Frankofoniya sammitində baş verənlərə Azərbaycan Prezidenti İlham Əliyev də noyabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illiyi ilə bağlı tədbirdəki çıxışında münasibət bildirib. Vurğulayıb ki, bu yaxınlarda Frankofoniya təşkilatı çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planlaşdırılıb.
Prezidentin sözlərinə görə, orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezisləri üzərində qurulub və həqiqətə tam zidd idi: "Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq".
Prezidentin bu fikirlərinə, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Fransa rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, onlar Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə çözümünü dəstəkləyirlər.
Frankofoniya sammiti ilə bağlı XİN-dən Fransa və Ermənistana ittihamlar
Azərbaycan Fransanı Beynəlxalq Frankofoniya Təşkilatından (BFT, ingiliscə OIF) “xarici siyasət aləti” kimi istifadədə suçlayıb, qurumun qəbul etdiyi sənədləri “siyasi baxımdan qərəzli” sayacağını bildirib.
Xarici İşlər Nazirliyi (XİN) noyabrın 19-da yaydığı bəyanatda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın bir gün öncə Nazirlər iclasındakı çıxışını “provokativ” adlandırıb. Bakı həmçinin “təşkilat üzvlərinin Azərbaycana qarşı mövqeyini” tənqid edib.
Noyabrın 19-da Tunisdə ikigünlük Frankofoniya sammiti başlanıb.
Yekun mətndə hansı məsələlər yer alıb
Mirzoyan Frankofoniya məkanında böhran durumları ilə bağlı qətnamə layihəsinə istinad edərək demişdi ki, qurumun üzv ölkələri və hökumətləri “Ermənistanla həmrəylik bildirərək”, Azərbaycanla Qarabağ münaqişəsinin “sülh yoluyla həllini müəyyənləşdirən əsas problemlərini özününkü sayıb”.
Yerevan 2012-ci ildən bu qurumun üzvüdür. Mirzoyan deyib ki, bəyanatın ölkəsiylə bağlı bəndləri “çox balanslıdır, Ermənistanın böyük səy göstərdiyi kompromislərin nəticəsidir”.
Frankofoniya təşkilatının üzvü olmayan Azərbaycan bildirir ki, sənədin yekun variantındakı müəyyən elementlər “qurumun mandatına aid deyil”. Rəsmi Bakı Ermənistanın həmin elementlərdən “siyasi propaqanda üçün” istifadə edə biləcəyini bildirir. XİN Fransanı sənədin mətninin razılaşdırılması prosesində “siyasi təzyiq”dən istifadədə suçlayıb.
Paşinyanın çıxışı
Tunisin Cerba şəhərində keçirilən sammitində Fransa Prezidenti Emmanuel Makron, Avropa Şurasının Prezidenti Şarl Mişel (Charles Michel), Kanadanın Baş naziri Castin Trüdo (Justin Trudeau), digər fransızdilli ölkələrin liderləri iştirak edib.
Sammitdə çıxışında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycan tərəfindən “işğal olunduğunu” deyib. O iddia edib ki, Bakı BMT Xartiyasının fundamental prinsiplərini, xüsusilə də heç bir ölkənin ərazi bütövlüyünə qarşı gücdən istifadə olunmaması prinsipini pozub.
Paşinyan Ermənistanın “Azərbaycanla sülh sazişinin əldə olunması prosesinə, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə” sadiqliyini vurğulayıb.
Müdaxilə ittihamları
Yerevan bildirir ki, 2021-ci ilin mayından başlayaraq bir neçə müdaxilə nəticəsində Azərbaycan Ermənistanın onlarla kvadrat kilometr suveren ərazisini tutub. Bakı isə ittihamları rədd edir, sərhədin delimitasiya olunmadığını əsas gətirir.
Tərəflər arasında sentyabrın ortasında baş vermiş sərhəd toqquşmalarında 300-dək hərbçi həlak olub. Bu, 2020-ci ilin 44 günlük müharibəsindən bəri ən çox ölümlə nəticələnmiş toqquşma idi.
Həmin müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.