Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:53

Rusiya 'əsir' məsələsində Ermənistanı dəstəkləməyib


Azərbaycanla Ermənistan arasında əsir mübadiləsi, 4 noyabr, 2020-ci il
Azərbaycanla Ermənistan arasında əsir mübadiləsi, 4 noyabr, 2020-ci il

Ümumilikdə, əsir məsələsinin müzakirəsinə 21 nəfər "yox" deyib. 93 nümayəndə məsələnin müzakirəsini dəstəkləyib, 18 nəfər səsverməyə qatılmayıb

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) 12 üzvdən ibarət heyəti erməni əsirlər məsələsinin qurumda müzakirəsini dəstəkləməyib. 12 üzvdən beşi məsələnin əleyhinə səs verib, yeddisi isə səsvermədə iştirak etməyib. Xəbəri AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti yayıb.

“Azatutyun” yazır ki, Rusiyanın nümayəndə heyəti praktik olaraq tam heyətlə Türkiyədə demokratiyanın da AŞPA-da müzakirəsinə qarşı çıxıb və bununla faktiki olaraq, rəsmi Ankaranı dəstəkləyib.

Ermənistanın strateji müttəfiqi sayılan Rusiya niyə Azərbaycanda saxlandığı deyilən erməni əsirlər məsələsinin Strasburqda müzakirəsini dəstəkləməyib? Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan “Azatutyun”a deyib ki, baş verənləri Rusiya nümayəndə heyətinin rəhbəri Pyotr Tolstıy ilə müzakirə edib.

“O mənə dedi ki, onlarda kommunikasiya problemi çıxıb və onlar Rusiyanın mövqeyini dəstəkləyirlər, erməni əsirlər dərhal ‘hamının hamıya’ prinsipilə qaytarılmalıdır. Həmkarım onu da bildirdi ki, müvafiq çıxışları ilə bu mövqeyi təsdiqləyəcəklər”, – Rubinyan söyləyib.

“Səbəblər bizi qətiyyən maraqlandırmır”

Ümumilikdə, əsir məsələsinin müzakirəsinə 21 nəfər "yox" deyib. 93 nümayəndə məsələnin müzakirəsini dəstəkləyib, 18 nəfər səsverməyə qatılmayıb.

Analitik Ruben Meqrabyanın fikrincə, erməni əsirlərin Rusiya üçün prioritet olmasıyla bağlı söhbətlər reallığı tam əks etdirmir. “Buna müxtəlif izahlar verilir, amma böyük anlamda rusların bizim əsirlərin buraxılmasına qarşı çıxması bizi maraqlandırmır. Səbəblər bizi qətiyyən maraqlandırmır və maraqlandırmamalıdır”, – Meqrabyan vurğulayıb.

Aprelin 20-də AŞPA-nın yaz sessiyasında hansı məsələlərin müzakirə çıxarılması üzrə qərar verilib. İki məsələ – Rusiyada müxalifətçi Aleksey Navalnının həbsi və Türkiyədə demokratik institutların fəaliyyəti təcili məsələlər sayılıb. Erməni əsirlər, Rusiyanın Avropada sülhə yaratdığı təhdid cari məsələlər sırasında yer alıb. Etirazlar olan məsələlər müzakirəyə çıxarılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov erməni əsirlər məsələsinə etiraz etdiyindən səsvermə keçirilib.

Xatırlatma

Azərbaycan ötən il Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin ötən il noyabrın 9-da imzaladığı atəşkəs razılaşmasının 8-ci bəndində hərbi əsirlərin qaytarılması nəzərdə tutulur. Azərbaycan indiyədək qarşı tərəfə hərbi əsirlərin hamısını qaytardığını, hərbi əməliyyatlar bitəndən sonra saxlananların isə əsir deyil, “terrorçu” olduğunu bildirir.

Avropa İnsan Hüquqları Məhkəməsi martın 16-da 72 erməninin Azərbaycanda olduğunu, Azərbaycan hökumətinin də onların saxlandığını təsdiqlədiyini bildirib.

Xarici işlər naziri Ceyhun Bayramov isə martın 15-də bir daha bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir:

"Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

XS
SM
MD
LG