Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:46

Avroparlament Rusiyanı neft-qaz embarqosu ilə hədələyir


Avropa Parlamenti aprelin 29-da Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə rəftarı, Ukrayna sərhədi boyunca qoşun cəmləşdirməsi və millət vəkillərinin təbirincə “Çexiya Respublikasına hücumları” ilə bağlı qətnamə qəbul edib.

Tövsiyə xaraketeri daşıyan qətnamə Avropa Parlamentində beş əsas siyasi partiya bloku tərəfindən dəstəklənib.

Qətnamənin leyinə 569, əleyhinə 67 səs verilib. 46 deputat bitərəf qalıb.

Qətnamədə deyilir ki, “Rusiya təkcə Avropa təhlükəsizliyinə xarici hədə təşkil etməklə qalmır, əksinə müxalifətin sistematik əzişdirilməsi və küçə həbsləri ilə öz xalqı ilə müharibə aparır”.

Sənəddə vurğulanır ki, Navalnının Noviçok əsəb-sinir kimyəvi maddəsi ilə zəhərlənməsi Rusiya təhlükəsizlik xidmətlərinin agentləri tərəfindən Rusiya Federasiyası daxilində törədilmiş “sui-qəsd” cəhdi kimi qiymətləndirilməlidir.

Putinin dəsti-xətti

Qətnamədə deyilir ki, Navalnının zəhərlənməsi Vladimir Putinin öz opponentlərinə qarşı dəsti-xəttinə tam uyğundur və bu, indiyədək bir neçə müxalifət fiqurunun, jurnalistin, fəalın və xarici liderin ölümü ilə nəticələnib.

Sənəddə bildirilir ki, Çexiyada 2014-cü ilin silah anbarı partlayışının, İngiltərədə keçmiş casus Sergey Skripal və onun qızı Yuliyanın Noviçok maddəsi ilə zəhərlənməsinin arxasında da “Rusiyanın hərbi kəşfiyyat idarəsi GRU-nun agentləri durublar.”

Bu da xatırladılır ki, Bolqarıstan 2015-ci ildə silah zavodunun sahibi Emilian Gebrevə sui-qəsd cəhdinə görə GRU agentlərinə qarşı ittiham irəli sürüb.

Sənəddə qeyd olunur ki, Rusiya Avropa İttifaqının ərazisində törədilmiş bu cinayətlərin təhqiqatı ilə bağlı “əməkdaşlığa razılıq vermir” və “əsas şübhəliləri himayə edir”.

Qətnamədə Rusiyadan Navalnının dərhal azad edilməsi, qoşunların Ukrayna sərhədindən geri çəkilıməsi tələb olunur.

Bu da əlavə edilir ki, bu qoşunların malik olduqları silahların “miqyası və vuruş qabiliyyəti” Rusiyanın Ukraynaya hücum niyyətindən xəbər verir.

Əgər Rusiya Ukraynaya təcavüz etsə...

Qətnamədə deyilir ki, əgər Rusiya qoşunları Ukraynaya müdaxilə etsə, Avropa İttifaqı bu ölkədən neft və qaz idxalını dərhal dayandırmalı, Rusiya SWIFT beynəlxalq bank köçürmələri sistemindən xaric edilməlidir.

Sənəddə qeyd olunur ki, Moskva Ukrayna ərazisinə müsdaxilə etdiyi təqdirdə Rusiya hakimiyyətinə yaxın olan oliqarxların və onların ailə üzvlərinin Aİ ərazisindəki aktivləri dondurulmalı və onların ittifaq ərazisinə vizaları ləğv edilməlidir.

Enerji məsələlərinə gəlincə isə, qətnamə Rusiyadan asılılığın azaldılmasına və Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərinin tikintisi dayandırılmasına çağırır.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyanı SWIFT sistemindən çıxarmaq və ya ondan qaz və neft idxalını dayandırmaq kimi sanksiyalar ilk dəfə təklif olunur.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell bundan əvvəl Avropa Parlamentinin sessiyasında bildirmişdi ki, Rusiyanın SWIFT sistemindən çıxarılması və Şimal Axını 2 kəməri tikintisinin dayandırılması Avropa İttifaqının səlahiyyətləri xaricindədir.

Söhbət ilk növbədə özəl şirkətlərdən və ayrı-ayrı dövlətlərdən gedir.

Amma onun fikrincə, Rusiya hakimiyyəti qarşıdurma kursu götürsə də, onunla dialoq kanallarını açıq saxlamaq lazımdır.

XS
SM
MD
LG