Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:35

Avropa Birliyi Belarus hakimiyyətini sərt tənqid edib


Kristina Tsimanovskaya
Kristina Tsimanovskaya

Avqustun 2-də 24 yaşlı Timanovskayanın Tokionun Haneda aeroportunda qaldığı bildirilir

Avropa Birliyi Belarus hakimiyyətinin belarusli idmançı Kristina Timanovskayanı zorla Tokiodan Minskə döndərmək cəhdlərini kəskin tənqid edib.
Brüssel eyni zamanda Polşanın 24 yaşlı idmançıya hümanitar viza verməsini alqışlayıb.

“Timanovskayanı zorla geri qaytarmaq cəhdi Lukaşenko rejiminin repressiv tədbirlərinin daha bir nümunəsidir”, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Josep Borrellin mətbuat xidmətinin avqustun 2-də yaydığı məlumatda bildirilir.

Belaruslu idmançı Kristina Timanovskayanın Polşa səfirliyinə daxil olduğu xəbər verilir. Atletin avqustun 2-də Tokiodakı səfirliyə daxil olduğu, Polşadan siyasi sığınacaq istəyəcəyi xəbər verilir.

Onun durumunun həllinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Olimpiya Komitəsi yardım göstərməkdədir.

Ukrayna Daxili İşlər Nazirliyindəki mənbə isə deyib ki, Timanovskayanın həyat yoldaşı Arseniy Jdaneviç Ukraynaya gedib.

***

Belaruslu olimpiya qaçışçısı Kristina Timanovskayanın Polşadan siyasi sığınacaq istədiyi bildirilir. Ona üç ölkə – Polşa, Fransa və Çexiya Respublikası kömək təklif etmişdi.

Belarus İdman Həmrəyli Fondunun sözçüsü Alyaksandr Opeykin avqustun 2-də “Current Time”a deyib ki, Timanovskaya “salamatdır” və hazırda Tokiodadır. O, idmançının siyasi sığınacaq üçün Polşaya müraciət etdiyini söyləyib.

***

Beynəlxalq Olimpiya Komitəsi belaruslu atlet Kristina Timanovskayanın Tokioda “təhlükəsiz və salamat” olduğunu deyir.

“O bizi təhlükəsiz və salamat olmasına inandırıb. Bu səhər yenə onunla danışacaq, növbəti addımları müzakirə edəcəyik. Ona qulaq asmalı, nə istədiyini anlamalı və qərarını dəstəkləməliyik”, – BOK sözçüsü Mark Adams deyib.

BOK onu da bildirib ki, Belarus Olimpiya Komitəsindən idmançının iddialarına tam cavab istəyib.

***

Belaruslu atlet Kristina Timanovskaya avqustun 2-də Almaniya, yaxud Avstriyadan sığınacaq istəyəcək. Olimpiya qaçışçısı məşqçilərini sosial mediada tənqid edəndən sonra deyib ki, onu Tokio yarışlarından uzaqlaşdırmaq istəyirlər.

Avqustun 2-də 24 yaşlı Timanovskayanın Tokionun Haneda aeroportunda qaldığı bildirilir. O, bir gün öncə öz istəyi əleyhinə Belarusa göndərildiyini deyərək Yaponiya polisindən qoruma istəyib.

Gecəni aeroportda keçirib

Müxalifətçi atletləri dəstəkləyən Belarus İdman Həmrəyliyi Fondunun (BSSF) bildirməsinə görə, idmançı elə bu gün Almaniya, yaxud Avstriyadan sığınacaq istəyəcək.

Timanovskaya daha öncə videomüraciətində deyib ki, Belarusa qayıtmaq istəmir və Beynəlxalq Olimpiya Komitəsini (BOK) “müdaxiləyə” çağırıb.



“Mənə təzyiq göstərilir, onlar məni razılığım olmadan zorla ölkədən çıxarmağa çalışırlar”, – o vurğulayıb.

BOK avqustun 2-də bildirib ki, belaruslu olimpiya atleti ilə bağlı vəziyyəti monitorinq edir. Komitənin bəyanatına görə, üzvləri və Yaponiya rəsmiləri ötən gecə Timanovskaya ilə birbaşa danışıblar.

BOK sözçüsü Mark Adams deyib ki, idmançı ötən gecəni aeroportun otelində hakimiyyətin mühafizəsi ilə keçirib.

Dəstək

Belarus hökumətinin bir çox opponentlərini qəbul etmiş qonşu Polşa olimpiya qaçışçısına kömək təklif edib.

Xarici işlər nazirinin müavini Marcin Przidaks Twitter-də yazıb ki, Timanovskayaya “humanitar viza təklif olunub və istəsə Polşada idman karyerasını davam etdirə bilər”.

Çexiyanın Xarici işlər naziri Yakub Kulhanek Twitter-də qeyd edib ki, Belarusla bağlı vəziyyəti “qalmaqallı” sayır və “Çexiya Respublikası kömək göstərməyə hazırdır”. O da idmançıya Çexiya ərazisinə daxil olmaq üçün viza təklif edib.

Timanovskaya avqustun 2-də qadınların 200 metrlik məsafəyə qaçış üzrə yarışına qatılmalıydı. Amma atletin sözlərinə görə, məşqçiləri ona şeylərini yığışdırmağı tapşırıb və aeroporta aparıblar.

İdmançı sosial mediada yazıb ki, iyulun 29-da rəsmi bildirişdən az sonra qadınların 400 metrlik qaçış üzrə yarışına salınıb, çünki komandanın bəzi üzvlərinin yarışa bilməyəcəyi üzə çıxıb.

Belarus Olimpiya Komitəsinin bəyanatına görə, Timanovskaya həkimlərin tövsiyəsi ilə “emosional, psixoloji durumu”ndan dolayı yarışlardan uzaqlaşdırılıb.

Bundan bir neçə saat sonra Timanovskaya Yaponiya polisinin nəzarəti altında “təhlükəsiz” olduğunu bildirib.

İdmançıların etirazı

BSSF sözçüsü Aleksandr Opeykin AP-yə deyib ki, Timanovskaya Alyaksandr Lukaşenkanın avtoritar hökumətinin tərəfdarları tərəfindən hədəfə alınıb.

“Kampaniya yetərincə ciddi şəkildə aparılırdı və onun Belarusdakı həyatına təhlükə olacağı aydın görünürdü”, – o deyib.

Yanvarda Belarusun 350-dək atleti və idman icmasının başqa üzvləri açıq məktub yazaraq prezident seçkisinin nəticələrinin ləğvinə, bütün “siyasi məhbusları” azad etməyə çağırıb.

BOK ötənilki etirazlardan sonra atletlərin təzyiq, qorxutmayla bağlı şikayətlərini araşdırandan sonra Lukaşenka Tokio Olimpiya oyunlarına buraxılmayıb..

Lukaşenkanın 2020-ci ilin avqust seçkisinin qalibi elan olunması ölkədə etirazlara səbəb olub. Müxalifət seçkinin nəticələrinin ləğvini tələb edib. Minlərlə etirazçı saxlanıb. Saxlananlar onlara işgəncə verildiyini bildirib.

XS
SM
MD
LG