Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:43

Kanada parlamenti: Çinin uyğurlarla rəftarı ‘soyqırımı’dır


Çində uyğurlar, arxiv fotosu
Çində uyğurlar, arxiv fotosu

Fevralın 22-də parlamentdə yekdilliklə qəbul olunmuş sənəddə deyilir ki, uyğurlar Çində “soyqırımına məruz qalıb və qalırlar”

Kanadanın İcmalar Palatası Pekinin uyğurlarla rəftarının soyqırımı hesab olunmasına səs verib. Bundan bir neçə saat öncə isə Çin bu azlığa münasibətini insan haqları sahəsində proqresə “parlaq örnək” adlandırıb.

Fevralın 22-də parlamentdə yekdilliklə qəbul olunmuş sənəddə deyilir ki, uyğurlar Çində “soyqırımına məruz qalıb və qalırlar”. Parlament həmçinin uyğurlara qarşı qəddar münasibət davam edərsə, 2022-ci il Pekin Qış Olimpiadasının yerini dəyişməyə çağıran əlavəyə səs veriblər.

Qərb uyğurlardan narahatdır

Son illər Çinlə Kanadanın münasibəti gərgindir və bu addımın Pekini daha da qəzəbləndirəcəyi gözlənir.

Baş nazir Castin Trüdo ötən həftə deyirdi ki, Sintzyanda insan haqları pozuntularına dair ciddi məlumatlar gəlir. İnsan haqları qrupları bu regionda azı 1 milyon uyğur və digər müsəlman azlıq nümayəndələrinin həbs düşərgələrində saxlandığını bildirirlər.

Digər Qərb ölkələri də Çində insan haqlarının vəziyyətilə bağlı şikayətlər səsləndirirlər. Birləşmiş Ştatlar da uyğurlarla rəftara dair “soyqırımı” sözündən istifadə edib.

Pekin isə belə sənədlərə sərt reaksiya verib, Sintzyanı “daxili məsələ” adlandıraraq pozuntu iddialarını rədd edib. Pekinin iddiasına görə, sözügedən düşərgələr könüllü təlim mərkəzləridir, islam ekstremizmi ilə mübarizəyə kömək edir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin fevralın 23-də Kanada parlamentinin sənədinin “faktları və sağlam idrakı gözardı etdiyini” deyərək əlavə edib ki, Pekin Kanadaya “sərt mövqeyini bildirib”.


“Parlaq örnək”

Çinin Ottavadakı səfiri Konq Peyvu soyqırımı iddialarını rədd edib.

“Qərb ölkələri Çində insan haqlarının vəziyyətinə dair mövqe bildirə bilməzlər”, – Konq səsvermədən öncə müsahibəsində deyib.

“Sintzyanda ümumiyyətlə ‘soyqırımı’’ deyilən şey yoxdur”, – o, sözlərinə əlavə edib.

Fevralın 22-də Çinin Xarici işlər naziri Vanq Yi Cenevrədə BMT-nin İnsan Haqları Şurasında bildirib ki, uyğurlar və Sintzyanda yaşayan digər azlıqların din və əmək hüquqları var.

O, Sintzyanda etnik azlıqlarla rəftarı Çinin insan haqları sahəsində proqresinə “parlaq örnək” adlandırıb.

Vanq deyib ki, Sintzyanda dörd ildir “terrorçuluq halı” baş verməyib və regionda “sosial sabitlik və sağlam inkişaf” yaşanır.

O, Sintzyanda 24 min məscidin fəaliyyət göstərdiyini vurğulayıb.

“Bu faktlar Sintzyanda heç vaxt ‘soyqırımı’nın, məcburi əməyin, dini istibdadın olmadığını göstərir”, – Vanq vurğulayıb.

XS
SM
MD
LG