Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:56

Azərbaycanda ipoteka ən çox kimlərə verilir?


Bakı, ümumi görüntü, 9 iyun 2015
Bakı, ümumi görüntü, 9 iyun 2015

Sadə suala suallı cavab

Ev çatışmazlığı Azərbaycanda əhalinin ən çox əziyyət çəkdiyi məsələlərdən biridir. Ölkədə daşınmaz əmlak qiymətləri əhalinin böyük hissəsinin gəlirinə uyğun deyil. Elə bu üzdən bir çoxları uzun illər kirayədə yaşamağa məcbur qalır.

Dünyanın bir çox ölkəsində hökumətlər insanların ev problemini çözməkdən ötrü müxtəlif mexanizmlərdən faydalanırlar. Bunların arasında ən çox yayılan ipoteka kreditləridir.

Ancaq Dövlət İpoteka Fondunun ötən ilin yekunlarına dair açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanda ipoteka kreditləri də əhalinin yalnız kiçik bir bölümünün mənzil problemini çözə bilir.

Ölkədə ipoteka kreditlərinin verilməsinə 2006-cı ildə başlanılıb. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) “İnterfaks-Azərbaycan”a verdiyi bilgiyə görə, o vaxtdan 2023-cü ilədək Azərbaycanda toplam 42 min 273 ipoteka krediti verilib. Deməli, fond fəaliyyətdə olduğu müddətdə hər il ortalama 2 min 500 ipoteka krediti verib. Bu, ölkə əhalisinin hər il daşınmaz əmlaka yaranan tələbatının çox cüzi hissəsi deməkdir.

17 il içində verilən ipoteka kreditlərinin toplam həcmi 2 milyard 416 milyon manatdır. Bunun 31 faizi, yəni 753 milyon manatı güzəştli şərtlərlə verilən ipoteka kreditləridir.

Tələb çox, ipoteka alan az

Ev almaq istəyənlərin çox, verilən ipotekaların az olmasının əsas səbəbi ölkədə hər il belə kreditləşməyə ayrılan vəsaitin az olmasıdır. Məsələn, bu ilin dövlət büdcəsində ipoteka kreditləşməsi məqsədi ilə 87 milyon 700 min manat ayrılıb.

Fondun direktoru bir müddət öncə mediaya açıqlamasında bildirmişdi ki, hazırda fond yalnız manatla olan qiymətli kağızlarla vəsait cəlb edir, çünki vəsait xarici valyutada cəlb edilərsə, Fond gələcəkdə açıq valyuta mövqeyi riski ilə üzləşə bilər.

İpoteka kreditləşməsi uzunmüddətli olduğundan, xarici valyutada vəsaitin cəlb edilməsinin valyuta riskləri doğura biləcəyi riski çox yüksəkdir. Digər tərəfdən, ölkədə maliyyə bazarının səviyyəsi məhdud olduğundan, fond buradan da qiymətli kağızlarla tələbi tam qarşılaya biləcək qədər vəsait cəlb edə bilmir.

Vəsaitin limitli olması üzündən, ipoteka almaq üçün tələb edilən şərtlər, əsasən, ödəmə qabiliyyəti yüksək şəxslərə bu fürsətdən yararlanmaq imkanı verir. Elə Fondun açıqladığı rəqəmlər də bunu təsdiqləyir.

Açıqlanan göstəricilərdən aydın olur ki, ipoteka əldə edənlərin 62 faizinin aylıq gəliri 1 min 100 manatdan yüksək olub. Ötən ilin sonuna ölkədə orta aylıq əməkhaqqı 840 manat civarında olmuşdusa, demək, ipoteka əldə edənlərin böyük hissəsinin gəliri ölkə üzrə orta göstəricidən, ən azı, 40 faiz yüksəkdir.

Üstəlik, ötən il Azərbaycanda mediada əməkhaqqının 410 manat olduğu da açıqlanmışdı. Bu baxımdan, aydın olur ki, Azərbaycanda əhalinin böyük hissəsinin gəlirləri nəinki ipoteka almağa, heç bu haqda düşünməyə də imkan vermir.

Bu da var ki, Azərbaycanda nisbətən yüksək əməkhaqqı alanlar da asanlıqla ipoteka ala bilmirlər. Çətinlik doğuran başlıca amil ilkin ödənişin miqdarıdır. İndi ölkədəki bankların çoxu adi ipoteka kreditlərinə 30 faiz, güzəştli ipoteka kreditlərinə isə, əsasən, 20-30 faiz aralığında ilkin ödəniş istəyir. Bu vəsaiti toplamaq vətəndaşlara illərlə yığım etmək zərurəti yaradır.

İpoteka kreditlərinin 92 faizi Abşeron yarımadasında verilib

İndiyədək verilmiş ipoteka krediti ilə bağlı göstəricilər bu mexanizmdən regionlarda yaşayanların daha az yararlandığını üzə çıxarır.

Bu vaxtadək verilən ipoteka kreditlərinin 78.4 faizi Bakı şəhərinin payına düşür. Ölkədə verilmiş 42 min 273 ipotekadan 33 min 141-i məhz Bakıdakı evlərlə bağlıdır. İkinci ən çox ipoteka verilən şəhər Sumqayıtdır (3 min 302) İpoteka ilə ən çox evin satıldığı yersə Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhəridir (3 min 194).

Beləcə, bəlli olur ki, indiyədək Azərbaycanda ayrılan ipoteka kreditlərinin 94 faizi Abşeron yarımadasında, 6 faizi ölkənin digər bütün bölgələrində verilib. Abşeron yarımadasından kənarda verilən kreditlərin də 1 min 186-ı Gəncədə, 481-i Naxçıvanda verilib.

İndiyədək Azərbaycanda ipoteka ilə alınan evlərin ən böyük hissəsi (35 faizi) 30-60 min manatlıq evlər olub. Evlərin daha 34 faizi 60-90 min manata satılıb. İpoteka ilə satılan mənzillərin cəmi 16 faizinin qiyməti 120 min manatdan çox olub.

Daha 14 faizlik pay 90-120 min manat arasında satılan evlərlə bağlıdır. İpoteka kreditlərinin 35 faizi 60 kvadratmetrədək, 29 faizi 61-80 kvadratmetrlik, 14 faizi 81-100 kvadratmetrlik sahəsi olan mənzillərin alışı üçün verilib.

İpoteka ilə satılan evlərin 93 faizi çoxmənzilli binalarda yerləşib. Evlərin cəmi 7 faizi fərdi evlərdir.

Daha bir diqqətçəkən məqam ipoteka alanların 80 faizinin kişi olmasıdır. Üstəlik, ipoteka alanlaırn 69 faizi evli şəxslərdir.

Bütün ipoteka kreditlərinin 34.3 faizi 18-29 yaşlı şəxslərə, 33.8 faizi 30-35 yaşlı şəxslərə, 30 faizi 35 yaşdan yuxarı şəxslərə verilib.

XS
SM
MD
LG