Ermənistanda məhkəmə 2016-cı ildə Yerevanda polis idarəsini ələ keçirən və zabitləri girov götürən silhalı qruplaşmanın üzvlərinə hökm oxuyub.
Məhkəmə fevralın 24-də Sasna Tsrer qruplaşmasının 7 üzvünə 6 və 8 il arasında iş kəsib.
Təşkilatın bir üzvü – Smbat Barseğyan iki polis zabitinin qətlinə görə 25 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edilib.
Qrupun başqa bir üzvü - Araik Xandoyana qarşı ittihamlara onun ölümü ilə bağlı xitam verilib.
Polis zabitinin qətlində ittiham olunan Armen Biliyan məhkəmə zalından sərbəst buraxılıb.
Sasna Tsrer təşkilatının 20-dək üzvündən yarısına qarşı ittihamlara da xitam verilib.
Sarkisyana qarşı çıxmışdılar
Əsasən I Dağlıq Qarabağ Müharibəsinin veteranlarından ibarət Sasna Tsrerə qarşı məhkəməyə 2018-ci il “məxməri inqilabından” sonra başlanmışdı.
Onların əksəriyyətinin azad edilməsi üçün parlamentin millət vəkilləri şəxsən zamin durublar.
Silahlı qruplaşma 2016-cı ilin yayında polkovnik Varujan Avetisyanın rəhbərliyi ilə Yerevanın Erebuni rayonundakı polis məntəqəsini ələ keçirmiş və ovaxtkı prezident Serj Sarkisyandan millətçi siyasətçi Jirayr Sefilyanın azad olunmasını tələb etmişdi.
İki həftədən çox davam silahlı qarşıdurmada üç polis zabiti həlak olmuşdu.
Sasna Tsrer hərəkatının əsasında yaradılmış siyasi partiya 2018-ci ilin dekabr seçkisində iştirak etmişdi.
Lakin partiya parlamentdə mandat qazanmaq üçün lazım olan 5 faiz limitini aşa bilməmişdi.
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb.
44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Müasir mərhələdə Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul edib. Amma istər Azərbaycan SSRİ, istərsə də SSRİ Ali Soveti bunu müdafiə etməyib.
Münaqişə sözdən döyüşlərə keçib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.