdə deyilir ki, Putinin ən qatı tənqidçisi Aleksey Navalnının həbsinə cavab olacaq sanksiylar dekabr ayından işə salınmış yeni mexanizm əsasında qoyulan ilk sanksiyalar olacaq.

Avropa İttifaqının yeni sanksiyalar çərçivəsi dünya boyunca insan haqları pozucularının cəzalandırılmasına imkan verir.

Reuters yazır ki, amma Berlin və Paris böyük bir ehtimalla Şimal Axını 2 kəməri layihəsinin dayandırılması kimi daha sərt sanksiyalara əl atmayacaqlar.

Avropa İttifaqının bir sıra ölkələri Moskvaya qarşı məhz belə sərt addımların atılmasını istəyir.

Səbir kasasını daşdıran zəhərləmə

Rusiya üzərinə sanksiyaların qoyulması üçün təzyiqlər xüsusilə də Almaniya, Polşa və İsveç diplomatlarının Rusiyadan qovulmasından sonra artıb.

İndi hər halda, həm Paris, həm də Berlin Moskvaya qarşı sanksiyalara ehtiyac olduğunu bildirirlər.

Bundan əvvəl Polşa, Baltik ölkələri, Çexiya və Rumıniya Rusiyaya sanksiyalar qoyulmasına çağırmışdılar.

Reuters yazır ki, Avropa İttifaqının iki böyük iqtisadiyyatı - Almaniya və Fransanın dəstəklədiyi sanksiyalara başqa üzv ölkələrin blok qoyacağı ağlabatan deyil.

Bu da xəbər verilir ki, sanksiyalar Avropa İttifaqı xarici işlər nazirlərinin fevralın 22-də keçiriləcək iclasında elan edilə bilər.

Bir Avropa diplomatı Reuters-ə deyib ki, sanksiyaları bundan o yana gecikdirmək artıq mümkün deyil.

Almaniya Navalnının ən qızğın müdafiəçilərindən biridir. Rusiya müxalifətçisi hərbi təyinatlı kimyəvi maddə ilə zəhərləndikdən sonra məhz Almaniyada müalicə olunub.

Avropa bu dəfə sanskiyaları daha tez qoya bilər

Reuters xatıladır ki, Rusiya Avropa İttifaqının qaza olan tələbatının üçdə bir hissəsini təchiz edir.

Dəyəri 11 milyard dollar olan Şimal Axını 2 qaz kəməri dənizin altı ilə Ukraynadan yan keçən mövcud kəmərin tutumunu iki dəfə artıracaq.

ABŞ-ın sanksiya hədələrinə və Avropa Parlamentinin bu kəmərin tikintisinin dayandırılmasını tələb edən qətnaməsinə baxmayaraq Berlin və Paris hesab edirlər ki, sanksiyalar sözü gedən qaz kəmərini əhatə etməməlidir.

Avropa İttifaqı indiyədək 2014-cü ildə Krımı ilhaq etdiyinə görə Rusiya üzərinə sanksiyalar qoyub.

İttifaq ötən il Navalnının zəhərlənməsinə cavab olaraq Putinə yaxın 6 rəsimyə səfər qadağanı qoyub.

Reuters xatırladır ki, 2018-ci ildə keçmiş Rusiya casusu İngiltərədə zəhərlənəndə Avropa İttifaqına Rusiya üzərinə sanksiyalar qoymaq üçün bir ildən artıq vaxt lazım olmuşdu.

Ovaxt Britaniya ittifaq üzvü idi. Amma indi Avropa İttifaqı Rusiyaya qarşı yeni daha ağır sanksiyları daha qısa müddətdə qoymalıdır.

XS
SM
MD
LG