Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:15

Litva hökuməti Belarus üzərindən uçan təyyarələri qəbul etməyəcək


Minsk aeroportunda sərnişinlərin çantaları yoxlanır
Minsk aeroportunda sərnişinlərin çantaları yoxlanır

Avropa Komissiyasının başçısı Ursula von der Leyen bloku Alyaksandr Lukaşenka rejiminə sanksiyaları sərtləşdirməyə çağırıb

Litva hökuməti Belarus üzərindən uçan təyyarələri qəbul etməyəcəyini bildirib.

Litvanın Delfi xəbər portalının məlumatına görə hökumət habelə Belarus hava məkanından keçmək niyyətində olan təyyarələrin Litvadan qalxmasına qadağan qoyur.

Litva baş naziri İnqrida Şimonitenin sözlərinə görə bu qərar sərnişinlərin təhlükəsizliyi üçün qəbul olunub.

Litva nəqliyyat naziri Maryus Skuodis deyib ki, bu qadağan hazırda günə 26 reysi əhatə edir.

Beləliklə, Litvadan və Litvaya uçan təyyarələr üçün yeni marşrutlat müəyəyn edilməlidir.

Bundan əvvəl Belarus üzərindən uçuşları həyata keçirməkdən Latviyanın airBaltic hava şirkəti imtina edib.

Minskin Həməs söhbəti

Bu arada Belarus Nəqliyyat Nazirliyinin nümayəndəsi iddia edib ki, təyyarəyə “bomba qoyanlar” guya onu Litva paytaxtı Vilnüs üzərində partlatmalı imişlər.

Guya bu məlumat Fələstinin radikal Həməs qruplaşmasından elektron rabitə vasitəsilə gəlib.

Nümayəndənin sözlərinə görə aksiya Avropa İttifaqının İsrailə dəstəyinə etiraz olaraq törədilməliymiş.

Belarusun hərəkəti 'dövlət səviyyəsində aviasiya piratlığıdır'

“Bu, dövlət səviyyəsində aviasiya piratlığı idi”, – İrlandiyanın Xarici işlər naziri Simon Koveney AB və NATO hərbi alyansının üzvləri olan iki ölkə arasında uçuşun pozulmasını belə dəyərləndirib.

“Bu məcburi hərəkəti həyata keçirməklə Belarus hakimiyyəti sərnişinlərin və heyətin təhlükəsizliyinə təhdid yaradıb”, – AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel mayın 24-də blok adından bəyanatında vurğulayıb. O, “beynəlxalq aviasiya qaydalarının hər hansı formada pozuntusunu müəyyənləşdirəcək” beynəlxalq təhqiqat aparılmasına çağırıb.

“Uçuş heyəti, sərnişinlər qorxublar”

“Ryanair” isə bildirib ki, təyyarələrindən birinin məcburən Belarus paytaxtına endirilməsi “dövlət səviyyəsində piratlıq”dır.

Mayın 24-də İrlandiyanın “Newstalk” radiosuna danışan şirkət rəhbəri Maykl Oliri uçuş heyətini durumu yaxşı idarə etdiyinə görə alqışlayıb, insidentin sərnişinlərdə və heyətdə qorxu yaratdığını söyləyib.

“Məncə, uçuş heyəti, sərnişinlər qorxublar. Onlar silahlıların nəzarətində saxlanıblar, çantaları axtarılıb, sonra isə bəlli olub ki, hakimiyyət bir jurnalisti və onunla bilikdə olan şəxsi saxlamaq istəyir”, – o vurğulayıb.

“Fikrimizcə, aeroportda Belarusun KGB təhlükəsizlik agentləri də olub”, – o deyib.

Şirkət rəhbərinin sözlərinə görə, “Ryanair” Belarusun hava məkanından uçuşla bağlı Avropa qurumlarının tövsiyəsini nəzərə alacaq.

Dublində yerləşən şirkətin bəzi uçuşları Belarus ərazisindən keçir və Polşa üzərindən keçməklə “çox cüzi dəyişiklik” etmək olar, Oliri vurğulayıb.

Latviyanın airBaltic aviaşirkəti Belarus üzərində uçuşlardan imtina edir. Bu haqda Delfi portalı ölkənin Nəqliyyat naziri Talis Linkaytsa istinadla yazır.

O, qərarı “Ryanair” təyyarəsinin Minskdə məcburi endirilməsi və Belarus güc strukturlarının NEXTA Telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviçi saxlaması ilə izah edib.

Nazir bu vəziyyəti “qeyri-adi” adlandırıb, Belarusun hava məkanında uçuşların təhlükəsizliyi ilə bağlı çoxsaylı suallar yaratdığını bildirib.

