Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:38

Müdafiə Nazirliyinin generalı 20 milyon yeyinti ittihamına etiraz edir: 'O qədər ola bilməz...'


Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Azərbaycan əsgəri nə yeyib-içir?

Müdafiə Nazirliyi (MN) sistemində on milyonlarla manat yeyintiyə dair bağlı cinayət işində həbs olunanlardan biri də Fikrət Mirzəyevdir. O, uzun müddət nazirliyin Mənzil İstismar İdarəsinə rəhbərlik edib. Bu cinayət işi çərçivəsində həbs olunan bir sıra başqa MN vəzifəlisi kimi, o da Bakı Hərbi Məhkəməsində mühakimə edilir. Onların məhkəməsi ayrı-ayrılıqda keçirilir.

MN-dəki yeyintilərlə bağlı araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində vahid cinayət işi üzrə aparılıb. Məsuliyyətə cəlb olunanların işləri məhkəməyə göndərildikcə ümumi cinayət işindən də ayrı-ayrı işlər ayrılıb. O cümlədən Mənzil İstismar İdarəsi ilə bağlı yeyinti iddiaları da F.Mirzəyev haqqında cinayət işinin materiallarında məhkəməyə göndərilib.

Bu cinayət işində təmir-tikinti məsələlərində qiymətlərin şişirdilməsi yolu ilə 3 milyon 380 min manatlıq yeyintidən söz gedir. Özünü qismən təqsirli bildiyini deyən F.Mirzəyev həmin rəqəmlə razı deyil. Onun sözlərinə görə, 111 min manat ziyan vurub, bunu da istintaq dövründə ödəyib.

"Fikrət müəllim özü də cibxərcliyi verirdi"

F.Mirzəyevin vəkili İntiqam Hacıyev məhkəmənin qapalı keçirilməsini istəyir. İddia edir ki, bu işdə dindirilən şəxslərin ifadələrində dövlət sirri sayılan bilgilər ola bilər. Di gəl, nə prokuror, nə də hakimlər məhkəməni qapalı keçirmək məsələsində vəkilin fikri ilə razılaşıb.

Məhkəmədə vaxtilə F.Mirzəyevin tabeliyində çalışmış Rəhim Laçınov şahid kimi dindirilib. O, nazirliyin Mənzil İstismar İdarəsinin Əsaslı təmir bölməsinin rəisi olub.

R.Laçınovun sözlərinə görə, iş gördürmək, avadanlıq almaq üçün müqavilə bağlanmış şirkətlərə pulların artıq ödənilmiş hissəsini sonradan geri almaqdan ötrü bəzən onu göndərirdilər. Deyir ki, idarənin rəisi, hazırda təqsirləndirilən şəxs olan F.Mirzəyevin özünün işi olanda o gedir, pulu alıb gətirir, rəisə verirdi.

R.Laçınov sonradan o pulların hansı istiqamətdə getdiyini dəqiq bilmədiyini söyləyir. Amma, onun sözlərinə görə, eşitmişdi ki, gətirib rəisə verdiyi pullardan ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıxova, nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova (o da hazırda həbsdədir-red.) da çatır.

Keçmiş bölmə rəisi qiymət şişirtməsi nəticəsində şirkətlərdən gələn pullardan konkret kimə nə qədər çatdığını bilmədiyini söyləyir. Özünə gəlincə, deyir ki, ona heç nə çatmırmış: "Şirkət rəhbərləri qonaqlıq, Fikrət müəllim özü də cibxərcliyi verirdi...".

Burası da var ki, o, istintaqdakı ifadəsində şirkətlərdən geri qayıdan pulların nə qədərinin Baş Qərargah rəisinə çatdığını, nə qədərinin də N.Məmmədovla F.Mirzəyev arasında bölündüyünü söyləyib.

R.Laçınov deyir ki, istintaqda söylədiklərini keçmiş rəisinin ifadəsinə uyğunlaşdırdığından elə ifadə verib. Polkovnik Mirzəyev sabiq işçisinin dediklərinə etiraz edib: "Bu adam məndən əvvəl dindirilib, dediklərini mənim ifadəmə necə uyğunlaşdıra bilərdi?".

"Özlərinin büdcəsi vardı… özləri biliblər ki, nə iş görürlər"

MN-in Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, hazırda məhkəməsi gedən general Nizami Məmmədov da bu məhkəmədə şahid kimi dindirilib. General Mənzil-İstismar İdarəsindən ona pul çatması haqda ittihamları yalanlayıb: "Mənzil-İstismar Sahəsi Müdafiə Nazirliyinin tabeliyində olsa da, sanki ayrıca bir qurum kimi fəaliyyət göstərirdi. Hətta Maliyyə Nazirliyi də onlara birbaşa vəsait ayırırdı, bizim idarədən asılı olmadan. Özlərinin büdcəsi vardı. Özləri biliblər ki, nə iş görüblər, hansı şirkətə nə sifariş veriblər, nə alıblar...".

İddia olunur ki, F.Mirzəyev bir neçə dəfə general N.Məmmədova 369 min manat pul verib.

General Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanovun öz məhkəməsində səsləndirdiyi 20 milyonluq ittihama da toxunub. M.Qurbanov demişdi ki, MN-in tabeliyindəki qurumlar üçün ərzaq, avadanlıq alışında qiymət şişirtməsi nəticəsində beş il ərzində əldə olunan təxminən 20 milyon manatı iş otağında ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıxova verib. Ancaq N.Məmmədov bu rəqəmi inandırıcı saymır. O, məhkəmədə bildirib ki, məbləğ bundan dəfələrlə az ola bilər: "20 milyon ola bilməz...".

Polkovnik F.Mirzəyev təsdiqləyir ki, Maliyyə Nazirliyi birbaşa onun rəhbərlik etdiyi idarəyə vəsait ayırırmış. Ancaq bu, 2019-cu ildən sonra belə olub. O vaxtadəksə nazirliyin Maliyyə və Büdcə İdarəsinə tabe idilər.

MN-in keçmiş vəzifəlilərinə qarşı milyonlarla manat maliyyə yeyintisi ittihamı ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Adları çəkilən şəxslər də daxil, nazirliyin bir sıra yüksək vəzifəliləri ötən ilin əvvəlində DTX-nın keçirdiyi əməliyyatlar nəticəsində həbs olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Bütövlükdə söhbət 143 milyon manatlıq yeyintidən gedir. Məsələn, MN-in tabeliyindəki qurumların ərzaqla təminatına dair müqavilələrdə təkcə "Azersun"la əməkdaşlıq nəticəsində beş il ərzində 20 milyon manat yeyinti olduğu iddia edilir.
Həbs olunanlar özlərini qismən təqsirli bilir, ancaq rəqəmlərin şişirdildiyini, bəzi ittihamların onlara aidiyyəti olmadığını deyirlər.

XS
SM
MD
LG