Ermənistan Azərbaycana gələcəkdə heç bir ərazi iddialarının olmayacağına dair yazılı qaydada rəsmi qarantiyalar verməyə hazırdır.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyan deyib.
Azərbaycan prezidenti İlham Əliyev dekabrın əvvəllərində Yerevandan məhz belə qarantiyalar istəmiş və demişdi ki, sülh müqaviləsi iki ölkə arasında müharibənin qarşısını almaq üçün kifayət etməyəcək.
Azatutyun yazır ki, Əliyev erməni “revanşizminin” qarşısının alınması üçün onu necə bir qarantiyaların qane edəcəyini bildirməmişdi.
Paşinyanın dediklərindən məlum olur ki, o sülh müqaviləsində Ermənistanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması müqabilində Azərbaycana sözü gedən qarantiyaları verməyə hazırdır.
Problemli preambul
Baş nazir Vayotzor vilayətində öz partiyasının vəzifəliləri qarşısında etdiyi çıxışında belə deyib:
“Biz Azərbaycandan qarantiyalar gözləyirik ki, sətir arasında Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları üçün heç bir zəmin saxlanmasın. Biz belə qarantiyalar istəyirik. Amma mən deməliyəm ki, biz də belə qarantiyaları verməyə hazırıq. Bu qarşılıqlı hərəkət olmalıdır. Bu bizim üçün və ya onlar üçün birtərəfli akt ola bilməz”.
Bundan bir gün əvvəl Paşinyan “yeni geosiyasi” şəraitdə Ermənistana yeni konstitusiya lazım olmasına dair bəyanat vermişdi.
Azatutyunun yazdığına görə belə görünür ki, Paşinyan 1995-ci ildə qəbul edilmiş konstitusiyanın preambulundan xilas olmaq istəyir.
Preambulda Ermənistanın 1990-cı ildə qəbul etdiyi müstəqillik bəyannaməsinə istinad edilir. Bu sənəddə isə öz növbəsində Sovet Ermənistanı və ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin qanunvericilik orqanlarının iki ərazinin birləşdirilməsinə dair qərarı yer alıb.
Preambulda həm də ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında qətliyamının beynəlxalq aləmdə “soyqırım” kimi tanınmasına çağırış edilir.
Müxalifət yeni konstitusiyanı niyə istəmir?
Paşinyan ötən həftə bu bəyanatı verəndə keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından beş deputat konstitusiyanın dəyişdirilməsi təklifini pisləyən birgə bəyanat qəbul etmişdilər.
Bəyanatda deyilirdi ki, Paşinyan konstitusiyanı dəyişdirməklə öz məqsədlərini həyata keçirmək istəyir:
“Paşinyan Üçüncü Ermənistan Respublikasının sütunlarından biri üzərinə hücuma hazırlaşır ki, ardı-arası kəsilməyən Türkiyə-Azərbaycan tələblərindən daha birini qəbul edə bilsin”.
Beş deputatdan biri olan Kristine Vartanyan isə soruşurdu:
“Ermənistanın yeni konstitusiyası ondan daha hansı ərazi dəyişikliyi tələb edəcək? Ən böyük dəyişiklik Azərbaycanın Artsax (Qarabağ-red) üzərində nəzarətinin bərpa olunmasıdır. Paşinyan bizə açıq şəkildə deyir ki, bizim konstitusiyamız bu reallığı əks etdirməlidir”.
Azatutyun xatırladır ki, Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini hələ Bakı bu bölgə üzərində nəzarətini bərpa etmədiyi vaxtlarda tanımışdı.
Ermənistan müxalifəti bildirirdi ki, Paşinyanın məhz bu addımı Qarabağ üzərinə hücum üçün Azərbaycanın yolunu açıb.
Əliyevin tələbləri, Paşinyanın ümidi
Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsi danışıqlarında müəyyən “geriləmənin” olduğunu demişdi.
Azatutyun yazır ki, Azərbaycan prezidenti bu ayın əvvəllərində Ermənistan ərazisində Yerevanın nəzarətində olmayan dəhlizin açılmasını və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 8 kəndindən çıxmasını tələb edib, habelə deyib ki, o iki ölkə arasındakı sərhədin delimitasiyası üçün sovet dövrünün ən son xəritələrindən istifadəni məqbul saymır.
Paşinyan yanvarın 13-də demişdi ki, Əliyevin tələbləri Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndirilə bilər.
O Bakını sülh müqaviləsinin imzalanması perspektivlərini sarsıtmaqda ittiham etmişdi.
Lakin baş nazir bir neçə gündən sonra ümid etdiyini bildirmişdi ki, Azərbaycan Ermənistanla sülhə sadiq qalacaq.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.