***

AB liderləri Belarusa sanksiyalar tələb edirlər

AB liderləri “Ryanair” təyyarəsini Minskdə endirib müxalifət jurnalistini saxlamış Belarusun avtoritar liderinə təcili sanksiyalara çağırıblar. Bu hadisə kommersiya təyyarəsinin dövlətin sponsorluğu ilə ələ keçirilməsi hesab olunur.

Mayın 24-də AB liderlərinin sammiti planlaşdırılır. Avropa Komissiyasının başçısı Ursula von der Leyen bloku Alyaksandr Lukaşenka rejiminə sanksiyaları sərtləşdirməyə çağırıb.

“Sanksiya tətbiq olunmalıdır”

“Belarus rejiminin azğın və qanunsuz davranışının fəsadları olacaq. #Ryanair təyyarəsinin saxlanmasına görə məsuliyyət daşıyanlara sanksiya tətbiq olunmalıdır”, – von der Leyen mayın 23-də tvitində yazıb.

Müxalifət fəalı və jurnalist Roman Protaseviçin olduğu, Afinadan Vilnüsə uçan təyyarə qəfildən yolunu dəyişərək Minskə istiqamətlənib. Protaseviç Belarusda ittiham olunduğu maddələrlə 15 il həbsə məhkum edilə bilər.

Belarusun BelTA dövlət agentliyinin yazmasına görə, Lukaşenka göyərtəsində bomba olduğu bildirilən təyyarənin Minskdə endirilməsindən ötrü havaya MiG-29 qırıcısının qalxmasına şəxsən göstəriş verib. Ancaq sonradan təyyarədə bomba tapılmadığı açıqlanıb.

Protaseviç sevgilisi ilə birlikdə polis tərəfindən təyyarədən çıxarılaraq aparılıb. “Ryanair” təyyarənin bir neçə saat Minskdə yubanandan sonra mayın 23-də Vilnüsdə eniş etdiyini açıqlayıb.

Potensial sanksiyalar

Litva Prezidenti Gitanas Nauseda Protaseviçin həbsini pisləyib, “görünməmiş hadisə” adlandırıb, “bu çirkin addımın hərəkəti”n arxasında Belarus rejiminin durduğunu deyib.

Onun sözlərinə görə, AB liderləri Brüssel sammitində Belarusun “dövlət səviyyəsində terror aktı”nı və “rejimə qarşı ciddi sanksiyaları” müzakirə edəcək.

AzadAvropa/AzadlıqRadiosu-na anonimlik şərtilə danışan AB rəsmisinin sözlərinə görə, potensial addımlar Belarus üzərindən AB uçuşlarının dayandırılması, Belarusun Belavia dövlət şirkəti uçuşlarının AB aeroportlarında enişinin yasaqlanması, Belarusdan AB-yə tranzitin dayandırılması ola bilər.

“Belarusun hava məkanı kommersiya uçuşları üçün tamamilə təhlükəsizdir, təkcə AB deyil, beynəlxalq ictimaiyyət də buna belə yanaşmalıdır. İndi isə bu alətdən Belarusun hava məkanından keçən istənilən təyyarəyə qarşı istifadə oluna bilər”, – Litvanın Xarici işlər naziri Gabrielius Landsbergis deyib.

ICAO-ya çağırış

AB liderləri Beynəlxalq Mülki aviasiya Təşkilatını (ICAO) araşdırma aparmağa çağıracaq. Qurum bu insidenti Çikaqo Konvensiyası çərçivəsində beynəlxalq hava səyahəti qaydalarının mümkün pozuntusu adlandırıb.

“Ryanair” insidentindən öncə AB Belarusa sanksiyaların dördüncü raundunu hazırlayırdı. Ötən avqustda prezident seçkisindən sonra müxalifətə divan tutulmasına görə aktivlərin dondurulması, adamlara, qurumlara viza qadağaları davam edə bilər.

Təyyarənin Minskdə məcburi endirilməsini və müxalifət fəalının saxlanmasını Polşa, Fransa, Almaniya, Britaniya, ABŞ rəsmiləri də pisləyiblər.

ABŞ-ın Belarusdakı səfiri Culi Fişer “Ryanair” insidentini Lukaşenkanın beynəlxalq ictimaiyyətə “həqarət”inin nümunəsi adlandırıb.

Dövlət katibi Entoni Blinken deyib ki, Birləşmiş Ştatlar ICAO-nun araşdırma aparmasını dəstəkləyir, AB, Litva və Yunanıstanla birlikdə reaksiyanı yaxından koordinasiya edir.

Protaseviç NEXTA Live Telegram kanalının administratoru olub. Bu kanal Belarusda prezident seçkisindən sonrakı etirazları geniş işıqlandırıb.

Belarus hakimiyyəti noyabrda Protaseviçə və həmkarı Stepan Putsilaya kütləvi işğtişaşların təşkili, ictimai asayişin pozulması, sosial nifrətin qızışdırılması ittihamları ilə təhqiqat başladıb.

XS
SM
MD
LG